| 
						 
						
						 51 
						nömrəli tam orta məktəb Bakı şəhərinin qabaqcıl  təhsil 
						müəssisələrindən biridir. Bu tədris ocağı 2010-2011-ci 
						dərs ilində "Ən yaxşı ümumi təhsil müəssisəsi" adına 
						layiq görülüb. Məktəbdə yaradılan nizam-intizam, 
						kadrların öz işinə məsuliyyətlə yanaşması şagirdlərin 
						dərsə hazırlaşmasına, biliklərə dərindən yiyələnməsinə 
						müsbət təsir göstərir. 
						
						
						Şagirdlərin məktəb illərində qazandığı uğurların əsası, 
						təbii ki, ibtidai siniflərdən başlayır. Çünki onlara ilk 
						yazıb-oxumaq vərdişlərini, davranış qaydalarını ibtidai 
						sinif müəllimləri öyrədir. Belə qabaqcıl müəllimlərdən 
						biri də 2 "a" sinfinin rəhbəri Səkinə İbadovadır. Səkinə 
						müəllim 1984-cü ildə N.Tusi adına Pedaqoji Universiteti 
						bitirib. Özünün dediyinə görə, uşaqlarla işləmək həvəsi 
						onda hələ gənc yaşlarından yaranıb. Elə bu istəyi də onu 
						51 nömrəli tam orta məktəbə gətirib. 25 ilə yaxındır 
						ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Həmişə 
						öz üzərində çalışan, bilik və bacarığını təkmilləşdirən 
						Səkinə müəllim şagirdlərinin milli ruhda yetişməsinə, 
						müasir texnologiyalardan istifadə etməklə təhsil 
						sahəsində baş verən yeniliklərdən xəbərdar olmasına səy 
						göstərir. S.İbadova qeyd edir ki, əvvəllər dərsliklər 
						standart proqramlar əsasında hazırlanırdı. Biz də həmin 
						proqramlardan kənara çox çıxa bilmirdik. İndi isə yeni 
						dərsliklər şagirdlərin inkişafı, onların sərbəst şəkildə 
						mühakimə yürütməsi üçün geniş imkanlar yaradır. Hər bir 
						dərsi çalışırıq ki, canlı diskussiya şəklində quraq. 
						Mövzulara uyğun xalqımızın tarixindən, mədəniyyətindən 
						uşaqların dərk edəcəyi səviyyədə məlumat verilir. 
						Müharibə şəraitində yaşayan Azərbaycanın bilikli, 
						peşəkar kadrlara daha çox ehtiyacı var. Bu günlərdə 870 
						illik yubileyini təntənə ilə qeyd etdiyimiz dahi 
						şairimiz Nizami Gəncəvi demişkən: 
						
						
						
						- Qüvvət elmdədir, başqa cür heç kəs,  
						
						
						
						Heç kəsə üstünlük eyləyə bilməz. 
						
						
						Doğrudan da, bu gün məktəbdə ilk kövrək addımlarını atan 
						uşaqların gələcəkdə xalqımızın layiqli övladları kimi 
						yetişməsində biz müəllimlərin üzərinə böyük məsuliyyət 
						düşür. Ölkə rəhbərinin təhsil sahəsinə diqqət və 
						qayğısını hər an hiss edir və bu etimadı öz üzərimizə 
						düşən vəzifələri layiqincə yerinə yetirməklə doğrultmağa 
						çalışırıq. 
						
						
						5 oktyabr - müəllimlərin peşə bayramı günü münasibətlə  
						pedaqoji sahədə çalışan bütün təhsil işçilərini  təbrik 
						edir, onlara xalqımızın işıqlı sabahı naminə yorulmaz 
						fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.  
						
						
						
						Qabil YUSİFOĞLU  |