| 
						 
						
						 "Zəngi" 
						liseyində "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" 
						İctimai Birliyinin Bakı şəhəri Nizami rayonu üzrə 1 
						saylı filialının II konfransı keçirildi.  Tədbirdə 
						liseyin müəllim-şagird kollektivi ilə yanaşı, Azərbaycan 
						Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru 
						Təranə Şərifova, VMA-nın idarə heyətinin üzvləri, 
						Prezident Administrasiyasının İctimai-siyasi məsələlər 
						şöbəsinin sektor müdiri Müzəffər Talıbov, Azərbaycan 
						Dövlət Pedaqoji Universitetinin professoru Fərrux 
						Rüstəmov, Nizami RİH-in şöbə müdiri Əli Axundov, liseyin 
						direktoru Bayram Heydərov və digər şəxslər iştirak 
						edirdilər. 
						
						
						Tədbiri giriş sözü ilə açan  "Azərbaycan 
						Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin Bakı 
						şəhəri Nizami rayonu üzrə 1 saylı filialının prezidenti, 
						"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 
						bildirdi ki, son vaxtlar ölkə təhsilinə dövlət 
						qayğısının artırılması, Heydər Əliyev Fondunun 
						layihələri çərçivəsində həyata keçirilən tədbirlər 
						sayəsində təhsilin maddi-texniki bazası xeyli 
						yaxşılaşdırılmışdır. Müasir təhsilimizin dünya təhsil 
						sisteminə inteqrasiyası, inkişaf etmiş ölkələrin 
						təhsillə bağlı müsbət ənənələrinin milli təhsilimizə 
						gətirilməsi fərəhli haldır. Dünyanın inkişaf etmiş 
						ölkələrinin təhsil sistemlərinin təcrübəsi göstərir ki, 
						məktəblə ictimaiyyət arasında düzgün, səmimi əməkdaşlıq 
						münasibətləri qurulduğu təqdirdə təhsil sistemi sürətlə 
						inkişaf edir. Qeyd edildi ki, dövlətin və təhsil 
						müəssisələrinin təhsillə bağlı həll etdiyi 
						problemlərdən  əlavə, gündəlik problemlərin həllində 
						məhz valideyn və ictimaiyyətin köməyi gərəkdir. Bu 
						məsələlər imkanlı iş adamlarının yardımı, məktəblə 
						ictimaiyyət arasında düzgün fəaliyyətin təşkili 
						nəticəsində həll oluna bilər. VMA-nın fəaliyyəti buna 
						bariz sübutdur. Azərbaycan Valideyn-Müəllim 
						Assosiasiyası (AVMA)  valideyn və müəllimlərin könüllü 
						birləşməsi nəticəsində yaranan ictimai qurumdur. 
						 
						
						
						V.Rəhimzadə qeyd etdi ki, 2009-cu ilin sentyabr ayından 
						fəaliyyət göstərən "Zəngi" liseyi VMA yarandığı gündən 
						etibarən Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının 
						həyata keçirdiyi müxtəlif proqram və layihələrin 
						iştirakçısı olmuşdur. Qurumun fəaliyyəti haqqında 
						danışan V.Rəhimzadə bildirdi ki, "Zəngi" liseyi VMA-nın 
						qərarları İdarə Heyəti tərəfindən qəbul olunur. VMA-nın 
						İdarə Heyəti 7 nəfər valideyn, 6 nəfər müəllim olmaqla 
						13 nəfərdən ibarətdir. "Zəngi"  liseyi VMA-nın əsas işçi 
						qrupu 6 nəfərdən ibarətdir. Liseydə VMA-nın fəaliyyəti 
						üçün xüsusi otaq ayrılmışdır. "Zəngi" liseyi VMA-nın 
						İdarə Heyəti təşkil olunarkən istər valideynlərin, 
						istərsə də müəllimlərin tərkibi diqqətlə nəzərdən 
						keçirilmiş, valideynlərin arasında ictimai nüfuza malik 
						və  pedaqoji sahədə öz sözünü demiş ziyalılara üstünlük 
						verilmiş, müəllimlərin tərkibindən qabaqcıl, təcrübəli  
						pedaqoqlar  seçilmişdir. Bu baxımdan "Zəngi" liseyi 
						VMA-nın iş strukturu nümunəvi formada qurulmuşdur. İdarə 
						Heyətinin yığıncaqları mütəmadi olaraq keçirilir. Lisey 
						rəhbərliyi ilə sıx, səmimi münasibətlər  mövcuddur. 
						Liseyin həlli vacib məsələləri İdarə Heyətinin 
						iclaslarında müzakirə olunur və lazımi qərarlar qəbul 
						edilir. 
						
						
						Tədbirdə çıxış edən Prezident Administrasiyasının 
						İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri 
						Müzəffər Talıbov liseyin və VMA-nın fəaliyyətini yüksək 
						qiymətləndirdi. Son illər respublikamızda təhsilin 
						sürətlə inkişaf etdiyini bildirən M.Talıbov ölkə 
						Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi 
						diqqət və qayğıdan söz açdı. "Zəngi" liseyinin 
						sayılıb-seçilən liseylərdən olduğunu və bir çox uğurlar 
						əldə etdiyini vurğulayan M.Talıbov liseyin nüfuzunun 
						qorunub saxlanılmasını və bu işdə pedaqoji kollektivlə 
						yanaşı valideynlərin də böyük rolunu diqqətə çatdırdı.
						 
						
						
						"Zəngi" liseyinin direktoru Bayram Heydərov tədbirdə 
						çıxış edərək VMA-nın təhsil müəssisəsinin ümumi işinə 
						müsbət təsir etdiyini və valideyn-müəllim əməkdaşlığının 
						sıx olmasının liseyin uğurlarını daha da artırdığını 
						bildirdi. Azərbaycan Milli Valideyn-Müəllim 
						Assosiasiyasının respublikamızda apardığı işləri təqdir 
						edən direktor qurumun icraçı direktoru Təranə 
						Şərifovanın əməyini yüksək qiymətləndirdi. "Zəngi" 
						liseyinin yarandığı dövrlərdə maddi-texniki bazasının 
						zəif olduğu, lakin qısa müddətdən sonra tədris üçün 
						normal şərait yaradıldığı bildirildi. Son illər 
						ölkəmizdə aparılan təhsil islahatlarının yüksək 
						nəticələr verdiyini və gənclərimizin dünyanın nüfuzlu 
						ali təhsil müəssisələrində təhsil almalarının 
						sevindirici hal olduğu iştirakçıların nəzərinə 
						çatdırıldı. 
						
						
						Tədbirdə çıxış edən  Azərbaycan Milli Valideyn-Müəllim 
						Assosiasiyasının icraçı direktoru Təranə Şərifova 
						Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsində 
						VMA-nın  fəaliyyətindən danışdı. Valideynlərin təhsil 
						ocaqları ilə daha sıx əməkdaşlıq etmələrinin vacibliyini 
						nəzərə çatdırdı. "Zəngi" liseyi VMA-nın fəaliyyətinin 
						aktiv şəkildə aparıldığını bildirən T.Şərifova 
						valideynlərə vaxtlarının əsas hissəsini övladlarına həsr 
						etməyi tövsiyə etdi. 
						
						
						Sonra "Zəngi" liseyi VMA-nın işində yaxından iştirak 
						edən və fərqlənən bir qrup valideyn və müəllimə  
						"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai 
						Birliyinin Fəxri diplomları təqdim edildi. 
						
						
						Şagirdlərin ifasında mahnılar oxundu, şeirlər 
						səsləndirildi. Xatirə şəkli çəkdirildi.  
						
						
						
						Niyazi RƏHİMOV   |