| 
						 
						
						 Təməl 
						daşı ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və 
						bugünkü inkişafı ilə küreyi-ərzin diqqətini çəkən müasir 
						Azərbaycanımızın daha xoşbəxt sabahı naminə hər bir 
						Azərbaycan vətəndaşı, xüsusilə biz təhsil işçiləri böyük 
						əzmlə çalışmalı, üzərimizə düşən vəzifənin öhdəsindən 
						layiqincə gəlməliyik.  
						
						
						Hesab edirik ki, möhtərəm Prezidentimiz İlham Əliyev 
						cənablarının "Azərbaycan Respublikasının təhsil 
						işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi 
						haqqında" 1 oktyabr 2012-ci il tarixli sərəncamı 
						dövlətimizin, Prezidentimizin təhsil işçilərinə olan 
						diqqət və qayğısının növbəti bariz nümunəsidir. 
						
						
						Müasir dünyada elmin və təhsilin inkişafın ön cəbhəsi 
						olması hamımıza bəllidir.  Elə bu səbəbdəndir ki, 
						2003-cü ildən bu günə kimi Prezident İlham Əliyev 
						tərəfindən elm və təhsillə bağlı onlarla Dövlət Proqramı 
						təsdiq edilmiş, xeyli fərman və sərəncam imzalanmışdır.  
						Nəticədə Azərbaycan təhsil sisteminin dünya təhsil 
						sisteminə inteqrasiya olunması, təhsil sisteminin 
						səmərəli idarə olunmasının təmin edilməsi, bütövlükdə 
						təlim-tərbiyə müəssisələrinin infrastrukturunun 
						yeniləşdirilməsi, maddi-texniki bazasının 
						gücləndirilməsi, təhsil işçilərinin sosial müdafiəsi 
						istiqamətində xeyli nailiyyətlər əldə edilmişdir. İndi 
						respublikamızda məktəblərin maddi-texniki bazasının 
						möhkəmləndirilməsi sahəsində görülən işləri dünyanın 
						inkişaf etmiş ölkələri ilə müqayisə etmək mümkündür. 
						Bircə faktı qeyd etmək kifayətdir ki, bu sahədə görülən 
						işlərin fərqində olasan: 2003-cü ildən bu günə kimi 
						ölkəmizdə tikilən yeni məktəb və korpusların xüsusi 
						çəkisi respublikamızda mövcud ümumtəhsil məktəblərinin 
						təqribən 50 faizinə bərabərdir. 
						
						
						Ümumiyyətlə, biliklər əsri olan XXI əsrdə inteqrasiya və 
						qloballaşma kimi ümumbəşəri prosesin fəal iştirakçısı 
						olmağın yeganə yolu elmdən və təhsildən keçir ki, onun 
						da konturları, bu sahə ilə bağlı strateji hədəflər 
						möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 
						dəqiqliklə müəyyənləşdirilmişdir: "Biz elə etməliyik ki, 
						Azərbaycanda yetişən gənc nəsil bilikli, savadlı olsun 
						və ölkəmizin gələcəyini məhz bilik, savad təmin 
						edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, 
						görərik ki, onların inkişafı təbii sərvətlərin hesabına 
						deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına 
						mümkün olmuşdur. Biz də bu yolla getməliyik və gedirik". 
						
						
						Odur ki, indi biz təhsil işçiləri qarşısında duran 
						başlıca vəzifə təlim prosesinin səviyyəsini və inkişaf 
						tempini dövlətin, ölkə Prezidentinin təhsilin 
						maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində 
						gördüyü işlərin səviyyəsinə və inkişaf tempinə 
						uyğunlaşdırmaqdan, əməli işimizlə Prezidentimizə dəstək 
						olmaqdan ibarətdir. 
						
						
						Bir daha möhtərəm Prezidentimizə təhsil işçilərinə 
						göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı 
						bildirir, doğma Azərbaycanımızın hərtərəfli tərəqqisi 
						naminə fəaliyyətində uğurlar diləyirik.   
						
						
						
						Hüseyn ƏSGƏROV,  
						Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini,  
						əməkdar müəllim, filologiya elmləri doktoru, professor  |