| 
						 
						
						 Mən 
						2006-2010-cu illərdə ADPU-nun riyaziyyat fakültəsində 
						riyaziyyat-informatika ixtisası  üzrə təhsil almışam. 
						Daha sonra informatika ixtisası üzrə magistraturanın 
						əyani şöbəsinə daxil olmuş və bu il həmin universiteti 
						bitirmişəm. Universiteti bitirdikdən dərhal sonra Təhsil 
						Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı 
						keçirəcəyi müsabiqədə iştirak etməyi qərara aldım, 
						elektron  ərizə formasını doldurdum. İyulun 27-də 
						keçirilən imtahanda uğurlu nəticə əldə etdim. 
						
						
						İmtahan  çox obyektiv və şəffaf şəraitdə keçirildi. Mən  
						34,13 balla  siyahıda ilk  yerdə yazdığım Səbail rayon 
						O.Mirzəyev adına 190 nömrəli orta məktəbə qəbul olundum. 
						Bu məktəb barəsində əvvəllər çox xoş sözlər eşitmişdim. 
						Azərbaycan maarifinin  incilərindən sayılan Sona xanım 
						Tağıyevanın  qurmuş olduğu  və 60 ilə yaxın  rəhbərlik 
						etdiyi bir məktəbə işə qəbul olunmaq mənim üçün bir fəxr 
						idi. Həmçinin məktəbin hazırkı direktoru, respublikanin 
						əməkdar müəllimi Afət xanım Bakıxanova ilə ilk 
						tanışlığımızda seçimimdə yanılmadığımı başa düşdüm. 
						Məktəbdə məni elan olunmuş vakansiyadakı dərs saatları 
						ilə tam təmin etdilər. 
						
						
						Məktəbə  mənimlə eyni zamanda müsabiqə yolu ilə bir neçə 
						müəllim də qəbul olunmuşdur. Məktəbin direktoru və 
						direktor müavinlərinin bizə olan xoş münasibəti məktəb 
						haqqındakı müsbət fikirlərimizi daha da artırdı. 
						
						
						Hazırda I, IV, VI, IX, X, XI  siniflərdə informatika 
						fənnini tədris edirəm. Mən və digər müsabiqə yolu ilə 
						qəbul olunmuş  müəllimlər bizə bu cür şərait 
						yaratdıqları üçün Təhsil Nazirliyinə minnətdarlığımızı 
						bildiririk. Biz fəxr edirik ki, respublikanın ən zəngin 
						tarixi ənənələri olan təhsil ocağına - 190 nömrəli 
						məktəbə işə qəbul olunmuşuq. Mən həmçinin bir daha  öz 
						adımdan və digər təzə qəbul olunmuş müəllimlər adından 
						O.Mirzəyev adına 190 nömrəli orta məktəbin direktoru  
						Afət  Bakıxanovaya və məktəbin kollektivinə 
						göstərdikləri isti münasibətə  görə təşəkkürümü 
						bildirirəm.  
						
						
						
						Afaq MURADOVA, 
						Bakı şəhər O.Mirzəyev adına 190  nömrəli tam orta 
						məktəbin   
						informatika müəllimi  |