| 
						 
						
						 Sentyabrın 
						27-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni 
						tədris kompleksində Diplomatik Akademiya və Beynəlxalq 
						Münasibətlər institutlarının rektor və dekanlarının 
						40-cı Ümumdünya Forumu işə başlamışdır.  
						
						
						AzərTAc xəbər verir ki, tədbiri açan ADA-nın rektoru, 
						xarici işlər nazirinin müavini Hafiz Paşayev 
						akademiyanın yeni tədris kompleksi barədə məlumat 
						vermişdir. Rektor bildirmişdir ki, bu kompleksdə tədris 
						prosesi yeni metodlarla aparılır. Regionda ilk dəfə 
						olaraq bu tədris kompleksində alternativ enerji 
						mənbələrindən istifadə olunur. Azərbaycan neft və qazla 
						zəngin ölkə olsa da, biz alternativ enerjini inkişaf 
						etdirmək niyyətindəyik. Çünki bu, gələcəyə bir töhfədir. 
						Kompleksdə energetika və ətraf mühitlə bağlı yeni mərkəz 
						açılmışdır.  
						
						
						Fəaliyyətə başladığı dövrdən sürətlə inkişafda olan 
						akademiyanın beynəlxalq əlaqələrini genişləndirdiyini 
						vurğulayan Hafiz Paşayev ADA-nın dünyanın başqa 
						diplomatik akademiyaları ilə bir çox sahələrdə, o 
						cümlədən alternativ enerji sahəsində də fəal əməkdaşlıq 
						etdiyini demişdir. Bildirilmişdir ki, ADA bir çox 
						proqram və layihələr həyata keçirməklə öz fəaliyyətini 
						durmadan genişləndirir.  
						
						
						Corctaun Universitetinin Diplomatiya Araşdırmaları 
						İnstitutunun direktoru Paula Nyuberq Azərbaycan 
						Diplomatik Akademiyasının müasir tələblərə cavab verən 
						yeni tədris kompleksində belə mühüm tədbirin yüksək 
						səviyyədə keçirilməsindən məmnunluğunu bildirmişdir.
						 
						
						
						Vyana Diplomatik Akademiyasının direktor köməkçisi Nadya 
						Vozoniq çıxış edərək diplomatların, Diplomatik Akademiya 
						və Beynəlxalq Münasibətlər institutlarının rektor və 
						dekanlarının, gənc professorların bu sahədəki 
						fikirlərinin öyrənilməsi, eləcə də beynəlxalq 
						münasibətlər və beynəlxalq biznes sahəsində əməkdaşlığın 
						daha da dərinləşdirilməsi baxımından forumun 
						əhəmiyyətini vurğulamışdır.  
						
						
						ADA-nın prorektoru Fariz İsmayılzadə çıxışında 
						akademiyanın sürətli inkişaf yolundan və beynəlxalq 
						əlaqələrindən danışmışdır. Bildirilmişdir ki, ildən-ilə 
						inkişaf edən bu təhsil ocağında 2009-cu ildən tədris 
						proqramının genişləndirilməsinə və "Beynəlxalq əlaqələr 
						və diplomatiya" sahəsində magistratura proqramının 
						reallaşdırılmasına başlanılmışdır. 2011-ci ildən 
						etibarən isə "Biznesin idarə edilməsi və beynəlxalq 
						münasibətlər" üzrə bakalavr ixtisasları yaradılmışdır. 
						Ən müasir tələblərə cavab verən akademiyada hazırda 19 
						ölkədən olan tələbələr də təhsil alır.  
						
						
						Forumun əhəmiyyətindən danışan F.İsmayılzadə 
						iştirakçılara tədbirin gündəliyi və müzakirə olunacaq 
						mövzularla bağlı məlumat vermişdir.  
						
						
						Sonra forum işini panel iclaslarında davam etdirmişdir. 
						
						
						Moderatoru ADA-nın müəllimi Kavus Abuşov olan "Kiçik 
						dövlətlərin diplomatiyası" mövzusundakı birinci panel 
						iclasında Azərbaycan xarici işlər nazirinin müavini Araz 
						Əzimov, Xorvatiya Diplomatik Akademiyasının rektoru, 
						səfir Mladen Adrliç və Belçikanın Avropa Kollecinin 
						professoru Siqlind Gstöhl qloballaşmanın hazırkı 
						kontekstində kiçik dövlətlərin üzləşdiyi çağırışları, 
						qlobal iqtisadiyyata və siyasi institutlara inteqrasiya 
						olunarkən, eyni zamanda milli suverenliyi və mədəni 
						dəyərləri qorumaq cəhdləri məsələlərini müzakirə 
						etmişlər.  
						
						
						"Enerji və ətraf mühit diplomatiyası" mövzusundakı 
						ikinci panel iclasının moderatoru ADA-nın Enerji və 
						Ətraf Mühit üzrə Xəzər Mərkəzinin rəhbəri, professor 
						Elnur Soltanov, çıxış edənlər isə Azərbaycan 
						Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti 
						Elşad Nəsirov, İsrailin Hayfa Universitetinin professoru 
						Brenda Şafer, Avropa İttifaqının Azərbaycandakı 
						nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia olmuşlar. 
						Bu panel iclasında dövlətlərin xarici siyasətində 
						enerjinin rolu vurğulanmış, həmçinin beynəlxalq aləmdə 
						iqlim dəyişiklikləri və ətraf mühit məsələlərinin artan 
						əhəmiyyəti önə çəkilmiş, bu istiqamətdə müzakirələr 
						aparılmışdır.  
						
						
						Forum işini sentyabrın 28-də "Dünya siyasətində 
						dəyişikliklərin mənzərəsi" və "Regional təşkilatların 
						diplomatiyasının inkişafı" mövzularındakı panel 
						iclasları ilə davam etdirəcəkdir. 
						
						
						1972-ci ildə təsis olunmuş Foruma Vyana Diplomatik 
						Akademiyası (Avstriya) və Corctaun Universiteti (ABŞ) 
						həmsədrlik edirlər. Ötən il bu tədbir ABŞ-ın Boston 
						şəhərində keçirilmişdir. Növbəti il isə forumun 
						Serbiyanın Belqrad şəhərində keçirilməsi gözlənilir. ADA 
						2007-ci ildən forumun fəal iştirakçısıdır. 
						
						
						"Diplomatik təlim üzrə beynəlxalq Forum" adlanan bu 
						toplantının mövzusu "XXI əsrdə diplomatik təlim: Təcrübə 
						mübadiləsi və yeni çağırışların görüşməsi"dir. Forumda 
						60 ölkənin diplomatik təhsil verən ali məktəblərinin 
						90-dan artıq rektor və dekanı iştirak edir. Tədbirdə 
						diplomatik təlim, qlobal siyasi məsələlər və onların 
						müasir təhsilə təsiri müzakirə olunur. Mövzular arasında 
						enerji diplomatiyası, kiçik ölkələrin diplomatiyası, 
						qlobal siyasi dəyişikliklər, regional təşkilatların 
						inkişafı və ekoloji məsələlər vardır. 
						
						
						
						*** 
						
						
						Azərbaycan Diplomatik Akademiyasının (ADA) yeni tədris 
						kompleksində Diplomatik Akademiya və Beynəlxalq 
						Münasibətlər institutlarının rektor və dekanlarının 
						40-cı Ümumdünya Forumu sentyabrın 28-də işini başa 
						çatdırmışdır. 
						
						
						Tədbirin son günündə iki panel iclası keçirilmişdir. 
						
						
						"Dünya siyasətində dəyişikliklərin mənzərəsi" 
						mövzusundakı panel iclasının moderatoru ADA-nın 
						prorektoru Fariz İsmayılzadə, çıxış edənlər isə Çin 
						Xarici İşlər Universitetinin prorektoru Zu Liqun, ABŞ-ın 
						Fletçer Hüquq və Diplomatiya Məktəbinin Diplomatik 
						Araşdırmalar Mərkəzinin direktoru Alan Henrikson və 
						Cənubi Afrika Respublikasının Pretoriya Universitetinin 
						Diplomatik Araşdırmalar Proqramının rəhbəri Yolanda 
						Spays olmuşlar. Bu panel iclasında güc balansının 
						Qərbdən Şərqə doğru dəyişməsi, Qərb ölkələrində davam 
						edən iqtisadi və maliyyə böhranı, eləcə də onun qlobal 
						təhlükəsizliyə və idarəçiliyə təsiri məsələləri müzakirə 
						edilmişdir. 
						
						
						"Regional təşkilatların diplomatiyasının inkişafı" 
						mövzusundakı panel iclasının moderatoru ADA-nın ictimai 
						və beynəlxalq məsələlər məktəbinin dekanı Anar Vəliyev, 
						çıxış edənlər isə Avstraliya Milli Universitetinin 
						Asiya-Sakit Okean Diplomatiya Kollecinin təsisçisi və 
						direktoru Uilyam Meyli, Albaniya Diplomatik 
						Akademiyasının rektoru Lisen Başkurti, Peru Diplomatik 
						Akademiyasının rektoru xanım Liliana Torres-Muga, 
						İndoneziya Xarici İşlər Nazirliyinin Təhsil və Təlim 
						Mərkəzinin rəhbəri, səfir Hazairin Pohan olmuşlar. Bu 
						panel iclasında artan problemlərin həlli, bir dövlətin 
						səlahiyyətlərinin azalması fonunda təhlükəsizliyin 
						təmini və idarəçiliyin təkmilləşdirilməsində regional 
						təşkilatların rolu, dünyanın maraq dairələrinə 
						bölünməsi, yaxud bir və ya bir neçə super güc tərəfindən 
						idarə olunmasının mümkün nəticələri barədə fikir 
						mübadiləsi aparılmışdır. 
						
						
						Panel iclaslarından sonra "Diplomatik təlim üzrə 
						beynəlxalq Foruma gedən yol: təcrübə mübadiləsi, yeni 
						çağırışlara cavab verilməsi, yeni cəbhələrin açılması" 
						mövzusu ətrafında məruzələr dinlənilmiş, müzakirələr 
						aparılmış, müxtəlif mövzularda seminarlar keçirilmişdir.
						 
						
						
						Müzakirələrin yekununda Milli Məclisin Beynəlxalq 
						münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 
						sədri Səməd Seyidov çıxış edərək son illərdə 
						Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi 
						uğurlardan danışmışdır. 
						
						
						Forumun sonunda ADA ilə Litvanın, Qətərin, Mərakeşin, 
						Serbiyanın və Perunun Diplomatik akademiyaları arasında 
						əməkdaşlıq sazişləri imzalanmışdır. 
						
						
						Tədbirə qatılan xarici qonaqları Azərbaycanın tarixi, 
						ənənələri və füsunkar təbiəti ilə tanış etmək məqsədilə 
						Bakıda gəzinti turunun, eləcə də Şəki və Qəbələ 
						rayonlarına səfərlərin təşkili nəzərdə tutulmuşdur.   
						
						
						
						AzərTAc  |