| 
						 
						
						Şagirdlərin  öyrənmə fəalliyyəti təlim vəzifələrinin 
						yerinə yetirilməsinə yönələn idrak əməliyyatlarının 
						sistemi kimi özünü göstərir. Şagird tədris tapşırığını 
						əməli şəkildə və ya fikrən yerinə yetirərkən 
						istər-istəməz psixoloji  fəaliyyətdə olur. Şagird 
						öyrənmə prosesində təkcə bilik və bacarıq əldə etmir, o 
						həm də psixi səy göstərir, düşünür, onda öyrənmək, başa 
						düşmək, dərk etmək  bacarıqları formalaşır. Başqa sözlə, 
						təlim zamanı şagirdlər bilik əldə etməklə yanaşı, bu 
						biliklər üzərində düşünür, daşınır. Deməli öyrənmənin, 
						bilik əldə etmənin əsasında bir sıra idrak prosesi 
						durur. İdrak marağı şagirdlərin qabiliyyətlərinin üzə 
						çıxmasına şərait yaradır. Məlumdur ki, idrak marağı 
						davamlı və güclü olan şagirdlər təlimdə daha çox uğur və 
						müvəffəqiyyət qazanırlar. Şagirdlərin qabiliyyətlərini 
						səciyyələndirən cəhətlərdən biri də onların 
						müstəqilliyidir. Təcrübə göstərir ki, şagirdləri fəallıq 
						göstərən, onları müstəqil işlətməyə istiqamətləndirən 
						müəllim təlimdə yüksək göstəricilər əldə edir. 
						Şagirdlərin inkişafını təmin etmək də təlim prosesinin 
						mühüm vəzifəsidir. Bu vəzifə şagird  şəxsiyyətinin 
						formalaşmasında mühüm rol oynayır. Bu zaman şagirdin 
						təfəkkürü deyil, həm də şagirdi hərəkətə təhrik edən 
						psixi prosesləri inkişaf edərək onun fəaliyyətinə məna 
						və məzmun verir. 
						
						
						Xarici aləm şagird qarşısında rəngarəng suallar qoyur, 
						suallar isə onu təbiət və cəmiyyətdə baş verən  
						hadisələrin mahiyyəti, səbəbləri haqqında düşünməyə 
						təhrik edir. Qabaqcıl müəllimlər  şagirdlərin təlimə 
						həvəsini inkişaf etdirir, onlarda müşahidəçilik 
						qabiliyyətinin formalaşmasına şərait yaradır. Şagird 
						yalnız fakt və hadisələri  müşahidə etməklə 
						kifayətlənmir, insanın ən qiymətli əqli zinəti 
						adlandırılan müqayisədən  istifadə edərək yeni biliklər 
						dünyasına daxil olur.   
						
						
						Şagirdlərin tərbiyəsinə və inkişafına yönələn idrak 
						fəaliyyətinin təşkili deyəndə öyrədiləcək mövzunun 
						tərbiyəvi imkanına onların diqqətini cəlb etmək, sinif 
						qarşısında problem qoymaq, problemin öhdəsindən 
						şagirdlərin gələ bilməsi üçün şərait yaratmaq, lazım 
						olanda şagirdlərə təqdimetmə, tədris etmə hüququ vermək, 
						bu vəzifəni yerinə yetirmək üçün onları 
						təlimatlandırmaq, qoyulmuş problemin  həllində sinfə 
						kömək etmək  başa düşülür. 
						
						
						İnsan fəaliyyətinin  hərəkətverici  qüvvələri - hisslər, 
						əqidə və xarakter məhz dərsdə inkişaf edib  formalaşır. 
						Təlimin inkişafedici vəzifəsi şagirdin sensor 
						fəaliyyətinə düzgün istiqamət verir. Rənglər, səslər  
						dünyası, formalar, zaman və məkan  uşaqlara çox yaxın 
						olmalıdır. Xarici aləmin  qavranılmasında, fakt və 
						hadisələrin  dərk edilməsində  hissi idrak böyük rol 
						oynayır. 
						
						
						Hər bir dərs  yeni maraqlı cəhəti ilə  fərqlənməlidir. 
						Şagirdlər aldıqları məlumatları özləri saf-çürük etməli, 
						onlara əlavələr etməlidirlər. Hər hansı bir məsələ, fakt 
						və hadisə haqqında  bir-biri ilə mübahisə etməli,  öz 
						fikir və mülahizələrini  bildirməli, öz fikirlərini 
						əsaslandırmalı, yoldaşlarının  da fikirlərini dinləməli 
						və ona hörmətlə yanaşmalıdır. 
						
						
						Təlimin səmərəli təşkilinə  yalnız o zaman nail olmaq 
						mümkündür ki, müəllim şagirdlərə yaxın olsun. Onunla 
						şagird arasında qarşılıqlı anlaşma olsun. Dərs dediyi 
						şagirdlərin  fərdi və psixoloji  xüsusiyyətlərini 
						öyrənsin, təlim prosesində  onları nəzərə alsın. 
						 
						
						
						Tədris prosesində yaradıcılığa geniş yer verilməlidir. 
						Belə ki, ana dili dərslərində mətni hissələrə ayırıb, 
						başlıq vermək, hekayənin qəhrəmanına  və ya müəllifinə 
						məktub yazmaq, mətndəki obrazlara şəxsi münasibət 
						bildirmək, obrazların yerini dəyişməklə mətni danışmaq, 
						oxuduqları mətni həyatla bağlamaq, cümlə, rabitəli mətn 
						qurmaq, esse və ya  hekayə yazmaq, şeiri nəsrə çevirmək 
						və s.  
						
						
						Riyaziyyat  dərslərində şagirdləri yazılı  və şifahi 
						şəkildə təqdimetmə tapşırıqlar vasitəsi ilə onlarda 
						ünsiyyətqurma, əlaqələndirmə və tətbiqetmə bacarığı 
						formalaşır. Dərslik və iş dəftərində verilmiş 
						tapşırıqları bir dərsdə bütün şagirdlərin yerinə 
						yetirməsi məcburi deyil. Müəllimin seçimi ilə 
						tapşırıqlar sinifdə qruplara verilə bilər, şifahi həll 
						edilə bilər, hər tapşırıqda bir neçə misal həll edilə 
						bilər. Ola bilər ki, şagirdlərin bir çoxu bu 
						tapşırıqları asanlıqla həll etsinlər, evdə və ya sinifdə 
						həll edilməmiş misalları sonradan həvəslə yerinə 
						yetirsinlər. Əsas məsələ təlim məqsədini nəzərdə tutulan 
						şagird bacarıqlarının müəllim tərəfindən düzgün 
						qiymətləndirilməsi və bu bacarıqların formalaşdırılması 
						üçün şagirdlər tərəfindən iş planının hazırlanmasıdır.
						 
						
						
						Dərsin əsas məqsədi tapşırıqların bütün uşaqlar 
						tərəfindən yerinə yetirilməsi deyil, seçilmiş məşğələ və 
						tapşırığın yerinə yetirilməsində bütün şagirdlərin 
						iştirakıdır.  
						
						
						Dərsi oyun üzərində qurmaqla və ya təklif olunmuş məsələ 
						və misallardan bir neçəsini seçməklə qoyulan məqsədə 
						nail olmaq olar. 
						
						
						Müəyyən əyani vasitələr vasitəsilə şagirdlər bilik və 
						bacarıqlara yiyələnə bilirlər. Məsələn, rəngli kublarla 
						müxtəlif konstruksiyalar hazırlamaqla, onları əyani  
						şəkildə baroqraf modelləşdirib, həmçinin həcm və sahə 
						vahidlərini hesablayırlar. Kub blokları vasitəsilə 
						çoxrəqəmli ədədləri mərtəbələrə görə modelləşdirirlər. 
						Həndəsə taxtası vasitəsi ilə müstəvi fiqurlar 
						quraşdırmaqla perimetr və sahə anlayışlarını təsvir 
						etməklə bu şəkilləri çəkməyə hazırlaşır. Həndəsi fiqur 
						dəsti vasitəsilə hər bir şagird  fiqurlar ardıcıllığı 
						yaradaraq fəza fiqurları ilə müstəvi fiqurların 
						əlaqəsini sərbəst araşdırır. 
						
						
						Texnologiya dərslərində texniki modelləşdirmə və s. 
						şagirdlərin yaradıcı qabiliyyətinin inkişafını təmin 
						edən amillərdəndir. 
						
						
						Təlim prosesində şagirdlərin fərdi  yaradıcılıq 
						qabiliyyətlərinin inkişafına geniş  imkanlar vardır. 
						Dərs prosesi elə canlı təcrübə meydanıdır ki, 
						şagirdlərin və müəllimlərin bəzən özlərinə məlum olmayan 
						müsbət və mənfi  cəhətləri üzə çıxır. Şagird və müəllim 
						bir-birinin əməyindən bəhrələnə bilir. 
						
						
						İbtidai siniflərdə riyaziyyatın öyrədilməsi düşüncə, 
						məntiqi mühakimə, ümumiləşdirmə və mücərrədləşmə aparmaq 
						və s. qabiliyyətləri əhəmiyyətli dərəcədə inkişaf 
						etdirir. Riyazi biliklər sisteminin mənimsənilməsi 
						şagirdlərə hadisələri  hərtərəfli müşahidə etməyə, mühüm 
						əlamətləri ayırmağa, onları daha dərindən başa düşməyə 
						imkan verir. Bu biliklər əsasında  şagirdlərdə 
						əməliyyatlar aparmaq, kəmiyyətlər arasındakı 
						münasibətləri  əsaslandırmaq  bacarıqları formalaşır. 
						Hər bir ibtidai sinif müəllimi şagirdlərdə riyaziyyat 
						təliminə maraq oyatmaq üçün dərslərində yaradıcılıq 
						əhvali-ruhiyyəsi yaratmalı, yetirmələrini tədqiqatçı 
						vəziyyətinə salmalıdır. Onları axtarıcılığa sövq etməklə 
						müəllim şagirdlərin özlərinin də nə isə tapa 
						biləcəklərinə onlarda inam yaratmalıdır. Yeni bilikləri 
						müstəqil əldə etmək, mühakimələr yürütmək, hadisələrin 
						mahiyyətini, qanunauyğun əlaqələri açıb göstərmək, bir 
						sözlə, axtarıb, araşdırıb  nə isə  tapa bilmək 
						bacarığının şagirdlərə aşılanmasına ibtidai siniflərdən 
						başlamaq vacibdir. Bu həm də onların təhsillərini  
						yuxarı siniflərdə müvəffəqiyyətlə davam etdirmələrinə 
						müsbət təsir göstərir. 
						
						
						Müasir təlimdə riyaziyyat dərslərində layihə işlərinə də 
						xüsusi yer verilməlidir. Layihə işlərində əsas məqsəd 
						onun yerinə yetirilməsi əsasında bu və  ya digər sahəyə 
						aid biliklər öyrənməkdir. Biliklər görülən işlərin 
						nəticəsində qazanılır. Layihə işi müəllimin rəhbərliyi 
						altında tək və qrup halında aparılır. Bu zaman şagirdlər 
						problem həlletmə məsuliyyətini dərk edirlər, həmçinin 
						onlarda müstəqil qərarvermə bacarığı inkişaf edir. 
						Layihə mövzusunu seçərkən keçilən mövzular bölmə üzrə 
						riyazi biliklərin tətbiqinin mümkünlüyünü nəzərə almaq 
						lazımdır. Riyaziyyat dərslərində problemlər müəyyən 
						məsələlər, mətnlər, praktik və əyani materiallar və s. 
						üzərində qurula bilər. Problem məsələlərin özündə riyazi 
						biliklər həllin məzmununu, fəaliyyətin istiqamətini 
						müəyyən edir. Yaxşı məlumdur ki, biliksiz yaradıcılıq 
						mümkün deyildir. Lakin yalnız biliklər də bunun üçün 
						azdır, kifayət deyildir. Fəaliyyətin özünün yaradıcı 
						olması lazımdır. İdrakı fəaliyyətin stimulyatoru olan 
						tədqiqat metodundan istifadə, biliklərin yaradıcı 
						mənimsənilməsini nəzərdə tutur.  Bu prosesdə müəllimin 
						pedaqoji ustalığı ondan ibarətdir ki, şagirdlərin 
						müstəqil mühakimə aparıb öz mülahizələrini söyləmələrinə 
						imkan yaratsın. Onların fikrini lazımi istiqamətdə 
						yönəldə bilsin. Belə ki, düzgün olmayan cavabı rədd 
						etməklə yox, şagirdləri düşünməyə vadar edən münaqişə 
						situasiyası yaratmaqla  və səhv cavabı  
						inandırıcı-əsaslandırıcı surətdə təkzib etməklə şagirdi 
						doğru nəticə çıxarmağa sövq edə bilsin.  
						
						
						
						Mahizər ƏLİYEVA,  
						Bakıdakı 158 nömrəli tam orta  məktəbin 
						ibtidai sinif müəllimi   |