| 
						 
						
						Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 
						2012-ci il tarixli 208 S nömrəli sərəncamını elan 
						edirəm:  
						
						
						
						"Azərbaycan Respublikasının Nazirlər Kabineti  
						
						
						
						SƏRƏNCAM  
						
						
						
						№ 
						208 S  
						
						
						
						Bakı şəhəri, 3 avqust 2012-ci il  
						
						
						"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 
						tətbiq edilməsi barədə" Azərbaycan Respublikası 
						Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli 
						Fərmanının 2.2-ci bəndinə əsasən, Azərbaycan 
						Respublikası Təhsil Nazirliyinin və Azərbaycan 
						Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 
						təkliflərini nəzərə alaraq: 
						
						
						1. 2012/2013-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili 
						müəssisələrinə şagird qəbulu planı Azərbaycan 
						Respublikasının Təhsil Nazirliyi üzrə 20380 yer, 
						Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi üzrə 400 yer təsdiq edilsin (əlavə olunur). 
						
						
						2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.  
						
						
						
						Azərbaycan Respublikasının  
						Baş naziri Artur Rasi-zadə"  
						
						
						Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 
						göstərilən sərəncamının icrası ilə əlaqədar  
						
						
						
						ƏMR EDİRƏM:  
						
						
						1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 
						avqust 2012-ci il tarixli, 208 S nömrəli sərəncamı 
						rəhbərlik və icra üçün qəbul edilsin. 
						
						
						2. 2012-ci il üçün ayrı-ayrı ilk peşə-ixtisas təhsili 
						müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 20380 
						nəfər, o cümlədən dövlət vəsaiti hesabına 17660 nəfər, 
						ödənişli əsaslarla 2720 nəfər, buraxılış planı 13238 
						nəfər, o cümlədən ödənişli əsaslarla 1950 nəfər olmaqla 
						təsdiq edilsin. 
						
						
						3. Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa 
						şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə 
						məktəblərinə (24, 126, 144, 72 nömrəli texniki peşə 
						məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin 
						fəaliyyəti tam bərpa olunduqdan sonra baxılsın. 
						
						
						4. Texniki peşə təhsili şöbəsi (N.Məmmədov), 
						İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ixtisaslar üzrə təsdiq 
						edilmiş şagird qəbulu planı daxilində nazirliyin 
						tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinə 
						2012/2013-cü tədris ili üçün şagird qəbulu planının 
						layihəsinin 15 iş günü müddətinə hazırlanmasını və 
						təsdiq üçün nazirliyin rəhbərliyinə təqdim olunmasını 
						təmin etsinlər. 
						
						
						5. Peşələr üzrə şagird qəbulu planında dəyişiklik 
						edilməsi zərurəti yarandıqda bu məsələ təsdiq edilmiş 
						ümumi qəbul planı daxilində həll edilsin. 
						
						
						6. Aidiyyəti ilk peşə-ixtisas təhsili müəssisələrinin 
						rəhbərlərinə tapşırılsın: 
						
						
						6.1. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd 
						qəbulu avqust ayının 15-dən 31-dək həyata keçirilsin. 
						
						
						6.2. Şagird qəbulu planının sentyabr ayının 1-dən 10-na 
						qədər yerinə yetirilməsini təmin etsinlər. 
						
						
						6.3. Şagird qəbulu və buraxılışına dair statistik 
						hesabatları müəyyən edilmiş müddətlərdə nazirliyə təqdim 
						etsinlər. 
						
						
						7. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı 
						Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi 
						və digər bütün rayon (şəhər) təhsil şöbələri ilk 
						peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə 
						bağlı lazımi köməklik göstərsinlər.  
						
						
						8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin 
						"Azərbaycan müəllimi" qəzetində və "Sənətkar" jurnalında 
						dərc edilməsini təmin etsin. 
						
						
						9. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.  
						
						
						
						Misir MƏRDANOV, 
						Azərbaycan Respublikasının təhsil naziri 
						9 avqust 2012-ci il  |