| 
						 
						
						  Naxçıvan 
						Dövlət Universitetində bakalavr pilləsinin hazırlıq 
						kursunda dinləyici qismində təhsil alacaq xarici ölkə 
						vətəndaşları ilə görüş keçirildi. Görüşdə universitetin 
						rektoru, akademik İsa Həbibbəyli çıxış edərək ali 
						məktəbə builki qəbulun nəticələri, yeni açılan 
						ixtisaslar, tədrisin və maddi-texniki bazanın 
						gücləndirilməsi istiqamətində görülən işlər haqqında 
						danışdı. Qeyd olundu ki, Naxçıvan Dövlət Universitetində 
						dünya elm, təhsil sisteminə inteqrasiya, modern təhsil 
						sisteminin tətbiqi məqsədilə beynəlxalq əməkdaşlığın 
						inkişafına, elmi əməkdaşlığa, xüsusilə də tələbə 
						mübadiləsinə böyük əhəmiyyət verilir. Beynəlxalq 
						layihələr və universitetlərarası müqavilələr 
						çərçivəsində ali məktəbin bakalavr və magistrantlarından 
						bir neçəsi dünyanın müxtəlif universitetlərində ali 
						təhsillərini davam etdirir. Bir nəfər aspirant  isə 
						İspaniyanın Santyaqo şəhərində Santyaqo De Kompostella 
						Universitetində doktorantura təhsili alır. Universitetdə 
						dünyanın 10 ölkəsindən - Türkiyə Cümhuriyyətindən, İran 
						İslam Respublikasından, Cənubi Koreya, Nigeriya, 
						Banqladeş respubikalarından və digər ölkələrdən 282 
						tələbə ali təhsil alır. Rektor, yeni tədris ilindən 
						bakalavr pilləsinin hazırlıq kursunda oxuyacaq xarici 
						ölkə vətəndaşlarına uğurlar dilədi, onların üzərinə 
						düşən vəzifələrdən danışdı. 
						
						
						Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə 
						fəlsəfə doktoru, dosent Xanəli Kərimli müxtəlif 
						ölkələrdən NDU-da ali təhsil almağa böyük maraq 
						yarandığını bildirərək bu il 59 nəfərin universitetin 
						bakalavr pilləsinin hazırlıq kursunda oxuyacaqları 
						barədə məlumat verdi. Qeyd olundu ki, hazırlıq kursunun 
						dinləyiciləri olacaq Türkiyə Cümhuriyyətinin, İran İslam 
						Respublikasının, Banqladeş Xalq Respublikasının 
						vətəndaşları memarlıq, beynəlxalq münasibətlər, 
						əczaçılıq, stomatologiya, musiqi, ingilis dili, rus dili 
						müəllimliyi ixtisasları üzrə təhsil alacaqlar. 
						
						
						Türkiyə Cümhuriyyətinin vətəndaşı, hazırlıq kursunun 
						musiqi müəllimliyi ixtisası üzrə dinləyicisi Bilal 
						Ərdoğan, İran İslam Respublikasının vətəndaşı, hazırlıq 
						kursunun əczaçılıq ixtisası üzrə dinləyicisi Amin 
						Riazina, Banqladeş Xalq Respublikasının vətəndaşı, 
						hazırlıq kursunun beynəlxalq münasibətlər ixtisası üzrə 
						dinləyicisi Atiqur Majumber çıxış edərək bu ali məktəbi 
						seçmələrindən, muxtar respublika haqqında ilk 
						təəssüratlarından söz açdılar. 
						
						
						Universitetin tədris işləri üzrə prorektoru, filologiya 
						üzrə fəlsəfə doktoru, dosent Surə Seyid onlara təhsildə 
						uğurlar arzuladı.   
						
						
						
						Mehriban SULTAN, 
						NDU-nun Mətbuat şöbəsinin müdiri   |