| 
						 
						
						
						(Başlanğıcı ötən sayımızda)  
						
						
						
						Yaşıllıqlar şəhəri Kiyev  
						
						
						 Ukrayna 
						torpağına təyyarədən baxanda ən çox gördüyün şey 
						meşələr, ağaclıqlar, yaşıllıqlar olur. Bu ölkənin, demək 
						olar ki, bütün yaşayış məskənləri yaşıllıq içində üzür. 
						Doğrudur, bu yaşıllığı Ukrayna xalqına Allah bəxş edib, 
						ancaq xalqın da üstünlüyü ondadır ki, öz təbii 
						sərvətinin qədrini bilir, onu göz bəbəyi kimi qoruyur. 
						Bir ay olduğum üç şəhərin üçündə də: Kiyev, Odessa və 
						Xarkovda on hektarlarca sahəni tutan nəhəng bağları, 
						yeni salınmış, uşaqlı-böyüklü hər kəsin təmiz hava 
						uda-uda sakitlik içində dincəlməsi üçün hər cür şərait 
						yaradılmış, gül-çiçəklərə qərq edilmiş geniş parkları 
						gördükcə Azərbaycanın meşələrinin, Bakının bağlarının 
						gündən-günə əriyib yox olmasını gözlərim önünə gətirir, 
						milli sərvətimizə düşməncəsinə yanaşdığımıza əmin 
						oluram. Halbuki ukraynalılar öz sağlamlıqları naminə hər 
						ağacın, hər kolun qədrini bilir, onları övladları kimi 
						sevib qoruyurlar. 
						
						
						Kiyev Şəhəri Dövlət Arxivinin düz qarşısında ən azı 
						20-30 hektar olan böyük bir yaşıllıq sahə var. Onun 
						Yelena Teliqa küçəsinə açılan hissəsi sırayla əkilmiş 
						ağaclardan ibarət çox böyük bağdır, sonra eyni 
						genişlikdə təbii meşəlik başlayır, ondan sonra çox da 
						hündür olmayan dağ-dərə gəlir.  
						
						
						Hər gün arxivə getməzdən qabaq və arxivdən çıxandan 
						sonra bir saat bu park-meşə-dağda gəzişir, təmiz hava 
						alır, yorğunluğumu çıxarırdım. Adətən, parkdakı onlarca 
						oturacağın hamısı tutulduğuna görə mən meşəlikdə və 
						dağlıq hissədə gəzməyə üstünlük verirdim. Meşədə çoxlu 
						dələ vardı. Onlarla dostlaşmışdım. Məni görən kimi qaçıb 
						yanıma gəlirdilər. Şəhər mağazalarından onlar üçün 
						təmizlənmiş tum alıb gətirirdim, onlar da əlimdən alıb 
						yeyirdilər. Bağın daimi dincəlişçiləri də onlara qoz və 
						başqa meyvələr verirdi. 
						
						
						 Burada 
						bir məqama toxunmağı gərəkli sayıram. Bu böyük ərazinin 
						meşəlik və dağlıq hissəsi ukraynalı gənclərin də çox 
						sevimli yeridir. Onlar tez-tez 3-5 nəfərlik dəstələrlə 
						gəlir, burada yemək yeyir, spirtli içkilər içir. 
						Yediklərinin artığını, boş şüşələri, birdəfəlik plastik 
						qabları, qəzet parçalarını və b. burada atıb çıxıb 
						gedir, ətrafı əməlli-başlı zibilləyirlər. Doğrudur, 
						parkın içini hər gün təmizləsələr də bu sahələrə, demək 
						olar ki, diqqət yetirilmir, ona görə də zibillik baş 
						alıb gedir. Mən öz soydaşlarımdan tez-tez özümüzü 
						qınayan sözlər eşidirəm ki, bizim ağaclıq sahələrdə 
						yeyib-içmək mədəniyyətimiz aşağıdır, çünki hara getsək 
						oranı zibilləyirik. Açığı, Kiyevdəki mənzərəni görəndən 
						sonra bizim bu sahədə onlardan üstün olduğumuza 
						inandım.  
						
						
						
						Babiy Yar 
						
						
						 Dediyim bu sahə "Babiy Yar" adlanır. Kiyevin 
						quzey-günbatan hissəsindəki bu ərazidə 1941-1943-cü 
						illərdə alman işğalçıları dinc əhalini: ukraynalıları, 
						yəhudiləri, qaraçıları, qaraimləri, eləcə də hərbi 
						əsirləri kütləvi şəkildə güllələyiblər. Təkcə 150 min 
						nəfərdən artıq yəhudi məhv edilib. 
						
						
						Şənbə günü - iyulun 21-də arxivdəki dostum Sergey 
						Karamaş məni Babiy Yarla tanış etdi. Tərslikdən, 
						həmin gün şiddətli yağış yağırdı. İkimiz də çətir 
						götürsək də başdan-ayağa su içindəydik. Buna baxmayaraq, 
						Sergey təxminən iki saat məni bu böyük ərazidə gəzdirdi, 
						müharibədə həlak olanların xatirəsinə ucaldılmış bütün 
						abidələrlə tanış etdi.  
						
						
						Xatırladım ki, Sergey Karamaş bu işə sıravi Kiyev 
						vətəndaşı kimi deyil, peşəkar arxivçi-tarixçi kimi 
						yanaşır. O, Babiy Yarda məhv edilmiş bütün insanları 
						milliyyətindən və dinindən asılı olmayaraq öyrənib, bu 
						haqda kitab hazırlayıb (təəssüf ki, maddi imkansızlıq 
						üzündən onu nəşr etdirə bilmir). Sergeyin aşkara 
						çıxardığı rəqəmlər hələ Ukrayna tarixçilərinə bəlli 
						deyil.  
						
						
						 Yağış 
						qanımızı bərk qaraltsa da, S.Karamaşın söylədikləri mənə 
						çox maraqlıydı. Onun bildirdiyinə görə, ikinci dünya 
						savaşında 10 milyondan artıq ukraynalı məhv edilib. 
						Doğrudur, faşistlərlə əməkdaşlıqda bulunaraq öz xalqına 
						silah çevirənlər də olub, ancaq bütövlükdə Ukrayna xalqı 
						işğalçılara qarşı mətanətlə çarpışıb. Maraqlı burasıdır 
						ki, ukraynalıların nəcib ürəyi başqa millətləri də 
						işğalçılardan qoruyub. Kiyev telestudiyasının yanında 
						Sergey mənə minlərcə yəhudini ölümdən xilas etmiş və 
						buna görə güllələnmiş ukraynalı keşişə ucaldılan abidəni 
						də göstərdi.  
						
						
						Yaddaqalan bir fakt da. Kiyevdə façistlərin qırdığı 
						qaraçılara vaxtilə abidə qoyulub, ancaq günlərin birində 
						həmin abidə... oğurlanıb. Kim?, niyə?, necə? - bilinmir. 
						İndi onun yerində bircə xatirə daşı durur...  
						 
						
						
						Mən gəzdiyimiz, gördüyümüz yerlərin, abidələrin 
						hamısının fotosunu çəkdim. Təəssüf ki, nə Sergeydən 
						eşitdiklərimin hamısını, nə də çəkdiyim fotoları burada 
						vermək imkanım var.  
						
						
						
						Gözəlim Kiyev 
						
						
						  Ukraynalılar 
						öz tarixləriylə və paytaxtlarıyla fəxr edir. Buna 
						haqları da var. Kiyevdə, doğrudan, çox qədim tikililər, 
						ümumbəşəri önəmli memarlıq abidələri var. Tez-tez 
						eşidirəm: "Ruslar bizim tarixi öz adlarına çıxıb". Yeri 
						gəlmişkən, ilk müstəqil Ukrayna Cümhuriyyətinin 
						prezidenti, akademik Mixail Sergeyeviç Qruşevski 
						(1866-1934) "Ukrayna-Rusun tarixi" adlı 10 
						cildlik möhtəşəm əsərin müəllifidir və sovet dönəmində 
						həmin kitab "millətçi" adlandırılaraq yasaqlanıb. Bu gün 
						ukraynalılar həmin irsə yiyə çıxaraq öz tarixlərini 
						oradan öyrənir. 
						
						
						Bir istirahət günü şəhəri görməyə çıxdım. İlk dəfə 
						olduğum şəhərləri mən, adətən, piyada gəzməyi sevirəm. 
						Bu dəfə də elə etdim. Metronun "Arsenalnaya" 
						stansiyasında çıxıb, şəhərin yüksək bir təpəsində 
						yerləşən məşhur Andrey kilsəsinə baxmaq üçün yol aldım. 
						Addımbaşı möhtəşəm heykəllərlə və gözəl binalarla 
						qarşılaşırdım. Filosof, şair və müəllim Qriqori 
						Skovoroda’nın 
						(1722-1794) heykəlindən az sonra getman Petro 
						Konaşeviç Saqaydaçnı’nın 
						(1570?-1622) at üstündəki əzəmətli abidəsi... 
						
						
						"Andrey enişi" adlı əyri-üyrü küçəylə üzüyuxarı - Andrey 
						kilsəsinə doğru qalxıram. Qarşıma qəribə mənzərələr 
						çıxır - bir qarı 10-dan artıq itin zəncirindən çəkə-çəkə 
						aparır (qayıdanda gördüm ki,  
						itlərin hamısını küçədə iplə hasarladığı bir yerdə 
						yatırıb və onlara yardım üçün ianə yığır). Bir rəssam 
						qız gözəl binanın qarşısında oturub onun şəklini çəkir. 
						Küçə boyunca hərə nəyisə satmaq üçün sərgi düzəldir. 
						Matros paltarlı bir kişinin satış kolleksiyasında 
						"Pravda" oxuyan Leninin nimdaş portretindən tutmuş dəri 
						zabit çantasına və ağır dəmir ütüyədək hər şey var. 
						Küçədəki 13 saylı ikimərtəbəli ev görkəmli yazıçı 
						Mixail Bulqakov’un 
						(1891-1940) ev-muzeyidir. Giriş qapısının yanında onun 
						xatirə lövhəsi vurulsa da, binanın sağındakı kiçik 
						həyətdə tunc heykəli də qoyulub - skamya üstündə oturmuş 
						yazıçı sağ ayağını sol ayağının üstündən aşırıb və 
						əlləri qoltuğunda fikrə dalıb. 
						
						
						Şir Ürəkli Riçardın qəsrinin yanından ötərək kilsəyə 
						yaxınlaşıram. Öncə qonşuluqda hasar arxasından boylanan
						Taras Qriqoryeviç Şevçenko’nun 
						(1814-1861) - Ukraynanın ən sevimli şairinin heykəli 
						diqqətimi çəkir. Yanına gedib baxıram. Açığı, heç xoşuma 
						gəlmir - keyfiyyətsiz materialdan hazırlanıb, şairin 
						beli bükülüb, gözlərindən yazıqlıq tökülür; elə bil, 
						indicə ağlayacaq. İki həftə sonra Xarkovda görəcəyim 
						olduqca əzəmətli tunc heykəliylə bunu heç cür 
						tutuşdurmaq olmaz. 
						
						
						Nəhayət, Kiyevin rəmzlərindən birinə çevrilmiş, 
						gerçəkdən son dərəcə tarixi dəyərli memarlıq abidəsi 
						olan Andrey kilsəsinə çatıram. Memar Bartolemeo 
						Rastrelli’nin 
						barokko üslubundakı layihəsinə əsasən 1754-də tikilən bu 
						kilsə apostol Andrey Pervozvannı’nın 
						şərəfinə adlandırılıb.  
						
						
						 Dnepr 
						çayının sağ sahilində tikilən kilsədən aşağı yönələn 
						eniş şəhərin yuxarı və aşağı hissələrini birləşdirir. 
						
						
						Kilsə daha əzəmətli və şəhərin çox yerindən görünsün 
						deyə, süni salınmış hündür təpənin üstündə 
						yerləşdirilib. İçərisi hədsiz gözəldir. İkonaların və 
						başqa iri şəkillərin çərçivələri qızıl təbəqə ilə 
						örtülüb. Açığı, Azərbaycanda Mirmöhsün ağanın 
						Şüvəlandakı türbəsindən başqa, heç yerdə bu cür gözəl 
						dini tikili görməmişəm.    
						
						
						
						Faşist svastikası da satılır  
						
						
						Andrey kilsəsinin ətrafı xarici turistlərlə doludur. 
						Onların arasından keçərək yenidən Andrey enişinə düşür, 
						ancaq bu dəfə üzüaşağı enirəm. Artıq küçə tanınmaz olub 
						- onun hər iki tərəfi başdan-başa suvenirlərlə doludur. 
						Bir anlığa özümü İçərişəhərdə hiss edirəm. Burada da 
						turistlərə öz şəhərlərindən xatirə olmaq üçün ən 
						müxtəlif baha və ucuz əşyalar satılır. Mən də əzizlərimə 
						bəzi hədiyyələr alıram. 
						
						
						Satılan əşyalar içində məni ən çox təəccübləndirən 
						faşist svastikaları oldu. Müharibədə milyonlarca insan 
						itirmiş Ukraynanın paytaxtında faşist rəmzlərinin tam 
						sərbəst satışa çıxarılmasına heyrət etdim. Doğrudur, 
						svastikalar, əsasən, medal və ordenlərin içərisindədir, 
						ancaq harada və necə yerləşməsindən asılı olmayaraq, o, 
						artıq suvenirlikdən çıxır (hər halda, mən belə 
						düşünürəm). Küçənin başqa yerlərində paltarın qoluna 
						tikmək üçün svastikalı faşist qartalı da satışa 
						çıxarılıb.  
						
						
						Ümumən götürdükdə, satış üzərində dövlətin heç bir 
						nəzarətinin olmadığı hiss edilir. Məsələn, bir tərəfdə 
						indiki prezident Yanukoviç’in 
						portreti qoyulubsa, lap onun yanında keçmiş baş nazir, 
						indiki məhbus Timoşenko’nun 
						əlində ox qisas almağa çalışan təsviri öz müştərisini 
						gözləyir. Stalin’in 
						şəkilləri və büstləri də az deyil. Küçənin 
						qurtaracağında satılan rəsm əsərləri içərisində rus 
						çarlarının yağlı boyayla işlənmiş iri portretləri 
						yan-yana düzülüb. Deyəsən, bunlar ruslar üçün nəzərdə 
						tutulub.  
						
						
						(Ardı gələn sayımızda)  
						
						
						
						Ədalət TAHİRZADƏ, 
						Bakı Avrasiya Universitetinin  professoru 
						
						adalet_tahirzade@yahoo.com  
						Tel.: +994-50-612-68-13  |