| 
						 
						
						 Akademik 
						Vasim Məmmədəliyevin ilahi lütfdən gələn istedadı, güclü 
						hafizəsi, dərin elmi  təfəkkürü, yorulmaz pedaqoji 
						fəaliyyəti, Azərbaycan "milli ictimai şüurunun 
						zənginləşdirilməsində" (Nizami Cəfərov) rolu, ziyalı və 
						şəxsiyyət məfhumlarını qürurla birləşdirmək bacarığı, 
						çoxları üçün səmimi dost və yoldaş anlayışlarını 
						nümunəvi şəkildə ifadə etməsi onu fenomen səviyyəsinə 
						qaldırmışdır. Bu, Vasim müəllimin həyatının bütün 
						dövrlərində  nadir hadisə kimi özünü göstərmişdir. 
						V.Məmmədəliyevə məxsus fəzilətin mayası Qurani-Kərimin 
						"Hədid" surəsində buyurulduğu kimi "seçilmişlər üçün 
						ilahi vergidən" (Şeyxülislam Hacı Allahşükür Paşazadə) 
						gəlir: "Lütf, mərhəmət Allahın əlindədir, onu istədiyinə 
						bəxş edir. Allah çox böyük mərhəmət, kərəm sahibidir". 
						İlahi bəxşin sayəsində Vasim müəllimin canına  və qanına 
						hopmuş çalışqanlıq, zəhmət və qətiyyətli israr onun 
						varlığını nadir hadisəyə çevirmiş,  bu şəxsiyyət 
						ölkəmizin şərqşünaslığı tarixində təkrarsız yerini 
						tutmuşdur. Ürəyində dərin Allah sevgisi olan mərhum ata 
						Məmmədəli müəllim sovet ümumtəhsil məktəbi ilə yanaşı, 
						yeniyetmə Vasimə islam dininin əsaslarını, ərəb və fars 
						dillərini öyrətmək istiqamətini verməklə Tanrının 
						buyurduğu bilik və elm yollarında onun seçimi 
						müəyyənləşmiş olur. 
						
						
						V.Məmmədəliyevin tələbəliyi fərqli, bənzərsiz olmuşdur. 
						Mən onu 1960-cı ildən Azərbaycan Dövlət Universiteti 
						(indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq 
						fakültəsinin ərəb şöbəsinin birinci kurs tələbəsi 
						olduğum vaxtdan tanıyıram. O, ikinci kurs tələbəsi idi. 
						Lakin ərəbşünaslığın sehrli aləminə kövrək addımlarını 
						atanların diqqətini özünə çəkməyə başlayırdı. Sanki bu 
						istedadlı tələbə ərəb dilinin o vaxtkı universitet 
						proqramını artıq mənimsəmişdi. Tələbə Vasim üçün 
						auditoriyada verilən bilik kifayət etmirdi. Çünki  bu 
						"fenomenal yaddaş və istedad sahibi" (Elxan Əzizov) 
						ərəb  filologiyasının universitet proqramını artıq 
						mənimsəmişdi. Vasim qoltuğunda və ya çantasında dəftər 
						gəzdirən tələbə deyildi. O, yalnız zehninə, iti 
						hafizəsinə arxayın olurdu. V.Məmmədəliyev proqramlardan 
						kənara çıxaraq zəngin ərəb dilinin qayda-qanunlarının 
						tarix boyu öyrənilməsi ənənələrinə yiyələnməyə müvəffəq 
						olur, canlı danışıq dilini uğurla öyrənir, klassik fars 
						və türk qaynaqlarına əl  atırdı. Onun maraq dairəsində 
						Quranı öyrənmək, islam dininin başlıca qaynaqları ilə 
						ətraflı tanış olmaq kimi  sovet dövrü üçün cəsarətli 
						addımlar atırdı.  
						
						
						Tələbə Vasim maraqlı tələbəlik dövrünün böyük və ya 
						kiçik bütün hadisələrində iştirak edir, özü yataqxanada 
						qalmasa da qayğılı yataqxana həyatının özünəməxsus 
						xüsusiyyətləri ilə də yaşayırdı. 
						
						
						Universiteti bitirdikdən sonra da V.Məmmədəliyev elm 
						kəsb etmək yolunu israrla davam  etdirirdi. Böyük Xətib 
						Təbrizi elm qazanmaq ehtiyacını qədim Bağdadda, Şamda 
						aramışdır. Vasim bu ehtiyac dalınca o dövrdə görkəmli 
						ərəbşünasların çalışdığı Tbilisiyə üz tutmuş, aspirant 
						olaraq akademik Georgi Seretelinin yanında çalışmışdır. 
						Vasim Məmmədəliyev ondan elmi  istiqamət aldığı kimi özü 
						də Quranın anlamı,  islamı və islam dini qaynaqlarının 
						öyrənilməsində bir çox məsələlərin dərkində gürcü 
						ərəbşünaslarına kömək etmişdir. Bu, fenomen şəxsiyyətə 
						xas olan cəhətdir. Elm yollarında Vasimin israrlı 
						addımları onunla nəticələndi ki, namizədlik 
						dissertasiyasından sonra  tezliklə 1974-cü ildə 
						doktorluq dissertasiyası müdafiə edərək Azərbaycanda 
						ərəbşünaslıq sahəsində yeni məktəbin yaranmasının 
						əsasını qoydu. O, 32 yaşında ərəbşünaslıq sahəsində 
						nəinki respublikamızda, habelə o vaxtkı bütün SSRİ-də ən 
						gənc elmlər doktoru oldu. Ölkəmizdə  ərəb  dilinin 
						tədrisi mərhum müəllimimiz professor Ələsgər Məmmədovun 
						adı ilə bağlandığı kimi, ərəbşünaslığın elmi şəkildə bir 
						məktəb kimi  formalaşması və inkişafı akademik Vasim 
						Məmmədəliyevin fəaliyyətinin nəticəsidir. Buna nail 
						olmaq üçün Vasim müəllim öz yolu ilə qəti bir israrla 
						getmişdir. İstər "Müasir ərəb ədəbi dilində feilin 
						zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda 
						doktorluq dissertasiyasında, istərsə klassik ərəb 
						dilçilik məktəbləri haqqında  "Ərəb dilçiliyi", "Bəsrə 
						qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Quran 
						və elm" kimi monoqrafik tədqiqatlarında bu tipli işlərin 
						tələb etdiyi gərgin elmi araşdırmalar aparmışdır. Onun 
						elmi nəticələri VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad, 
						Misir və Əndəlus filoloqları arasında böyük  
						diskussiyalar, klassik ərəb dilinin fonetika, 
						morfologiya, sintaksis və  leksikologiyasında mübahisə 
						doğurmuş 121 məsələnin  müasir dilçilik elminin 
						nəticələri əsasında aydınlaşdırılmasına kömək edir. 
						Vasim müəllimin toxunduğu problemlər ərəb dilçiliyi ilə 
						məşğul olmuş, demək olar ki, bütün tədqiqatçıların 
						diqqət mərkəzində olmuş və olmaqdadır. 
						
						
						Akademik V.Məmmədəliyev tədqiqatlarında orta əsr ərəb 
						filoloqları, Avropa şərqşünasları, rus və müasir 
						ərəbşünasların ərəb dilçiliyi və qrammatika məktəblərinə 
						dair fikir və mülahizələrinə münasibət bildirmiş və bu 
						sahənin öyrənilməsində yeni nəticələr əldə etmişdir. 
						Onun qənaətləri samişünaslıq və ümumi dilçilik üçün çox 
						dəyərlidir. Bu qiymətli əsərlərilə akademik 
						V.Məmmədəliyev Azərbaycan ərəbşünaslığının nüfuzunu 
						dünyaya tanıtdırmışdır. Onun elmi əsərləri eyni  zamanda 
						dünya şərqşünaslığına layiqli töhfədir. 
						
						
						V.Məmmədəliyevin fitri istedadı, ağıl vergisi möcüzə 
						təsirini bağışlayır. Hafizənin güclülüyü haqqında oxuyub 
						eşitdiyim müasir humanitar bilikli şəxsiyyətlərdən 
						söhbət gedəndə, ilk növbədə, Vasim müəllim yada düşür. 
						Onun böyük üstünlüyü ərəb, fars, türk filologiyasını 
						yaxşı bilməsi, bu dillərlə yanaşı rus və ingilis 
						dillərinə yiyələnməsidir. Çoxsaylı qaynaqlardan müqayisə 
						yolu ilə nümunə və mühakimələri olduğu kimi yada  salmaq 
						hər tədqiqatçının hünəri deyil. Bu hünər Vasim 
						Məmmədəliyevə xasdır. O, Şərqin böyük alim və 
						şairlərinin poetik  irsindən çoxlu şeirləri birnəfəsə 
						söyləyə bilir. Onun güclü yaddaşı analitik təfəkkürü ilə 
						ahəng təşkil edir.  
						
						
						Bu kimi dəyərli keyfiyyətləri davamlı şəkildə inkişaf 
						etdirən akademik V.Məmmədəliyev həmişə mütaliə ilə 
						məşğul olur, dünya elmindəki yenilikləri izləyir. O, 
						şərqşünaslıqda ensiklopedik biliyə  malik olan bir şəxs 
						kimi tanınır. Onun Ərəb Şərqi və islam dünyası haqqında 
						biliklər xəzinəsində ərəb dilçiliyi, ədəbiyyatı və 
						tarixi, Şərq filologiyası və mürəkkəb poetika sistemi, 
						islam tarixi, Azərbaycan ədəbiyyatı, əruz  və musiqi, 
						muğam sənəti və ifaçılıq tərzi haqqında mühazirə, söhbət 
						və mühakimələri hamı tərəfindən maraqla dinlənilir. 
						Musiqi sənəti ilə məşğul olanlar Vasim müəllimin əruz və 
						ahənglə bağlı söhbətlərini dinləməyi özünə borc 
						bilirlər.  
						
						
						V.Məmmədəliyev Şərq dünyasını, ərəb filologiyasını 
						öyrənməkdə birtərəfli mövqedə durmur, dünya 
						mədəniyyətinin və Qərb sivilizasiyasının dəyərli 
						məqamlarını təqdir edərək bəşər elminin inkişafına öz 
						payını verməyə çalışır. O, elm və din problemi haqqında 
						ilahi kəlamları əsas tutan bir araşdırıcı kimi ilahiyyat 
						elminin uğur qazanmasına xidmət edir. Bakı Dövlət 
						Universitetində İlahiyyat fakültəsinin təşkil 
						edilməsində böyük rolu olan akademik V.Məmmədəliyev 
						həmin fakültənin dekanı və eyni zamanda şərqşünaslıq 
						fakültəsində ərəb filologiyası kafedrasının müdiridir. 
						Şeyxülislamın təşəbbüsü ilə Qafqaz Müsəlmanları 
						İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi-dini şurada 
						bəşəriyyətin elmi inkişafını təqdir edən islam dininin 
						müasir cəmiyyətdə rolu və ona münasibətlə bağlı müxtəlif 
						məsələlərin çözülməsinə dair problemlərə baxılır və 
						münasibət bildirilir. Sağlam ağıl, düşüncə və elmi 
						təqdir edən islam dini insanın təfəkkürünün 
						dərinləşməsini nəzərdə tutur və Allahı tanıyıb dərk 
						etməkdə elmin rolunu yüksək qiymətləndirir. Bu yolda 
						təsəvvüf fəlsəfəsinin zənginləşməsində məşhur alim 
						Qəzalinin xidməti ondan ibarət olmuşdur ki, əsərlərində 
						təsəvvüflə elmi idrakı birləşdirməyin əsaslarını 
						müəyyənləşdirmişdir. Akademik V.Məmmədəliyev islam dini 
						və elm, Qurani-Kərim və elm  mövzularının müasir, 
						müstəqil Azərbaycan şəraitində ictimai dərkini 
						asanlaşdırmaq üçün əsərlər yazır, çıxışlar edir və 
						maraqlı söhbətlər qurur. Bu baxımdan, Vasim müəllimin 
						Azərbaycan televiziyası ilə "Haqqın dərgahı"ndakı 
						müntəzəm və davamlı çıxışları çox maraqla qarşılanır. 
						
						
						Vasim müəllim ölkəmizdə uzun illərdən bəri  insanların 
						mənəvi ehtiyac duyduğu bir işin - Qurani-Kərimin 
						Azərbaycan dilinə tərcüməsinin (1971) öhdəsindən uğurla 
						gəlmişdir. Akademik Ziya Bünyadovla birgə yerinə 
						yetirilmiş bu iş Azərbaycan ilahiyyatçı alimləri Mir 
						Məhəmməd Kərim ağa (1906) və Məhəmməd Həsən Movlazadə 
						Şəkəvinin (1908) savab qazandıran zəhmətlərinin 
						davamıdır. Hacı Vasimin tərcüməyə yazdığı ön söz ilahi 
						kitabın ölkəmizdə müasir şəraitdə dəyərləndirilməsi üçün 
						lazım olan istiqamətləri müəyyənləşdirmişdir. 
						Qurani-Kərimin bu uğurlu tərcüməsi artıq Ukrayna, 
						Türkiyə, İran və Pakistanda da təkrar nəşr edilmişdir. 
						Vasim müəllim hər nəşrdə tərcümə üzərində yenidən 
						işləmişdir. 
						
						
						V.Məmmədəliyev ilahiyyat elmləri sahəsində biliyi ilə 
						seçilən şəxsiyyət kimi bir çox elmi və dini tədbirlərdə 
						aparıcı rol oynayır. İstər İslam Konfransı Təşkilatı 
						xəttilə, istərsə  elmi, ədəbi məzmunlu beynəlxalq və 
						respublika miqyaslı konfrans və simpoziumlarda akademik 
						V.Məmmədəliyevin iştirakı ölkəmizin alimləri və 
						iştirakçıları üçün başucalıq gətirir. 
						
						
						Misir, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Mərakeş, 
						Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Küveytdə, habelə 
						Türkiyə, İran, ABŞ, İtaliya, Polşa, İndoneziya, Çad 
						Respublikasında keçirilmiş dini və elmi tədbirlərdə o, 
						bir sıra hallarda iclaslara sədrlik  etmişdir. İstedadlı 
						alimin analitik düşüncələrdən doğan yeni elmi fikirlər 
						irəli sürməsi, ərəb, fars, rus və ingilis dillərində 
						sərbəst danışması, ərəb, fars və klassik türk dillərində 
						ilkin qaynaqlara aid çoxlu miqdarda elmi, dini, poetik  
						nümunələri hafizədən söyləmək bacarığına görə beynəlxalq 
						konfranslarda çıxışları həmişə diqqət mərkəzində 
						olmuşdur. Məsələn, 1994-cü ildə M.Füzulinin 500 illik 
						yubileyinə həsr edilmiş Bağdadda beynəlxalq konfransda 
						çıxışını səlis ərəb dilində quran və iclasa sədrlik edən 
						professor V.Məmmədəliyev haqqında tanınmış İraq alimi 
						Hüseyn Əli Məhfuz yanında oturanlara - bizə dedi: "Bu 
						şəxs istedadlı adamdır. Ərəb dilində fikirlərini belə 
						yüksək səviyyədə ifadə etməsi məni heyrətə gətirdi". 
						Hacı Allahşükür Paşazadə beynəlxalq konfranslarda Vasim 
						müəllimin çıxışlarının  çoxunu dinləyən bir münsif kimi 
						deyir: "Hacı Vasim çıxış etdikdə biz fəxr edirik, qürur 
						hissi keçiririk".  
						
						
						Vasim müəllim bir alim və pedaqoq kimi nüfuzu və əməli 
						fəaliyyətilə Azərbaycan ərəbşünaslığını xeyli irəli 
						aparmaqla respublikamızın ərəb ölkələrilə elmi və mədəni 
						əlaqələrinin inkişafına böyük təsir göstərmiş və 
						göstərməkdədir. V.Məmmədəliyevin bu sahədəki fəaliyyəti  
						Azərbaycan Respublikasının Şərq aləmində və beynəlxalq 
						miqyasda tanınmasına kömək edir, ölkəmizin elmi 
						potensialının və dərin elmi düşüncəyə malik 
						istedadlarının gücündən xəbər verir.  
						
						
						Azərbaycan-ərəb ədəbi, elmi və mədəni əlaqələrinin 
						inkişafında görkəmli alimin rolu fəaliyyətinin bütün 
						sahələrinə aiddir: nəşr etdiyi əsərlərinə, beynəlxalq və 
						regional konfrans və tədbirlərdəki məruzə və 
						çıxışlarına, tələbə və elmi-pedaqoji kadrlar 
						hazırlanmasına, tanınmış ərəb alimləri  və 
						şəxsiyyətlərilə görüşləri və əlaqələrinə, ərəb və 
						Azərbaycan dillərinə etdiyi tərcümələrinə.  
						
						
						V.Məmmədəliyevin Rabatda Təhsil, Elm və Mədəniyyət 
						işləri üzrə İslam Təşkilatının (İSESKO) xəttilə nəşr 
						etdiyi "Azərbaycan dilinin ərəb hərflərilə ifadəsi" 
						kitabı (1999) ərəb oxucularını Azərbaycan dilinin 
						tarixi, dil və əlifba, ərəb əlifbasının tarixi rolu kimi 
						məsələlərlə tanış edir. 
						
						
						Xarici ölkələrin, xüsusilə ərəb ölkələrinin müxtəlif 
						elmi və ədəbi jurnallarında alimin 60-a yaxın məqaləsi 
						çıxmışdır. Məqalələr Bağdad, Mərakeş, Əbu Dabi, Tehran, 
						İstanbulda "Sovtul-ittihad", "Əd-diya", 
						"Əl-iqtisad-əl-islami", "Varlıq", "Türkiyə Diyanət 
						Vəqfi", "Ədəbestan" və başqa jurnallarda, Bağdadda işıq 
						üzü görmüş "Füzuli əl-Bağdadi" məcmuələrində nəşr 
						edilmişdir.  
						
						
						V.Məmmədəliyevin Azərbaycan dilindən ərəb dilinə, ərəb 
						dilindən Azərbaycan dilinə tərcümə etdiyi əsərlər və 
						nümunələr mövzu baxımından çeşidlidir. Ərəb dilinə 
						tərcümələr arasında "Xaqani Şirvani. Rübailər", "Cəlil 
						Məmmədquluzadə. Hekayələr", "H.Araslı. Xaqani Şirvani" 
						kitabçaçı, rus müəllifi professor A.Rojdestvenskinin 
						"Fikrət Əmirov" monoqrafiyası və F.Əmirovun "1001 gecə" 
						baletinin librettosunu göstərmək olar. Azərbaycan 
						oxucuları Livan şairi Mişel Suleymanın şeirlərilə 
						V.Məmmədəliyevin sətri tərcüməsi, xalq şairi Nəbi Xəzri 
						və Cabir Novruzun poetik tərcüməsi əsasında tanış 
						olmuşlar. Ərəb müəllifi Nizar Səlimin Nailə Nəzirova ilə 
						birgə yazdıqları "Təmmuzun qayıdışı" baletinin 
						librettosunun Azərbaycan dilinə tərcüməsi də Vasim 
						müəllimə məxsusdur. Onun tərcümə etdiyi bir çox 
						nümunələr Azərbaycan Radio və Televiziya Verilişləri 
						Şirkətinin ərəb dilində verilişlərində yayımlanmışdır. 
						
						
						Akademik V.Məmmədəliyevin elmi nüfuzu sayəsində ərəb 
						ölkələrindən bir çox tədqiqatçılar ərəb filologiyası 
						ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmək 
						üçün Azərbaycana gəlirlər. O, Misir, Küveyt və BƏƏ-dən 
						gəlmiş bir neçə dissertantın elmi rəhbəri olmuşdur. 
						Misirli Məhəmməd Abdulla Əbu Zeyd, suriyalı Əbdülfəttah 
						ibn Rəmzi və Rizvan Dibsi V.Məmmədəliyevin rəhbərliyilə 
						filologiya doktoru alimlik dərəcəsini almışlar. 
						Ümumiyyətlə, alim bu sahədə 20-yə qədər doktorantın 
						opponenti olmuşdur.  
						
						
						Tarix boyu əlaqələrimizin davam etdiyi İraq, İran, 
						Türkiyə, Suriya, Misir kimi ölkələrdə akademik 
						V.Məmmədəliyevin fəaliyyəti elmi qurumlar tərəfindən 
						qiymətləndirilmiş və Azərbaycan alimi həmin ölkələrdə 
						akademiyaların, elmi cəmiyyətlərin üzvü seçilmişdir. 
						İraqda və Misirdə ərəb dili akademiyalarının, Suriyada 
						Quran Elmləri və ərəb Filologiyası Akademiyasının, 
						mərkəzi Səudiyyə Ərəbistanda (Ciddə şəhərində) yerləşən 
						İslam Təşkilatı Konfransının Müsəlman Hüququ 
						Akademiyasının üzvü, Beynəlxalq Əhli-beyt Cəmiyyətinin 
						(İran) həqiqi üzvü, habelə Türkiyə Elmi Araşdırmalar 
						Vəqfinin fəxri üzvü. Uzun müddətdir ki, akademik 
						V.Məmmədəliyev Azərbaycan-İraq Dostluq Cəmiyyətinin 
						sədridir. Ölkələr arasında dostluq münasibətlərinin 
						qurulmasında, müstəqil Azərbaycan Respublikasının 
						beynəlxalq aləmdə tanınmasında xalq diplomatiyasından 
						söhbət getdikdə Vasim müəllimin fəaliyyətini nümunə 
						göstərmək olar.  
						
						
						
						İmamverdi HƏMİDOV, 
						AMEA Nizami adına Ədəbiyyat  İnstitutunun 
						Qədim dövr ədəbiyyatı  
						şöbəsinin müdiri, filologiya elmləri doktoru  |