| 
						 
						
						 Müəllim... 
						Bütün  zamanların ən şərəfli, müqəddəs peşələrindən 
						sayılıb.  Bu sözün işığı, ziyası, nuru hər birimizin 
						ürəyinə həmişə bir rahatlıq gətirib, ruhuna öz şöləsi 
						ilə işıq salıb. Bu müqəddəs peşə sahibləri uşaqlara, 
						fidan balalara ilk hərfi, ilk rəqəmi öyrədərək onları 
						gələcək həyata hazırlayırlar. Bakıdakı 54 nömrəli tam 
						orta məktəbin müəllimi, peşəsini sevən, uşaqlarla 
						işləməkdən zövq alan Rəna Seyidova da belə 
						ziyalılarımızdandır.  
						
						
						R.Seyidova Gədəbəyin İsalı kəndində doğulub. Uşaqlara 
						sevgi, qayğı, həssas münasibət, tükənməz sevgi onu 
						pedaqoji universitetin ibtidai təhsilin pedaqogikası və 
						metodikası fakültəsinə gətirib. Nümunəvi, öncül tələbə 
						kimi ad çıxarıb, müəllim və tələbə yoldaşlarının 
						sevimlisinə çevrilib. Əsl ziyalı xanıma xas 
						keyfiyyətləri özünə cəmləşdirən Rəna Seyidova az 
						keçməmiş fəaliyyətə başladığı 54 nömrəli məktəbdə də həm 
						kollektivin, həm də uşaqların və valideynlərinin əzizi 
						olub, onların rəğbətini və hörmətini qazanıb. 37 illik 
						pedaqoji təcrübə müddətində bir gün də olsun 
						tələbkarlıq, nümunəvilik, işinə məsuliyyət, yenilik, 
						daim axtarışda olmaq hissləri onu tərk etməyib. Bu 
						müddət ərzində o, hər bir şagirdini doğma balası kimi 
						əzizləyərək onlara ömründən nur paylayıb addım-addım. 
						Bölüşdürdükcə bitməyən ziyasından hər bir şagirdinə bir 
						pay verib. Bir müəllim, ziyalı üçün bundan böyük 
						xoşbəxtlik yoxdur əslində. Vaxt keçəcək, bu günün 
						birinciləri -  Ərhan, Nadir, Hüseyn, Jalə, Ayxan, Cavid, 
						Məhəmməd, Sübhan, Elgün məktəbi bitirəcək və bəlkə də 
						çox şeyləri unudacaqlar. Amma unuda bilməyəcəkləri bircə 
						müəllim olacaq. Onlara qələm tutmağı öyrədən Rəna 
						müəllim.   |