| 
						 
						
						Təhsil sistemindəki dəyişikliklər bütün sahələrdə olduğu 
						kimi  dərsliklərin hazırlanmasında da özünü göstərir. 
						Kurikulum sisteminə keçidlə əlaqədar olaraq  dərsliklər 
						də bu sistemin tələblərinə cavab verməlidir. Buna görə 
						də yeni dərsliklərə tələbat yarandı. Qısa müddət ərzində 
						yeni dərsliklər hazırlanıb şagirdlərin istifadəsinə 
						verildi. Dərsliklərin hazırlanması ilə paralel olaraq, 
						bu dərsliklərlə  işləmək üçün respublikamızın hər 
						yerində müəllimlər kurslardan keçərək yeni təlim 
						metodları ilə tanış oldular,  bu sahədə öz biliklərini 
						artırdılar. Çünki nailiyyətlər əldə etmək üçün bu, vacib 
						şərtlərdən biridir. Bu işdən sonra   müəllimləri  
						maraqlandıran məsələlərdən biri dərsliklərin hansı 
						səviyyədə olacağı idi. Nəhayət ki, yeni dərs ili 
						başlandı və   dərsliklər məktəblərə paylandı. Bir 
						riyaziyyat müəllimi kimi dərsliklərin səviyyəsi mənim 
						üçün də çox maraqlı idi. Bunun üçün də dərsliklə bağlı 
						fikirlərimi bölüşmək qərarına gəldim.  
						
						
						Haqqında danışacağımız  V  sinif riyaziyyat  dərsliyi  
						olacaqdır. Dərsliyin ilk səhifəsindən görünür   ki,  
						əvvəlkilərdən  tam fərqli bir dərslikdir. Həm dizayn 
						baxımından, həm də içərisindəki materiallara görə.  
						Dərsliyin ilk səhifəsindən şagirdlər bu fəsildə hansı 
						mövzuları  öyrənəcəklərini  bilirlər.  Bəzi mövzular 
						onlara aşağı sinifdən tanış gəlir. Müəllim BİBÖ 
						üsulundan istifadə edərək dərsi hansı aspektdə 
						quracağını təyin edə, verilmiş  çalışmaların bir çoxu 
						üzərində  motivasiya qura bilər. Məsələn, səhifə 7-də № 
						1,  səhifə 8-də  № 3, səhifə  9-da  № 1, № 6, № 7 və s. 
						Çünki bu çalışmaları şagirdlər müxtəlif üsullarla həll 
						edəcəklər. Onlar bu çalışmaları   ayrı-ayrı qruplarda 
						həll etdikdən sonra  qrup rəhbərlərinin vasitəsilə 
						təqdim edəcəklər. Təqdimatdan sonrakı   müzakirə 
						mərhələsində  şagirdlər özləri  hansı  üsulun daha 
						səmərəli olduğunu  təyin edəcəklər. 
						
						
						Dərslikdə məntiqi çalışmalara üstünlük verilmişdir. 
						Əvvəlki dərsliklərdə belə çalışmalara rast gəlmirdik. Bu 
						tip çalışmaların həlli şagirdlərin məntiqi təfəkkürünün 
						inkişafında  böyük  rol  oynayır.  
						
						
						Müasir təhsilin əsas tələblərindən biri həyati bilik və 
						bacarıq verməkdir. Bu məqsədlə də dərslikdə bir çox 
						çalışmalara rast  gəlirik. Mövqeli  və  mövqesiz say 
						sistemləri haqqında məlumat tam yenidir. Bu  mövzunun 
						köməkliyi  ilə şagirdlər geyimlərin üzərində tez-tez 
						rast gəldikləri  XL, XXL və s. yazılarını  asanlıqla 
						oxuya  biləcəklər. Etiraf edək ki, bir çoxlarımız da bu 
						yazıları oxumaqda çətinlik çəkirdik. 
						
						
						Çoxrəqəmli  ədədlər haqqında olan məlumatlar 
						genişləndirilmişdir. Buradan şagirdlər daha böyük 
						natural ədədləri -  trilyon (12 sıfır),  kvadrilyon (15 
						sıfır), kvintilyon (18 sıfır), sekstilyon (21 sıfır), 
						sentilyon (24 sıfır), oksilyon (28 sıfır) və  s. 
						tanıyırlar. Gooqle-un mənası şagirdlər tərəfindən xüsusi 
						maraqla qarşılanır. Gooqle  vahidin yanında 100  sıfırı 
						olan ədədin adından - Gooqol  sözündən  götürülmüşdür. 
						Bu ədəd adı məlum olan ən böyük ədəd hesab edilir. 
						Gooqle kompaniyasının əsası 1995-ci ildə qoyulmuşdur. 
						Fənlərarası inteqrasiyaya da geniş yer verilmişdir. 
						Səhifə 13-də 1 nömrəli çalışma riyaziyyat və coğrafiya 
						fənləri arasında inteqrasiya yaradır. Bu çalışmada 
						şagirdlər bəzi dövlətlərin ərazisi və əhalisinin sayı 
						ilə tanış olurlar. Səhifə 14-də 4 nömrəli çalışmada 
						riyaziyyat və astronomiya fənni  arasında  inteqrasiyanı 
						görürük. Burada da şagirdlər planetlərdən Günəşə qədər 
						məsafəni öyrənə bilirlər. Günəşə ən yaxın   və ən uzaq 
						planeti tanıyırlar. 
						
						
						Dərslikdə verilmiş məsələlər şagirdlərə yaxın mövzular 
						əsasında tərtib olunmuşdur. Bəzi məsələlərin həllindən 
						şagirdlər gündəlik həyatlarında da yararlana bilərlər. 
						Məsələn, səhifə 72-də bir məsələ şagirdlərə pudinqin 
						hazırlanma   reseptini verir. Bu, qızlar  üçün daha 
						lazımlı ola bilər. Kəsrlər üzərində əməllərin 
						modelləşdirmə üsulu ilə izahı mövzunun asan dərk 
						edilməsinə xidmət edir. Statistik məlumatlar müntəzəm 
						olaraq şagirdlərə çatdırılır. Bu mövzulara  aid 
						məsələlər də tərtib olunmuşdur. Bu da   V  məzmun 
						xəttinə uyğun çalışmalardır.  Riyaziyyat fənninin  5 
						məzmun xəttinin hər birinə aid çalışmalar dərslikdə öz   
						yerini  almışdır. 
						
						
						Fikrimi yekunlaşdırıb qeyd edə bilərəm ki, dərslik 
						şagirdlərdə kreativ düşüncə tərzini formalaşdırmağa, 
						onların fəaliyyət  formasını genişləndirməyə xidmət 
						edəcəkdir. Bir müəllim kimi dərsliyin səviyyəsi məni 
						qane edir. Bəzi təkliflərimi vermək istərdim: 
						
						
						Fəndən asılı olmayaraq bütün dərslərdə vətənpərvərlik 
						ruhunda tərbiyə ön planda olmalıdır. Bu dərsliklərdə də 
						öz əksini tapmalıdır. Məsələlərin birində dövlət 
						büdcəmizin qonşu dövlətlərin büdcəsi ilə müqayisəsi 
						verilmişdir. Bu müqayisə bizə qürur verir. Bu tipli 
						çalışmalara geniş yer verilməlidir. İşğal altında olan 
						rayonlarımızın ərazisi, əhalisi, işğal nəticəsində 
						dəyən  maddi  ziyanın məbləği ilə bağlı, respublikamızda 
						olan çaylar, şəlalələr, dağlar, istirahət zonaları 
						haqqında bir çox  məsələlər tərtib etmək olardı. 
						Beləliklə, şagirdlərə Azərbaycanı həm  yaxından 
						tanıtdırar, həm də sevdirmiş olarıq. 
						
						
						Bilirik ki, fəslin sonunda şagirdlərin summativ 
						qiymətləndirilməsi aparılır. Bunu nəzərə alaraq hər 
						fəslin sonunda  test tapşırıqlarının verilməsi 
						məqsədəuyğun olardı. Belə ki, şagirdlər qiymətləndirməyə 
						hazır olardılar.  
						
						
						Bəzi tapşırıqların qarşısında  "Uzunmüddətli tapşırıq" 
						sözü yazılmışdır. Bu söz tapşırığın bir neçə günə həll 
						olunacağı təsəvvürü yarada bilər. Əslində isə belə 
						deyildir. Yaxşı olardı ki, bu söz alternativ sözlə əvəz 
						olunsun. Dərsliyin  ilk səhifəsində perspektiv 
						planlaşdırma verilsə, bu, müəllimlərimizin işini  bir az 
						yüngülləşdirər. Sonda  bir  riyaziyyat müəllimi kimi 
						müəlliflərə öz təşəkkürümü  bildirirəm.  
						
						
						
						Akif ŞİRİNOV, 
						Bakıdakı 49 nömrəli "İntellekt"  məktəb-liseyin 
						riyaziyyat müəllimi    |