| 
						 
						
						Bu günlərdə Bolqarıstanda gənc musiqiçilərin "Ümid. 
						İstedadlar. Ustadlar" adlı XVII beynəlxalq müsabiqəsi 
						keçirilib. Professorlar Viktor Çuçkov (Bolqarıstan), 
						Tomislav Baynov (Almaniya) və Tamara Poddubnayadan (ABŞ) 
						ibarət münsiflər heyətinin yekdil qərarı ilə kiçik və 
						orta qruplarda Qran-pri nominasiyasında birinci mükafata 
						Azərbaycan ifaçıları - Bakı Musiqi Akademiyasının 
						məktəb-studiyasının şagirdləri Firuzə Bəylərova və Murad 
						Abbasov layiq görülüblər. 
						
						
						23 ölkədən 150 nəfərin iştirak etdiyi sənət yarışmasında 
						Qran-pri nominasiyasında mükafatlandırılan 15 nəfər 
						arasında  yer alan bu  iki yeniyetmə pianoçu yüksək 
						mükafatla yanaşı, Almaniyada müasir dövrün görkəmli 
						musiqiçilərinin ustad dərslərində iştirak etmək imkanı 
						da qazanıblar. 
						
						
						Qeyd edək ki, Bolqarıstanda  keçirilmiş bundan əvvəlki 
						müsabiqələrdə uğur qazanmış digər laureatlarımız da 
						Almaniyaya səfərlə mükafatlandırılıblar. Həmin 
						laureatlardin biri- Bakı Musiqi Akademiyasının 
						məktəb-studiyasının şagirdi Vüsalə Babayeva bu 
						yaxınlarda Hammelburq Musiqi Akademiyasında müxtəlif 
						ölkələrdən olan iştirakçılarla birlikdə ustad dərsində 
						müvəffəqiyyətlə çıxış edib.  
						
						
						
						Samirə KƏRİMOVA  |