| 
						 
						
						 Sumqayıt 
						Dövlət Universitetində (SDU) bu ali məktəbin 
						yaranmasının 50 illik yubileyi ilə bağlı keçirilən 
						silsilə tədbirlər davam edir. Bu silsilədən Sumqayıt 
						Dövlət Universitetində növbəti beynəlxalq elmi konfrans 
						keçirildi.  
						
						
						"İnnovasiya yönümlü inkişafın sosial-iqtisadi 
						problemləri" mövzusunda keçirilən konfransı 
						universitetin rektoru, professor Nadir Qəhrəmanov açaraq 
						iştirakçılara tədbirin mahiyyəti barədə məlumat verdi. 
						Ölkəmizin sosial-iqtisadi inkişafından bəhs edən rektor 
						xüsusilə son illərdə innovativ inkişaf meyillərinin hiss 
						edildiyini qeyd etdi.  
						
						
						SDU-da bu cür tədbirlərin artıq ənənəvi xarakter 
						daşıdığını dilə gətirən N.Qəhrəmanov bildirdi ki, bu, 
						universitetdə keçirilən sayca 18-ci beynəlxalq 
						konfransdır. Rektor veriləcək təkliflərin əhəmiyyətli 
						olacağına əminliyini ifadə edərək konfransın işinə 
						uğurlar arzuladı. 
						
						
						Daha sonra Rusiya Elmlər Akademiyasının İqtisadiyyat 
						İnstitutunun Postsovet ölkələri üzrə Tədqiqat Mərkəzinin 
						müdiri Leonid Borisoviç Vardomskiy çıxış edərək 
						ölkəmizin müstəqillik illərində əldə etdiyi 
						nailiyyətlərə toxundu. Natiq bildirdi ki, Azərbaycan 
						xüsusilə son illərdə innovasiya yönümlü inkişaf yoluna 
						çıxıb.   AMEA-nın müxbir üzvü, Azərbaycan 
						Respublikasının  Prezidenti yanında  Dövlət İdarəçilik 
						Akademiyasının Regional İqtisadi və Sosial Tədqiqatlar 
						İnstitutunun direktoru, professor Əli Nuriyev ölkəmizin 
						yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd etdi, 
						qabaqcıl kapitalist ölkələrinin təcrübəsindən faktlar və 
						müqayisələr gətirdi.  
						
						
						Sumqayıt Dövlət Universitetinin dosenti Albert Tağıyev 
						isə Sumqayıtda fəaliyyət göstərən və yaradılacaq texniki 
						parkların, eləcə də ayrı-ayrı dünya ölkələrində mövcud 
						olan texnoparkların  inkişafı problemlərindən bəhs etdi. 
						
						
						Daha sonra çıxış edən Sumqayıt Dövlət Universitetinin 
						dosenti, Bakı Məşğulluq İdarəsinin rəisi  Şəfa Əliyev 
						Azərbaycan iqtisadiyyatının innovasiyalaşdırılmasında 
						xüsusi iqtisadi zonaların tətbiqinin mühüm aspektləri 
						barədə məlumat verdi. 
						
						
						Növbəti gün konfrans bölmə iclaslarında işini davam 
						etdirdi. Konfransın işinə Sumqayıt Dövlət 
						Universitetinin prorektoru, professor Yadigar Hüseynov 
						yekun vurdu.  
						
						
						
						Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti 
						  |