| 
						 
						
						
						Müstəqil respublikamızda   həyata keçirilən təhsil 
						islahatının ilk addımı təhsilin humanistləşdirilməsi, 
						müəllim-şagird, şagird-müəllim münasibətlərinin 
						insaniləşdirilməsidir. Bu, təhsil işçilərinin, əsasən 
						müəllimlərin nəinki birinci dərəcəli  vəzifəsinə, eyni 
						zamanda onların müqəddəs borcuna, fəaliyyətinin məğzinə 
						çevrilməlidir.   Müəllim adını daşıyan hər bir pedaqoq  
						"İnsanlıq  emalatxanası" olan məktəbin aparıcı 
						qüvvəsidir. Ona görə ki, dərin bilik, möhkəm bacarıq, 
						yüksək tərbiyəlilik zirvəsinə gedən yol dərsdən keçir, 
						müasir tərbiyənin ziyası ilə  işıqlanır, müəllim  
						yaradıcılığı ilə cilalanır, büllurlaşır. Dərsin 
						"sükançısı" nüfuzlu, qayğıkeş, yaradıcı müəllimdir.  
						
						
						Pedaqoji təfəkkürün inkişafı dərsdə özünü büruzə verir. 
						Dərsdə şagird özünü sərbəst hiss etməli, bildiyini 
						deməkdən çəkinməməlidir. "Sən xeyli fəallaşmısan", 
						"Sənin yaxşı yaddaşın var", "Belə getsə sən əlaçı 
						olarsan" ruhverici sözləri müəllim şagirdə deməlidir. 
						Bunun üçün müəllimdən böyük ustalıq, pedaqogikanı, 
						psixologiyanı, öz fənnini yaxşı bilmək, təmkin, ağıl, 
						hikmət və ədalət kimi sifətləri özündə cəmləşdirmək 
						tələb olunur. 
						
						
						Müəllimin nüfuzu, onun şəxsiyyəti o zaman dəyərli olur 
						ki, o, yüksək ictimai şüura, siyasi mədəniyyətə, dərin 
						elmi zəkaya, mənəvi zənginliyə, əxlaqı saflığa və 
						ləyaqətə malik olsun. 
						
						
						Müəllim təlim-tərbiyə prosesində əsas simadır. Öz 
						üzərində çalışan, daim axtarışda  olan, həmişə yeni 
						fikirlə sinfə daxil olan hazırlıqlı və yüksək 
						şəxsiyyətli müəllimlər həm şagirdlərin, həm 
						valideynlərin, həm də ictimaiyyətin hörmətini qazanır, 
						işlərində yaxşı səmərə əldə edirlər. 
						
						
						Məhz buna görə də müəllimin nüfuzu, şəxsiyyəti, 
						qayğıkeşliyi, mehribanlığı, ziyalılığı şagirdlərin 
						təlim-tərbiyə prosesində mühüm rol oynayır. Bütün gözəl 
						sifətlərin sahibi olan müəllimin əlindən heç vaxt "zay" 
						məhsul çıxmaz. 
						
						
						Uşaqların daxili keyfiyyətləri müəllim tərəfindən öz 
						vaxtında kəşf edilməli, uşaqları  mənfi  sifətlərdən 
						qorumaq yolları, metodları, priyomları tapılmalıdır. 
						Bunun üçün uşağın bütün keyfiyyətləri ələkdən, süzgəcdən 
						keçməlidir. Müəllim ta qədimdən xalqın gözündə kamil 
						sayılıb. Onun bütün hərəkətləri başqa peşə sahiblərindən 
						tez gözə dəyir. Müəllimin danışığı, oturuşu, duruşu, 
						geyimi, şagirdlərlə davranmağı həmişə izlənib. 
						
						
						Müəllim cəmiyyətin bilikli, bacarıqlı, mədəni üzvüdür. 
						Ona görə də o, xalqın gözündə humanistdir, mülayimdir, 
						mehribandır, sadədir. Belə keyfiyyət və xasiyyət sahibi 
						olan müəllim ucadan danışmaz, acı sözlə könül sındırmaz, 
						kimsənin qəlbinə toxunub onu incitməz. 
						
						
						Müəllim sinifdə əsas simadır. O, şagirdlərin qəlbində 
						böyükdür, uludur, yenilməzdir. Müəllim ustaddır. 
						
						
						Belə yüksək ada layiq olan şəxs - müəllim şagird 
						şəxsiyyətinə hörmət və ehtiramla yanaşmalıdır. Müəllim 
						şagirdin qabiliyyətini, bacarığını, istedadını, nəyə 
						qadir olduğunu üzə çıxarmaqda mahir olmalıdır. Apardığım 
						müşahidələr nəticəsində öyrənmişəm ki, mənəviyyatı 
						zəngin olan müəllimdən heç kim narazılıq etmir. 
						
						
						Müəllim metod seçməyi bacarmalıdır. Təhsil 
						islahatlarının tələblərinə uyğun hərəkət etməlidir. 
						Passivlikdən fəallığa, ənənəvilikdən interaktiv üsula, 
						fəal təlimə keçməlidir. Səbirli olmaqda, nəzakətli 
						davranmaqda, mərhəmət göstərməkdə hamıdan yüksəkdə 
						durmalıdır. 
						
						
						Xatirimdədir, 1957-ci ildə Bakının 44 nömrəli məktəbində 
						təcrübə keçirdik. O vaxt mürəkkəbqabı, qələmlər partanın 
						üstündə kərtilmiş yerdə olardı. 
						
						
						VII sinifdə "açıq dərs"im idi. Metodistlər, qrup 
						yoldaşlarım arxa cərgədə əyləşmişdilər. Dərsin təhlili 
						mənim taleyimi həll edirdi. "3" qiyməti alsaydım mənim 
						təqaüdüm kəsilirdi. Dərsdə suallara cavab verə bilməyən 
						bir şagirdə "2" qiymət yazdım. Bu, şagirdi narahat etdi. 
						O, yerindən durdu, partanın üstündəki mürəkkəbqabını 
						götürüb gəlib qənşərimdə dayandı: 
						
						
						-Müəllim. Xahiş edirəm, alın bu badəni nuş edin! 
						
						
						Mən çıxılmaz vəziyyətə düşmüşdüm. Lakin səbirli olmaq, 
						hikkəmi cilovlamaq dadıma çatdı. 
						
						
						Yadımdadır, VII sinifdə oxuyan "Q"-nın əlindən dad aman 
						çəkən fizika müəllimi onu həmişə danlayır, gözümçıxdıya 
						salır və rübdə "2" qiymət verirdi. Bir dəfə mənə məlumat 
						verdilər ki, "Q" ikinci mərtəbədən xalçanı endirdi. 
						Maraqlandım. Aydın oldu ki, xalça sahibi xalçanı 
						balkondan asıb günə verirmiş, "Q" gedib bir yekə pişik 
						tapır və gətirib xalçanın üstünə atır. Pişik xalça 
						yuxarı dırmaşdıqca, xalça sürüşür aşağı. Fizika 
						fənnindən "qeyri-kafi" qiymət alan şagird, "təsir 
						əks-təsirə bərabərdir qanunu"ndan məharətlə istifadə 
						edir. Deməli, şagirdin düşünmə tərzi var. Onun başqa 
						qabiliyyəti də olmamış deyil. Bunları üzə çıxarmaq üçün 
						kamil müəllim olmalıdır. 
						
						
						Uşaqlar lap kiçik yaşlarından hər işi həvəslə özləri 
						görmək istəyirlər. Corabını, ayaqqabılarını tərsinə 
						geyinsə də özü geyinmək, xörəyi qaşıqla özü yemək, 
						çantanı özü götürmək istəyir. Lakin ata-ana bu həvəsini 
						uşaqların gözlərində qoyurlar, onları incidir, üstlərinə 
						qışqırırlar:   
						
						
						- Sən özün yemək yeyənsən, üst-başını batırarsan. Sən 
						corab geyinənsən, ilməsini qaçırarsan. Sən ayaqqabı 
						geyənsən, dabanını əzərsən və s. Bundan sonra da uşaqlar 
						corab geyinmək, xörək yemək, su içmək istəyəndə anasını 
						köməyə çağırır. Axı anası deyib ki, sən özün bunları 
						bacarmazsan. 
						
						
						Uşaqlar ailədə dərindən öyrənilməlidir, onun arzularına 
						diqqətlə, qayğıyla yanaşılmalıdır. Şagird müəllimdən 
						mərdliyi, sərtliyi, eniş-yoxuş çıxmağı, gözəlliyə 
						baxmağı, erkən yaşlarından öyrənməlidir.Valideyn uşağı 
						məktəbə, məktəb isə onları həyata hazırlayır. Hər iki 
						tərəf bilməlidir ki, uşaqlar dünyanın sevincidir, 
						onların sevincini almaq günahdır. Bu gün təhsilimizə 
						dövlət qayğısı danılmazdır. Yeni məktəblərin inşası, 
						köhnə təhsil ocaqlarının əsaslı təmiri, dünya 
						standartlarına cavab verməsi sevindiricidir.  
						
						
						
						Əvəz Mahmud LƏLƏDAĞ  |