| 
						 
						
						 "İnsanlar 
						təbiətinə görə heç bir şeyi başqasına vermək istəmirlər. 
						Onlar təkcə bir şeyi - öz biliklərini başqalarına 
						verməyə hərisdirlər. Bilik elə bir şeydir ki, 
						başqalarına bağışlanılmasa, onun sahibi dərdə düşər, 
						ömrü qüssə və kədər içində keçər". 
						
						
						Görkəmli mütəfəkkirimiz Mirzə Fətəli Axundzadəyə məxsus 
						olan bu dahiyanə deyimi təsadüfi  yazımın  epiloqu 
						seçmədim. Çünki   haqqında danışacağım Vəzifə 
						Nağıyevanın müəllimlik fəaliyyəti yuxarıdakı  fikirlə 
						tamamilə  uyğunluq təşkil edir. 
						
						
						Vəzifə Nağıyeva ADPU-nun ibtidai təhsilin pedaqogikası 
						və metodikası fakültəsini bitirdikdən sonra   Bakıdakı 
						276 nömrəli tam orta məktəbdə sinif müəllimi kimi əmək 
						fəaliyyətinə başlayıb. O, 20 ildir ki, öz biliyini  
						Vətənimizin xoşbəxt gələcəyinin təminatçısı olan 
						uşaqlara öyrədir. 
						
						
						Vəzifə müəllimin II "c" sinfində oxuyan şagirdlərinin 
						çoxu dərs əlaçısıdır.Onlardan Aytac, Vaqif və Aydanın 
						adlarını isə  xüsusi qeyd etmək olar. Bütün bunlar 
						özünün dediyi kimi, uzun illərin zəhməti və tədris 
						etdiyi fənni  sevməsidir.  
						
						
						O deyir ki, mən şagirdlərimə öz fənnimi tədris edərkən 
						onlara yalnız müəllim kimi yox, həm də bir valideyn  
						kimi yaxınlaşıram. Ona görə  onlar oxuduqları məktəbi 
						bitirdikdən sonra  da məktəbə gəlir və  mənimlə  əlaqə 
						saxlamağı heç vaxt   unutmurlar. 
						
						
						V.Nağıyeva  müəllimlik fəaliyyətinə yaradıcılıqla  
						yanaşan təcrübəli pedaqoqdur desək, heç də yanılmarıq. 
						O, bildirdi ki, indiki proqramlar əvvəlki proqramlardan 
						xeyli fərqlənir. Dərslərimi Milli Kurikulumun tələbləri  
						səviyyəsində qurur, interaktiv təlim metodlarından 
						bacarıqla  istifadə edirəm.  
						
						
						Bu gün Vəzifə Nağıyeva   yaxşı müəllim olmaqla   
						bərabər, həm də gözəl ailə başçısıdır. Övladlarının 
						hamısı ali təhsil alıb. Qızı Fidan   elə anasının 
						sənətini seçib. O da Bakı  İdarəetmə və Texnologiya 
						Kollecində müəllim işləyir.  
						
						
						Bəli, şagirdlərinin sevimlisi olan Vəzifə müəllimi  
						xoşbəxt müəllimlərdən biri hesab edə bilərik. Çünki  onu 
						dərs dediyi şagirdlər, işlədiyi kollektiv və  
						valideynlər çox sevirlər. 
						
						
						Söhbət zamanı Vəzifə müəllim onu da əlavə etdi ki,  hər 
						il işlədiyim məktəbdən   ali məktəbə qəbul olanlar 
						sırasında   dərs dediyim şagirdlərim olanda sevincimin 
						həddi  olmur. Fikirləşirəm  ki, çəkdiyim zəhmət hədər 
						getməyib, bu uğurların qazanılmasında  mənim də payım 
						var . 
						
						
						Hər il olduğu kimi,  bu günlərdə də onu  müəllimlər günü 
						münasibətilə təbrik edənlər arasında şagirdlərindən 
						Azərbaycan Texniki Universitetində oxuyan Nigar 
						Qədirzadə, BDU-dakı təhsilini Təhsil Nazirliyinin xətti 
						ilə Kanadada davam etdirən Məhəmməd İsmayılzadə və 
						başqaları da  var idi. 
						
						
						Biz də belə bir əlamətdar gün - 5 Oktyabr Beynəlxalq 
						Müəllimlər  Günü münasibətilə  Vəzifə müəllimi təbrik 
						edir və ona bundan sonrakı  pedaqoji fəaliyyətində daha 
						böyük uğurlar arzulayırıq.  
						
						
						
						Şakir CƏFƏROV   |