| 
						 
						
						Dünyanın 70-dək xarici ölkə universiteti ilə əməkdaşlıq 
						edən Qafqaz Universiteti bu günlərdə daha bir xarici ali 
						təhsil müəssisəsi ilə - Türkiyə Respublikasının Ağri 
						şəhərində fəaliyyət göstərən Ağri İbrahim Çeçen 
						Universiteti ilə əməkdaşlıq əlaqələri yaradıb. Qafqaz 
						Universitetinin dəvəti ilə bu ali təhsil müəssisəsinə 
						gəlmiş Ağri İbrahim Çeçen Universitetinin rektoru, 
						professor İrfan Aslanın rəhbərlik etdiyi nümayəndə 
						heyəti ilə oktyabrın 4-də Qafqaz Universitetində görüş 
						keçirilib. 
						
						
						Görüşü Qafqaz Universitetinin rektoru, professor Ahmet 
						Saniç açaraq hörmətli qonaqları salamlayıb və səfərin 
						məqsədlərindən danışıb. Ağri İbrahim Çeçen Universiteti 
						haqqında məlumat verən A.Saniç yeni qurulan bu ali 
						təhsil ocağının qısa müddət ərzində böyük inkişaf yolu 
						keçdiyini, geniş kampuslara, müasir laboratoriyalara 
						malik olduğunu vurğulayıb. 
						
						
						Görüşdə çıxış edən Ağri İbrahim Çeçen Universitetinin 
						rektoru, professor İrfan Aslan səmimi qəbul üçün 
						minnətdarlığını bildirib, iki universitet arasında 
						əməkdaşlıq imkanları barədə faydalı fikir mübadiləsi 
						apardıqlarını söyləyib. 
						
						
						Sonra Qafqaz Universiteti ilə Ağri İbrahim Çeçen 
						Universiteti arasında əməkdaşlıq haqqında anlaşma 
						memorandumu imzalanıb. Memorandumu Qafqaz 
						Universitetinin rektoru, professor Ahmet Saniç və Ağri 
						İbrahim Çeçen Universitetinin rektoru, professor İrfan 
						Aslan imzalayıblar. 
						
						
						Mərasimin sonunda professor İrfan Aslana Qafqaz 
						Universitetinin plaketi təqdim olunub.  
						
						
						
						Yusif ƏLİYEV  |