| 
						 
						
						Təhsil Nazirliyinin "Ümumtəhsil məktəblərində "Şahmat" 
						fənninin tədrisi barədə" 29 dekabr 2011-ci il tarixli, 
						2198 nömrəli əmrinə uyğun olaraq, 2012-ci ilin yanvar 
						ayından başlayaraq hər rayon və şəhərdən seçilmiş bir 
						ümumtəhsil məktəbinin 2-ci siniflərində "Şahmat" 
						fənninin tədrisinə başlanmışdır. Bununla əlaqədar 
						müvafiq tədris planı və proqram, həmçinin "Şahmat - 2" 
						adlı dərs vəsaiti hazırlanmış, fənni tədris edəcək 
						müəllimlər üçün təlim kursları keçirilmişdir. 
						 
						
						
						Ötən müddət ərzində aparılan müşahidə və təhlillər 
						göstərmişdir ki, "Şahmat" fənninin tədrisi şagirdlərin 
						böyük marağına səbəb olmaqla onların idraki fəallığını 
						xeyli artırmış, düşünmə qabiliyyətlərini gücləndirmişdir. 
						Bütün bunların nəticəsində şagirdlərin digər fənlərdən 
						təlim göstəriciləri də nəzərəçarpacaq dərəcədə 
						yüksəlmişdir. Fənnin tədrisi sahəsində qazanılan uğurlar 
						şahmat təliminin növbəti siniflərdə də davam 
						etdirilməsinə və pilot məktəblər şəbəkəsinin 
						genişləndirilməsinə etibarlı zəmin yaradır.  
						
						
						Qeyd olunanları və şagirdlərin intellektual səviyyəsinin 
						yüksəlməsində  "Şahmat" fənninin tədrisinin əhəmiyyətli 
						rolunu nəzərə alaraq  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. 2012-2013-cü dərs ilində "Şahmat" fənni tədris edilən 
						pilot ümumtəhsil məktəblərinin şəbəkəsinin 
						genişləndirilməsi məqsədəuyğun hesab olunsun. 
						
						
						2. 2012-2013-cü dərs ilində müəyyən olunmuş müvafiq 
						pilot ümumtəhsil məktəblərinin II siniflərində "Şahmat" 
						fənni tədris edilsin.  
						
						
						3. "Şahmat" fənninin tədrisinə 2012-ci ilin yanvar 
						ayından başlanmış pilot ümumtəhsil məktəblərində həmin 
						fənn III siniflərdə davam etdirilsin.  
						
						
						4. "Şahmat" fənni II və III siniflərdə dərsdənkənar 
						məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil 
						edilməklə həftədə bir saat tədris olunsun. 
						
						
						5. II və III siniflər üzrə "Şahmat" fənninin tədris 
						planı və proqramı, pilot məktəblərin və həmin fənn üzrə 
						müəllimlərin siyahıları təsdiq edilsin (əlavə olunur). 
						
						
						6. Pilot məktəblərin fənn üzrə müvafiq avadanlıq və 
						ləvazimatlarla təminatı yerli təhsil orqanlarına həvalə 
						edilsin. 
						
						
						7. Strateji təhlil, planlaşdırma və kadrların 
						idarəolunması şöbəsi (F.Qədirov), Tərbiyə və 
						məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) "Şahmat" 
						fənnini tədris edəcək müəllimlər üçün cari ilin 
						avqust-sentyabr aylarında təlim kursu təşkil etsinlər. 
						
						
						8. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) təsdiq 
						olunmuş tədris proqramına uyğun hazırlanmış dərs 
						vəsaitinə qrif verilməsini təmin etsin. 
						
						
						9. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müvafiq dərs 
						vəsaitinin hazırlanması, çapı və təlim kurslarının 
						təşkili ilə bağlı tədbirlərin maliyyələşdirilməsini 
						təmin etsin. 
						
						
						10.  Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), 
						Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması 
						şöbəsi (F.Qədirov), Tərbiyə və məktəbdənkənar 
						müəssisələrlə iş şöbəsi (A.İbrahimov) "Şahmat" fənninin 
						tədrisi ilə bağlı yerli təhsil orqanlarına köməklik 
						göstərsinlər, dərs ili ərzində seçmə yolla müəyyən 
						olunmuş pilot məktəblərində fənnin tədrisi vəziyyətini 
						öyrənib təkliflər hazırlasınlar. 
						
						
						11. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan 
						müəllimi" qəzetində dərc olunmasını və əlavələrlə 
						birlikdə nazirliyin İnternet səhifəsində 
						yerləşdirilməsini təmin etsin. 
						
						
						12. Ümumi şöbə (X.Fərəcov) bu əmri əlavələrlə birlikdə 
						çoxaldıb yerlərə göndərsin. 
						
						
						13. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.   
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						
						
						3 iyul 2012-ci il  |