| 
						 
						
						 Sentyabrın 
						29-da dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya 
						poeziyasının günəşi Nizami Gəncəvinin vətəni Gəncədə 
						böyük izdiham yaşanmışdır.  
						
						
						AzərTAc xəbər verir ki, burada bütün işıqlı ömrünü 
						Gəncədə keçirməklə dünya poeziya xəzinəsinə əvəzsiz 
						incilər bəxş edən dahi şairin 870 illik yubileyi böyük 
						təntənə ilə qeyd edilmişdir. 
						
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
						"Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 
						870 illik yubileyinin keçirilməsi haqqında" 2011-ci il 
						23 dekabr tarixli Sərəncamından dərhal sonra Gəncədə 
						geniş hazırlıq işləri aparılmışdır. Şairin məqbərəsi və 
						onun ətrafı yenidən qurulmuş, sahəsi genişləndirilərək 
						yeni xiyabanlar salınmışdır. Burada Nizami Gəncəvi 
						muzeyinin inşasına başlanılmış, Nizami Gəncəvi 
						Beynəlxalq Mərkəzinin tikintisi üçün hazırlıq işləri 
						aparılmışdır.  
						
						
						Dövlətimizin başçısının müvafiq sərəncamından irəli 
						gələn vəzifələrə uyğun olaraq alimlərdən və ziyalılardan 
						ibarət yubiley komissiyası yaradılmış, görülən işlər, 
						demək olar ki, hər gün müzakirə edilmişdir. Bir sözlə, 
						bütün Gəncə və gəncəlilər Azərbaycanın fəxri olan dahi 
						şairin yubileyinə geniş hazırlıq işləri ilə gəlmişlər. 
						
						
						Gəncədə yubiley tədbirləri ümummilli lider Heydər 
						Əliyevin abidəsini ziyarətlə başlamışdır. Qonaqlar və 
						şəhər ictimaiyyətinin nümayəndələri ulu öndərin abidəsi 
						önünə gül dəstələri qoyaraq müstəqil Azərbaycan 
						dövlətinin memarı və qurucusu olan bu dahi şəxsiyyətə 
						ehtiramlarını bildirmişlər. 
						
						
						Yubiley tədbiri dahi şairin məqbərəsi önündə davam 
						etdirilmişdir. Burada tədbir iştirakçılarını şərbətlə 
						qarşılayan milli geyimli məktəblilər müxtəlif dillərdə 
						dahi şairin əsərlərindən parçalar söyləmiş, qonaqları 
						qədim Azərbaycan rəqsləri ilə salamlamışlar. Sonra 
						Nizami Gəncəvinin sözlərinə bəstələnmiş romansların 
						müşayiəti ilə yubiley tədbirləri davam etdirilmişdir.
						 
						
						
						Minlərlə şəhər sakininin qatıldığı mərasimdə Azərbaycan 
						Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, 
						mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan 
						Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, 
						təhsil naziri Misir Mərdanov, Azərbaycan Yazıçılar 
						Birliyinin sədri Anar, Milli Məclisin deputatları, 
						xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının 
						nümayəndələri, 14 ölkədən dəvət olunmuş 150-dən artıq 
						alim iştirak etmişdir.  
						
						
						Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin 
						başçısı Elmar Vəliyev açaraq qonaqları salamlamış, 
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
						dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik 
						yubileyi ilə bağlı müvafiq sərəncamının əhəmiyyətindən 
						danışmış və xalqımızın mədəni irsinə göstərdiyi diqqət 
						və qayğıya görə dövlətimizin başçısına gəncəlilər 
						adından minnətdarlığını bildirmişdir. 
						
						
						Baş nazirin müavini Elçin Əfəndiyev bu böyük bayram 
						münasibətilə bütün gəncəliləri, eləcə də dahi Nizami 
						yaradıcılığının işığına yığışan qonaqları təbrik 
						etmişdir. Elçin Əfəndiyev demişdir ki, Nizaminin bu gün 
						başlayan yubiley tədbirləri yalnız poeziya, mədəniyyət 
						bayramı deyildir. Nizaminin yubileyi, sözün əsl 
						mənasında, ümumxalq bayramıdır. Çünki 870 ildir ki, 
						Nizaminin sənəti, onun özü Azərbaycan xalqı ilə 
						birlikdədir. Nizami Gəncədə doğulmuş, Gəncədə yaşamış və 
						Gəncədə də vəfat etmişdir. Ancaq onun sənətinin, 
						istedadının miqyası o qədər böyükdür ki, o, bütün 
						bəşəriyyətin övladı oldu. Nizami nə qədər milli 
						şairdirsə, o qədər də bəşəri şairdir. Nizami doğulduğu 
						Gəncəni sənətkarlar diyarı adlandırır, özünü isə mahir 
						sənətkar hesab edirdi. O, Gəncəni qədim Babillə müqayisə 
						edirdi. Bu sözlər başqa bir dahi sənətkarın dilindən 
						eşidilsəydi, bəlkə də bir qədər qeyri-təvazökar 
						səslənərdi. Lakin Nizaminin dediyi bu sözlər son dərəcə 
						təbii səslənir. Ona görə ki, Nizami istedadının böyük 
						imkanları ilə Nizami sənətkarlığının iddiası tam şəkildə 
						üst-üstə düşür. Mənim yaxşı yadımdadır. Ümummilli 
						liderimiz Heydər Əliyev Nizaminin 840 illiyi ilə 
						əlaqədar xüsusi sərəncam imzalamışdı. Son dərəcə 
						qiymətli olan bu sərəncam Azərbaycan xalqı üçün mühüm 
						əhəmiyyət kəsb edirdi.  
						
						
						Hamı yaxşı bilir ki, yubileylər yuvarlaq rəqəmlərlə 
						olur. O vaxt ulu öndərin təşəbbüsü ilə böyük Nizaminin 
						840 illik yubileyinin keçirilməsinə sovetlər birliyində 
						qısqanclıqla yanaşırdılar. Lakin bu, böyük bir hadisə 
						idi və şübhəsiz ki, bu hadisə ulu öndərin şəxsiyyətinin 
						gücü sayəsində mümkün olmuşdu. Nə yaxşı ki, bu ənənə 
						indi də davam edir. Nə yaxşı ki, bu estafet Azərbaycanın 
						müstəqilliyinə qədər gəlib çıxmışdır. Sevinirik ki, bu 
						gün Azərbaycan Prezidenti bu ənənələrə sadiq qalaraq 
						Nizami şəxsiyyətinə ümumxalq məhəbbətinin ifadəsi olaraq 
						dahi şairin 870 illik yubileyinin keçirilməsi barədə 
						xüsusi sərəncam imzalamışdır. 
						
						
						Mərasim başa çatdıqdan sonra qonaqlar və yubiley 
						iştirakçıları dahi söz ustadının qəbrini ziyarət edərək 
						məzarı üzərinə qızılgüllər qoymuş, ruhuna dualar 
						oxumuşlar.  
						
						
						Sonra məqbərə ətrafında Gəncə Dövlət Dram və Kukla 
						teatrları aktyorlarının şairin "Sirlər xəzinəsi", 
						"Xosrov və Şirin", "Leyli və Məcnun", "İsgəndərnamə" və 
						"7 gözəl" əsərlərinin motivləri əsasında hazırladıqları 
						ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmiş, Gəncə 
						Dövlət Filarmoniyası və Dövlət Kamera Orkestrinin 
						birləşmiş xorunun, eləcə də müğənnilərin ifasında 
						Nizaminin sözlərinə bəstələnmiş romanslar 
						səsləndirilmişdir. Məqbərə ətrafında gəzintidən sonra 
						burada xatirə şəkli çəkdirilmişdir. 
						
						
						Sentyabrın 29-da yubiley tədbirləri çərçivəsində 
						Gəncənin mərkəzində Nizami Gəncəvi adına piyada 
						keçidinin açılışı olmuş, Azərbaycan Dövlət Aqrar 
						Universitetində Nizami Gəncəvi irsinin təbliğində 
						xidmətlərinə görə yubiley tədbirlərinin iştirakçısı olan 
						xarici ölkələrin bir qrup elm xadiminə Azərbaycan Dövlət 
						Aqrar və Gəncə Dövlət universitetlərinin fəxri doktoru 
						adının verilməsi mərasimi keçirilmişdir. 
						
						
						Mərasimdə Azərbaycan Dövlət Aqrar Universitetinin 
						rektoru, professor Mirdamət Sadıqov və Gəncə Dövlət 
						Universitetinin rektoru, professor Elman Məmmədov 
						rəhbərlik etdikləri universitetlərin elmi şuralarının 
						qərarlarını oxumuş və dünyanın ən qədim və zəngin 
						İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər 
						Akademiyasının prezidenti, BMT Baş katibinin 
						Sivilizasiyalar Alyansı üzrə səfiri, doktor İsmayıl 
						Seragəldinə və BMT-nin Hökumət Komissiyasının sədri, 
						İsveçrə Konfederasiyası Prezidentinin müşaviri, 
						İsveçrənin sabiq dövlət naziri, YUNESKO-nun 
						kommunikasiya üzrə hökumətlərarası panelinin sədri, 
						səfir Valter Füstə Azərbaycan Dövlət Aqrar 
						Universitetinin, Latviyanın 6-cı Prezidenti, BMT Baş 
						katibinin xüsusi elçisi, Avropa İttifaqının uzunmüddətli 
						inkişaf proqramının vitse-prezidenti Vaira 
						Vike-Freibergaya və Qırğız Respublikasının sabiq 
						prezidenti Roza Otunbayevaya Gəncə Dövlət 
						Universitetinin fəxri doktoru adı verilməsi barədə həmin 
						universitetlərin diplomları təqdim edilmişdir. 
						
						
						Fəxri doktor adına layiq görülmüş qonaqlar diqqət və 
						qayğıya görə minnətdarlıq etmişlər.  
						
						
						Təhsil naziri Misir Mərdanov fəxri doktor adına layiq 
						görülmüş qonaqları təbrik etmiş, bunu əlamətdar hadisə 
						adlandırmışdır. 
						
						
						Universitetdə keçirilən təntənəli mərasimdən sonra Xan 
						bağında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təməlqoyma 
						mərasimi keçirilmişdir. Mərasimdə Gəncə Şəhər İcra 
						Hakimiyyətinin başçısı Elmar Vəliyev, Baş nazirin 
						müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri 
						Əbülfəs Qarayev və Azərbaycan Yazıçılar Birliyinin sədri 
						Anar çıxış edərək təməli yenicə qoyulan Nizami Gəncəvi 
						Beynəlxalq Mərkəzinin işinə uğurlar arzulamışlar. 
						 
						
						
						Təməlqoyma mərasimindən sonra Heydər Əliyev Mərkəzində 
						Nizami Gəncəvinin poemalarının yeni tərcümə və 
						tərtibatda nəşr olunmuş nüsxələrinin təqdimatı 
						keçirilmişdir.  
						
						
						Mərasimdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin 
						başçısı Elmar Vəliyev dahi şairin yubileyi münasibətilə 
						Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və 
						İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı 
						Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə olaraq 
						"Xəmsə"yə daxil olan 5 əsərin külliyyat şəklində çap 
						edilməsindən danışmış və buna görə Azərbaycanın birinci 
						xanımına minnətdarlığını bildirmişdir.  
						
						
						Sonra nizamişünas alimlər Samir Pişnamazzadənin "Nizami 
						Gəncəvi məqbərəsinin tarixi və taleyi" və "Nizami 
						Gəncəvi yaradıcılığına əxilik ideologiyasının təsiri", 
						Xəlil Yusiflinin "Nizami Gəncəvi: sələflər və xələflər", 
						Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq", Sevda 
						Qurbanəliyevanın "Nizami Gəncəvinin musiqi dünyası" və 
						"Nizami Gəncəvi obrazları miniatürlərdə" mövzularında 
						məruzələri dinlənilmişdir.  
						
						
						Mərasimdə çıxış edən şəhər ziyalıları da görülən işləri 
						yüksək dəyərləndirmiş və bildirmişlər ki, bu günədək 
						qeyd olunan yubileylər sırasında ilk dəfə olaraq Gəncə 
						Şəhər İcra Hakimiyyəti tərəfindən "Xəmsə" külliyyat 
						halında nəşr edilmişdir. Bütün bunlar Nizami yurdu 
						Gəncənin elm və mədəniyyət mərkəzinə çevrilməsi 
						deməkdir. 
						
						
						Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 
						illik yubileyi müxtəlif tədbirlərlə davam etdirilmişdir.
						  |