| 
						 
						
						 Ölkəmizdə 
						digər sahələrdə olduğu kimi, təhsildə də əsaslı 
						islahatlar gedir. Təhsil sisteminin 
						informasiyalaşdırılması, kurikulumların, təhsil 
						standartlarının, pedaqoji texnologiyaların, 
						informasiya-kommunikasiya texnologiyalarının uğurlu 
						tətbiqi,  təhsilin kompüterləşdirilməsi, dünya 
						təcrübəsindən, innovasiyalardan yaradıcı şəkildə 
						bəhrələnmək Azərbaycanda təhsilin bütün mərhələlərində 
						və pillələrində uğurlu nəticələrin ələ edilməsinə imkan 
						vermişdir.  
						
						
						Ölkəmizdə son on ildə böyük nailiyyətlər qazanılmışdır. 
						Həm təhsil müəssisələrində iş şəraiti qat-qat 
						yaxşılaşdırılmış, təhsil müəssisələrinin tikintisi, 
						əsaslı təmiri və yenidən qurulması, zəruri 
						avadanlıqlarla təmin olunması, istilik sisteminin 
						qaydaya salınması, həm də pedaqoji peşə sahiblərinin, 
						müəllimlərin maddi və mənəvi baxımdan həvəsləndirilməsi 
						ənənəyə çevrilmişdir. Artıq neçə illərdir ki,  hər il 
						"Ən yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim" 
						müsabiqələri keçirilir, qalib məktəblər və müəllimlər 
						mükafatlandırılır. 
						
						
						Hər il neçə-neçə məktəb, uşaq bağçası tikilir, yaxud 
						əsaslı təmir edilərək yenidən qurulur. Ötən il 167 yeni 
						məktəb binası inşa edilmiş, bütövlükdə isə son illər 
						2200-dən çox məktəb binası tikilmiş və təmir edilmişdir. 
						Belə faktlar saysız-hesabsızdır. 
						
						
						Təhsil sahəsində uğurlarımız təsadüfi deyildir. Bu 
						məsələyə dövlət səviyyəsində böyük diqqət yetirilir. 
						Ölkə Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev 
						Fondunun prezidenti Mehriban xanım Əliyeva daim 
						təhsilimizə qayğı göstərirlər.  
						
						
						Müəllim günü ərəfəsində bir qrup təhsil işçisinə 
						"Əməkdar müəllim" fəxri adı verilmişdir. Onların 
						arasında mən də varam. "Əməkdar müəllim" fəxrı adına 
						layiq görülməyim özümün və ailəmin böyük sevincinə səbəb 
						olmuş, bayram ovqatımızı daha da yüksəltmişdir. Bu 
						mükafat bizim əməyimizə verilən böyük qiymətdir, bizi 
						daha yaxşı işləməyə, fəaliyyət göstərməyə ruhlandırır. 
						Əməyimə verilən yüksək qiymətə görə ölkə Prezidenti 
						cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.  
						
						
						
						Akif  ABBASOV, 
						Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun 
						elmi katibi,  
						pedaqogika üzrə elmlər doktoru, professor   |