| 
						 
						
						Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 327 nömrəli tam 
						orta məktəbdə ən müasir texnologiyaların istifadəsi ilə 
						smart sinif yaradılmışdır. Bu dərs ilinin əvvəlində 
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
						iştirakı ilə istifadəyə verilmiş yeni məktəbdə 
						yaradılmış smart sinif Koreya Respublikasının elektron 
						təhsil sistemi sahəsində dünya liderlərindən biri olan 
						"AHA" və Azərbaycanın ULTRA şirkətləri tərəfindən 
						quraşdırılmışdır.  
						
						
						Smart sinif otağında quraşdırılmış simsiz şəbəkə, 
						rəqəmsal podium, interaktiv smart LCD, planşet kompüter 
						və s. avadanlıqlar kompleks şəkildə istənilən fənn üzrə 
						interaktiv tədrisə imkan yaradır. Smart sinif 
						konsepsiyası çərçivəsində tətbiq olunan texnologiyalar 
						tədris prosesini gücləndirir, fərdi və komanda 
						tərkibində XXI əsr bacarıqlarını daha effektiv nümayiş 
						etdirməyə imkan verir.  
						
						
						Sinifdə quraşdırılmış interaktiv smart LCD yüksək 
						keyfiyyətli təsviri, həmçinin optik sensor sistemi 
						ekrana toxunmaqla rahat iş rejimini təmin edir, ekranda 
						(lövhədə) işlənmiş məlumatların elektron 
						arxivləşdirilməsi imkanı yaradır. Simsiz şəbəkə 
						İnternetə və yerli şəbəkəyə asan qoşulmaqla bir şagirdin 
						ekranı ilə digər şagirdlərin ekranlarının 
						sinxronizasiyası, yəni mübadiləsi, həmçinin müəllimin 
						ekranının translyasiyasını təmin edir. Xüsusi daxiletmə 
						qurğuları, sensorlu ekran və multimedia fayllarını emal 
						etmə xüsusiyyətinə malik simsiz şəbəkəyə qoşulmuş 
						planşetlər hər bir şagirdin məlumat mənbələrinin 
						müxtəlifliyini, informasiya mübadiləsi və birgə iş 
						prinsipini təmin edir. Smart sinif otağının məsafədən 
						idarəetmə funksiyası müəllimlərə məsafədən dərslərin 
						keçilməsinə və şagirdlərin dərslərdə virtual iştirakına 
						da imkan verir. Smart sinif otağının idarəetmə mərkəzi 
						müəllimin ixtiyarında qalmaqla hər bir şagirdin 
						qeyri-təhsil məqsədli fəaliyyətləri mütəmadi nəzarətdə 
						saxlanılır. Bundan əlavə, sistemin dəyişikliklər üçün 
						açıq olması istənilən vaxt tədris materiallarını 
						yeniləmək, sistemi günün tələblərinə uyğunlaşdırmaq və 
						redaktə etmək imkanı verir. 
						
						
						
						Y.ƏLİYEV  |