| 
						 
						
						 Sentyabrın 
						28-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin 
						(MDU) əsas binasındakı akt zalında universitetin Rusiya 
						Elmlər Akademiyası (REA) tarix-filologiya elmləri 
						bölməsi ilə birlikdə hazırladığı "Qədim Rus Dövlətindən 
						Rusiya Federasiyasına qədər: Rusiya dövlətçiliyinin 
						tarixi" mövzusunda ikigünlük Beynəlxalq elmi konfrans 
						açılmışdır. Konfrans Rusiya tarixi ili və Rusiya 
						dövlətçiliyinin 1150 illiyi münasibətilə təşkil 
						olunmuşdur.  
						
						
						Konfransda Rusiyanın, yaxın və uzaq xaricin elmi 
						elitasının nümayəndələri, humanitar elmlər sahəsində 
						tanınmış mütəxəssislər, federal hakimiyyət orqanlarının, 
						ictimai təşkilatların təmsilçiləri iştirak etmişlər. 
						Konfransın işində MDU-nun Bakı filialının rektoru, 
						filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva 
						iştirak etmişdir.  
						
						
						MDU-nun rektoru, REA-nın vitse-prezidenti, akademik 
						Viktor Sadovniçi tədbiri açaraq elmi konfransın 
						keçirilməsinin məqsədlərindən danışmışdır. O 
						vurğulamışdır ki, konfrans Rusiyanın tarixi yolunun elmi 
						şəkildə dərk olunmasına, ictimaiyyətin diqqətinin Rusiya 
						tarixinə və Rusiyanın dünya tarixi prosesində roluna 
						cəlb edilməsinə, Rusiya dövlətçiliyinin bundan sonra da 
						möhkəmləndirilməsinə kömək etmək məqsədilə təşkil 
						olunmuşdur.  
						
						
						 Dövlət 
						Dumasının və Rusiya Tarix Cəmiyyətinin sədri Sergey 
						Narışkin konfransın açılışında çıxış edərək Rusiya 
						dövlətçiliyinin yaranmasının mühüm mərhələlərindən, 
						tarixi təcrübənin və ənənələrin öyrənilməsi və inkişaf 
						etdirilməsinin zəruriliyindən danışmışdır. O, bu işdə 
						parlamentin rolunu xüsusi vurğulayaraq bildirmişdir ki, 
						parlament öz işində yerli təcrübəyə əsaslanmalıdır. 
						S.Narışkin demişdir: "Yalnız hüquqi dövlət səmərəli 
						inkişafı və layiqli gələcəyi təmin edir".  
						
						
						Moskvanın və bütün Rusiyanın patriarxı Kirill elmi 
						konfransın keçirilməsini yüksək qiymətləndirərək 
						dövlətçiliyin əsaslarının inkişafının və 
						möhkəmləndirilməsinin müxtəlif cəhətlərinə toxunmuşdur. 
						O, MDU-nun fəaliyyətini yüksək qiymətləndirərək 
						bildirmişdir ki, bu ali məktəb əsl elm, təhsil və 
						intellekt mərkəzidir. Elmin müxtəlif sahələrində əldə 
						olunan bir çox nailiyyətlər məhz bu universitetin adı 
						ilə bağlıdır.  
						
						
						Universitetin rektoru Viktor Sadovniçi MDU-nun Bakı 
						filialının rektoru, professor Nərgiz Paşayevaya söz 
						verməzdən əvvəl bildirmişdir ki, bir neçə gün öncə 
						Azərbaycan Prezidenti İlham Əliyev və Nərgiz Paşayeva 
						ilə birlikdə Bakıda universitetin yaraşıqlı yeni 
						kampusunu açmışdır və bu, çox əhəmiyyətli hadisədir.
						 
						
						
						Professor Nərgiz Paşayeva "Postsovet məkanında humanitar 
						əməkdaşlıq" mövzusunda məruzə ilə çıxış etmiş, 
						dövlətçilik və humanitar sahədə qarşılıqlı fəaliyyət 
						məsələləri üzərində ətraflı dayanmışdır. Onun fikrincə, 
						postsovet adlandırılan məkan mürəkkəb yol keçmişdir. 
						Orada çoxlu müxtəlif xarakterli qara ləkələr olmuşdur. 
						Lakin bu məkandakı insanları həmişə yetərincə möhkəm 
						sosial-əxlaqi, mənəvi sistemlər, elm, təhsil, incəsənət, 
						ədəbiyyat və hətta oxşar məişət, "başqa sözlə, sivil 
						cəmiyyətin, humanizmin, vətəndaş münasibətlərinin 
						sarsılmaz prinsipləri" birləşdirmişdir. N.Paşayeva 
						xüsusi vurğulamışdır ki, o vaxtlar bu əlaqələr 
						olmasaydı, indi biz yanaşı, birlikdə və bir-birimiz üçün 
						yenidən anlaşıqlı ola bilməzdik. Halbuki indi biz, 
						nəhayət, layiq olduğumuz müstəqil, öz lokal və qlobal 
						problemləri olan məkana malik xoşbəxt insanlarıq. 
						N.Paşayeva demişdir: "Eyni zamanda, biz rahatlıqdan və 
						azadlıqdan məhrum, sadə birgə həyatımızı da unutmuruq. 
						O, bizə heç də az cazibədar görünmür. Bu paralel 
						ziddiyyətlərin əsasını nə təşkil edir? Bu halda paralel 
						qarşılıqlı tamamlama mümkündürmü, yaxud bu, yalnız 
						tarixi proseslərin gedişidir? Düşünürəm ki, bu mürəkkəb 
						sistemin təməlində Rusiya dövlətinin özü, onun dərin və 
						güclü kökləri durur. İstənilən tarixin, istənilən 
						dövlətin öyrənilməsinin dəqiq və yeganə düzgün 
						konseptləri olmur".  
						
						
						Professor bildirmişdir ki, Rusiya böyük ölkədir, Şərq və 
						Qərb sivilizasiyalarının birləşməsində ənənəvi olaraq 
						mühüm rol oynamış dahi insanlar, dahi ideyalar 
						ölkəsidir. O demişdir: "Bir çox tədqiqatçılar və 
						tarixçilər bəzi tarixi reallıqların və faktların 
						yetərincə qiymətləndirilməməsi, bəzilərinin isə 
						həddindən artıq dəyərləndirilməsi üzərində baş 
						sındırmışlar və bundan sonra da düşünəcəklər. Şübhəsiz 
						ki, hər şeyi birdən müəyyənləşdirmək çətindir, başlıcası 
						qiymətləndirmə zamanı aşkar səhvlərə yol verməməkdir. 
						Qədim filosoflardan biri demişdir: "Dövlətlər yaxşı 
						insanları pislərdən ayıra bilməyəndə məhv olurlar". Biz 
						bu qədim fikri Sovet İttifaqının süqutuna da aid edə 
						bilərik. Rusiyanın müasir dünyada bugünkü rolu və 
						əhəmiyyəti o qədər aşkardır ki, dünyada Rusiyanın 
						iştirak etmədiyi heç bir ciddi siyasi proses yoxdur. 
						Hazırda Rusiya dövləti yeni keyfiyyət qazanır, müasir 
						dövrə yeni həssaslıqla yanaşır. Bu isə ona qüdrətli 
						dövlət potensialı əldə etmək imkanı verir. Hər şeyi 
						düzgün qiymətləndirsək və keçmişi düzgün təhlil etsək, 
						nəyin yaxşı, nəyin pis olduğunu dəqiq müəyyənləşdirsək, 
						siyasi, dövləti və sosial xarakterli perspektivlərin 
						etibarlı müdafiə sistemini əldə etmək olar. Sirr 
						deyildir ki, hər bir tarixi mərhələ həmişə özünü 
						yüksəltmək və ya dağıtmaq imkanına malikdir. XIX əsrdə 
						çar Rusiyası hökuməti dahi Dostoyevskini yalnız 
						düşüncələrinə görə sürgün edəndə, XX əsrdə çekistlər 
						anası Anna Axmatovanın casusluğunu etiraf etmədiyinə 
						görə Lev Qumilyovu zindana atanda həm bu, həm də digər 
						dövlət, əlbəttə ki, özünü məhvə sürükləmişdi". 
						 
						
						
						Professor daha sonra demişdir: "Biz azərbaycanlılar 
						görkəmli şairlərimiz, öz siyasi əsərlərinin və romantik 
						düşüncələrinin qurbanı olmuş Mikayıl Müşfiqin və Hüseyn 
						Cavidin faciəli taleyini heç zaman unutmayacağıq. Guya 
						xeyirxahlıq naminə, əslində isə üsul-idarəni qoruyub 
						saxlamaq üçün törədilən bu çoxsaylı azğınlıqlar 
						həqiqətdə dövlətin özünüməhv aktı idi. Bu gün bu 
						dəhşətli faktların gec də olsa dəqiq və ədalətli 
						qiymətini aldığı bir vaxtda biz bir daha əmin oluruq ki, 
						dağıtmaqla qurmaq, öldürməklə qorumaq mümkün deyildir. 
						Postsovet məkanında yaşayan insanlar və xalqlar təkcə 
						coğrafi cəhətdən deyil, psixoloji cəhətdən də bir-birinə 
						yaxındırlar. Bütün çətinliklərə, ziddiyyətlərə, 
						münaqişələrə və müharibələrə baxmayaraq, bizi ortaq 
						keçmiş birləşdirir. Hər bir cəmiyyətdə və dövlətdə elə 
						postulatlar vardır ki, onları dərhal müəyyən etmək və 
						göstərmək mümkün deyildir. Onların əsasını bütövlükdə 
						xeyirxahlığa inam postulatı təşkil edir. Bu postulat 
						humanitar aksiyalar, mədəni yanaşma, əməkdaşlıq faktları 
						və digərlərindən ibarətdir. Lakin müasir dünyada elə 
						meyillər yaranmışdır ki, onların qarşısının alınması 
						daha yaxşı olardı. Bu gün bəzən bir çox dəyərli 
						çağırışlar, prinsiplər yalnız sadə şüarlar kimi qəbul 
						edilir. Bu gün informasiya çoxdur və bu informasiya 
						axını hamı üçün əlyetərlidir. Lakin informasiyaya sahib 
						olmaq hələ biliyə sahib olmaq demək deyildir. Zəngin 
						məlumatlı olmaq savadsızlıqdan xilas etmir. Güclü 
						dövlətlər, güclü dövlət təsisatları, ilk növbədə, dəqiq 
						və düzgün biliklərə əsaslanırlar. Postsovet məkanının 
						başlıca vəzifələrindən biri, onun rifahının əsası bu 
						biliklərdən ibarətdir. Skeptiklər biliklərin qüvvətlinin 
						hüquqları qarşısında üstünlüyünü şübhə altına ala 
						bilərlər, lakin gəlin "güc bilikdədir" kimi klassik 
						formulu yaddan çıxarmayaq. O, bütün dövrlər üçün 
						universaldır. Əgər biz postsovet məkanını vahid məkan 
						kimi qəbul ediriksə, onda bütün bütövlər kimi o da 
						hissələrdən ibarətdir. Rusiya dövləti onun ən böyük 
						hissəsidir. Azərbaycan Cənubi Qafqazın ən böyük 
						respublikasıdır".  
						
						
						Sonra N.Paşayeva tarixə qısa ekskurs edərək Rusiyanın 
						19-cu əsrdə Cənubi Qafqaz regionuna artan marağını 
						diqqətə çatdırmışdır. O zaman liman şəhərləri Bakı və 
						Dərbənd xüsusi maraq kəsb edirdilər.  
						
						
						Nərgiz Paşayeva demişdir: "O zaman I Pyotrun əmri ilə 
						Xəzər dənizinin xəritəsi çap edilir və faktiki olaraq 
						həmin vaxtdan etibarən bəzi Azərbaycan xanlarının � 
						Dərbənd, Quba, Şəki, Talış xanlarının Rusiyaya 
						meyillənməsi prosesi başlayır. Belə bir vəziyyətdə 
						Qarabağ xanlığının hökmdarı İbrahim xan Azərbaycan 
						xanları arasında birinci olaraq könüllü surətdə Rusiya 
						imperiyasının tərkibinə daxil olmaq qərarına gəlir. Bu, 
						geosiyasi vəziyyətin mürəkkəb olduğu 1813-cü il idi. İki 
						il keçir, Azərbaycan xanlıqlarının əksəriyyətinin 
						Rusiyaya üstünlük verməsi getdikcə daha aydın görünür. 
						Həmin vaxtdan Rusiya-Azərbaycan mədəni münasibətlərinin 
						yeni dövrü başlayır. Bu, kifayət qədər geniş və maraqlı 
						bir mövzudur və mən burada yalnız bir-iki nümunə 
						gətirəcəyəm. 1906-1907-ci və 1909-cu illərdə Azərbaycan 
						jurnalları, o cümlədən "Molla Nəsrəddin" Lev Nikolayeviç 
						Tolstoydan xristianları və müsəlmanları birləşdirən yeni 
						peyğəmbər kimi danışırdılar. Onun elmi və ədəbi mühitə 
						təsiri çox böyük idi. O dövrün böyük Azərbaycan yazıçısı 
						və maarifçisi Mirzə Fətəli Axundzadə, habelə Soltan 
						Məcid Qənizadə, Həsən bəy Zərdabi, Süleyman Sani 
						Axundov, Abdulla Şaiq və başqaları Tolstoyun əsərlərini 
						Azərbaycan dilinə tərcümə edirdilər. XIX əsrin 
						ortalarında Azərbaycanda ilk dünyəvi məktəblər açılır, 
						ilk dərsliklər hazırlanır. Bu dərsliklər Tolstoyun yeni 
						əlifbası, oxu və hesab kitabları əsasında hazırlanır. 
						Məktəblərdə Tolstoyun uşaq əsərləri keçilir. 1906-cı 
						ildə "Dağıstan" jurnalında Tolstoyun "Tanrı gec eləyir, 
						amma güc eləyir" hekayəsinin Bakı rus-müsəlman 
						məktəbinin şagirdi, sonralar Azərbaycanın xalq artisti 
						olmuş Hacıağa Abbasova məxsus ilk tərcüməsi çap olunur. 
						1907-ci ildə Hacıağa məktəbin direktoru ilə birlikdə 
						Yasnaya Polyanaya gələrək, öz tərcüməsini Tolstoya 
						hədiyyə edir. Yazıçı da ona xatirə olaraq öz avtoqrafı 
						ilə "Hərb və sülh" romanını bağışlayır. O dövrdə 
						Azərbaycanın bir çox mədəniyyət xadimləri müntəzəm 
						olaraq Yasnaya Polyanaya gedir, Lev Nikolayeviçlə 
						yazışır, bir çox mədəniyyət məsələlərinə dair onunla 
						məsləhətləşirdilər".  
						
						
						Professor Nərgiz Paşayeva, həmçinin diqqəti belə bir 
						məsələyə cəlb etmişdir ki, Azərbaycan maarifinin qızıl 
						əsrinin - XIX əsrin tarixi təkcə elmi, sırf ədəbi deyil, 
						həm də mədəniyyətlərarası tarixi, əxlaqi-etik və 
						humanitar aspektləri ifadə edən belə faktlarla 
						zəngindir. Nərgiz Paşayeva məruzənin sonunda demişdir: 
						"Bütün bunlar Rusiya-Azərbaycan mədəni-mənəvi 
						əlaqələrini əyani şəkildə göstərir. Ətalət içində 
						yaşamaq olmaz, insanlar da, dövlət də, deməli, 
						bütövlükdə dünya da daim dəyişir və tarixin qorxunc 
						təhrifləri gec-tez yoxa çıxır və hər şey öz həqiqi və 
						təbii simasına qovuşur. Humanizm, ədalət və azadlıq 
						ideyaları daim hər bir dövlətin sarsılmaz əsaslarına 
						çevrilir. Hər bir məkanın, o cümlədən postsovet 
						məkanının insanları, ilk növbədə, özləri-özlərini 
						qoruyub saxlamalı, əvvəlki səhvlərə yol verməməli, yeni 
						müharibələrin alovlanmasına müqavimət göstərməli və elə 
						bir harmonik mühit yaratmağa çalışmalıdırlar ki, burada 
						bütöv bir məkanın bütün hissələri asanlıqla hifz oluna 
						bilsin. Zənnimizcə, bu mümkündür. Bunun üçün yalnız arzu 
						və iradə lazımdır. "Məndən nə yaratdıqları əhəmiyyətli 
						deyildir, məndən yaradılandan mənim nə yaratdığım 
						əhəmiyyətlidir". Bu sözlər Jan Pol Sartra məxsusdur. 
						Həmin sözləri başqa şəkildə belə ifadə etmək olar: 
						postsovet məkanının insanları üçün olub-keçənlər daha 
						əhəmiyyətli deyildir, indi özümüzün-özümüzdən 
						yaratdıqlarımız əhəmiyyətlidir. Gəlin, nə isə çox yaxşı 
						bir iş görək". Nərgiz Paşayeva onu da xatırlatmışdır ki, 
						dörd il əvvəl Bakıda MDU-nun filialı açılmışdır. Onun 
						sözlərinə görə, yüz il sonra alimlərin bir yerə 
						toplaşıb, bizim dövrümüzdə nələr olduğundan nə 
						danışacaqlarını təsəvvürümüzə gətirsək, bu söhbətin ana 
						xətti kimi Rusiya ilə Azərbaycan arasında 
						mədəniyyətlərarası və dövlətlərarası münasibətlərdə bir 
						uğur və nailiyyət kimi MDU-nun Bakı filialının 
						yaradılması yazılacaqdır. O, bu heç də asan olmayan işə 
						böyük töhfəsinə, səmimi münasibətinə və Moskva 
						Universiteti kimi, Bakı filialının da təkcə bu gün 
						deyil, bütün zəmanələrdə yaşaması üçün göstərdiyi yüksək 
						əzmkarlığa görə MDU-nun rektoru Viktor Sadovniçiyə 
						minnətdarlığını bildirmişdir, çünki hər şey ötüb keçir, 
						amma universitetlər əbədi yaşayır.  
						
						
						Tədbirdə REA-nın Arxeologiya İnstitutunun rektoru, 
						akademik Nikolay Makarov, Ukrayna Milli Yaddaş 
						İnstitutunun direktoru, Ukrayna MEA-nın müxbir üzvü 
						Vasili Soldatenko, Moskva Dövlət Beynəlxalq Münasibətlər 
						İnstitutunun (U) rektoru, akademik Anatoli Torkunov, 
						MDU-nun dövlət idarəçiliyi fakültəsinin dekanı Vyaçeslav 
						Nikonov, Rusiya Dövlət Humanitar Universitetinin 
						rektoru, REA-nın müxbir üzvü Yefim Pivovar və başqaları 
						məruzələrlə çıxış etmişlər.  
						
						
						Birinci plenar iclasdan sonra Azərbaycan KİV-lərinə 
						müsahibə verən professor Nərgiz Paşayeva bildirmişdir 
						ki, belə mötəbər elmi konfransın işində iştirak etmək 
						böyük şansdır, çünki elmin zirvələrini fəth etmiş 
						alimlər, tarixçilər, insanlar qarşısında MDU-nun 
						tribunasından nitq söyləmək böyük şərəf, böyük 
						məsuliyyət, habelə böyük missiyadır. O demişdir: "Mən 
						çox gözəl başa düşürəm ki, burada Azərbaycanı təmsil 
						edirəm və mənim hər bir sözüm təkcə sırf mənim 
						hisslərimə və fikirlərimə bağlı deyildir. Əgər bununla 
						fəxri missiyanı yerinə yetirsəm, özümü xoşbəxt sanaram. 
						Belə bir tədbirin keçirilməsi böyük əhəmiyyət daşıyır, 
						çünki belə müzakirələr bizi bu mürəkkəb və ziddiyyətli 
						dünyada ümumi dəyərlərə gətirib çıxarır, səmərəli dialoq 
						üçün zəmin yaradır. Heç şübhəsiz, ən yüksək səviyyədə 
						belə dialoq və ünsiyyət bəşəriyyətin xeyirxah 
						məqsədlərinə, bütövlükdə sülh işinə xidmət edir. Mən 
						bütün təşkilatçılara və iştirakçılara böyük uğurlar və 
						nailiyyətlər arzulayıram".  
						
						
						
						AzərTAc   |