| 
						 
						
						 Üç 
						həftəyə yaxındır ki, yeni dərs ili başlayıb. Ölkəmizin 
						bütün təhsil ocaqları, pedaqoji kollektivləri kimi biz 
						də yeni dərs ilinə son illər təhsilimizdə gedən 
						islahatları daha da dərinləşdirmək, əldə olunmuş 
						uğurları artırmaq əzmi ilə başlamışıq. Uğurlarımız isə 
						az deyildir və peşə bayramımızı qeyd etdiyimiz bu 
						günlərdə onların bəzilərini xatırlatmaq, zənn edirəm ki, 
						bayram ovqatımızı yüksəltmək, yeni dərs ilinə hansı 
						əhvali-ruhiyyə ilə başladığımızı nümayiş etdirmək 
						baxımından faydalı olardı.  
						
						
						Məktəb-liseyimiz 2007-2008-ci dərs ilində keçirilən "Ən 
						yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak edərək 
						ilk 50 qalib məktəb sırasında olmuşdur. 
						
						
						Son illər 3 müəllimimiz möhtərəm Prezidentimizin 
						sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına, 3 müəllim 
						isə "Tərəqqi" medalına layiq görülmüş, 4 nəfər "Ən yaxşı 
						müəllim" müsabiqəsinin qalibi olmuşdur. 
						
						
						Bu il məzunların ali  məktəblərə qəbulu üzrə də tədris 
						ocağımız yüksək nəticə göstərmişdir. Qəbul 
						imtahanlarında 15 məzunumuz 500-dən, 3 məzunumuz isə 
						600-dən yüksək bal toplamış, 11 yetirməmiz xarici 
						ölkələrin nüfuzlu universitetlərinə qəbul olunmuşdur. 6 
						məzunumuz Prezident təqaüdçüsüdür. Respublika fənn 
						olimpiadasının yekun turunda 2 şagirdimiz mükafata layiq 
						II və III yerləri tutmuşdur. 
						
						
						Bu günlərdə isə kollektivimizi daha bir uğurumuzun 
						xəbəri sevindirmişdir. Beynəlxalq Müəllimlər Günü 
						ərəfəsində ölkə başçısının sərəncamı ilə bir qrup 
						müəllimlə bərabər mənə də "Əməkdar müəllim" fəxri adı 
						verilmişdir. 
						
						
						Müəllim adı, ulu öndərimizin qeyd etdiyi kimi, yer 
						üzündə ən şərəfli addır. "Əməkdar müəllim" fəxri adına 
						layiq görülmək isə müəllim adının fövqünə ucalmaq 
						deməkdir. Mən bu adı almağım münasibəti ilə təhsilimizin 
						inkişafına həmişə yüksək diqqət və qayğı göstərən 
						möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına bütün 
						kollektivimiz adından dərin təşəkkür və minnətdarlığımı 
						bildirirəm. "Əməkdar müəllim" adını almaq mənə böyük 
						şərəf gətirdiyi kimi, məsuliyyətimi də artıracaq və 
						təhsilin inkişafında daha böyük uğurlar qazanmağa sövq 
						edəcəkdir. Möhtərəm Prezidentimizin Azərbaycan 
						Respublikasının gündən-günə inkişaf edib sivilizasiyalı 
						dövlətlərlə bir cərgədə olması üçün atdığı hər bir 
						addımı dəstəkləyib, bu işdə üzərimə düşən vəzifənin 
						öhdəsindən layiqincə gəlməyə çalışacağam.  
						
						
						
						Yaqut SADIQOVA, 
						Bakıdakı 83 nömrəli məktəb-liseyin direktoru,  
						əməkdar müəllim   |