| 
						 
						
						 Oktyabrın 
						23-də Bakının Sabunçu rayonundakı 252 nömrəli 
						məktəb-liseydə "Müasir təhsil proqramlarının 
						(kurikulumun) tətbiqi: reallıqlar  və perspektivlər" 
						mövzusunda elmi-praktik konfrans keçirildi. Azərbaycan 
						Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi 
						konfransda təhsil naziri Misir Mərdanov, Sabunçu Rayon 
						İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Təhsil 
						Nazirliyinin struktur-bölmə rəhbərləri, Təhsil 
						Problemləri İnstitutundan, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsindən nümayəndələr, tanınmış pedaqoq və metodist 
						alimlər, dərslik müəllifləri, birbaşa Təhsil Nazirliyinə 
						tabe olan ümumtəhsil müəssisələrinin direktorları, 
						Sabunçu rayonundakı ümumtəhsil məktəblərinin rəhbərləri, 
						qabaqcıl müəllimlər və KİV təmsilçiləri iştirak 
						edirdilər.  
						
						
						Konfrans iştirakçıları əvvəlcə yüksək səviyyədə təmir 
						olunmuş məktəbi gəzib, laboratoriyalara, fənn 
						kabinetlərinə baxdılar, təhsil üçün yaradılmış şəraitlə 
						tanış oldular. Sonra onlar qruplara bölünərək konfrans 
						çərçivəsində keçirilən "açıq dərs"lərdə iştirak etdilər. 
						2 saat ərzində həm konfransın keçirdiyi 252 nömrəli 
						məktəb-liseyin, həm də onun yaxınlığında yerləşən 94, 96 
						və 213 nömrəli tam orta məktəblərin müəllimlərinin 
						müxtəlif siniflərdə apardıqları 28 nümunəvi dərs 
						dinlənildi. Təhsil naziri Misir Mərdanov 252 nömrəli 
						məktəb-liseyin ibtidai sinif müəllimi Emilya 
						İbrahimovanın I sinifdə riyaziyyatdan və riyaziyyat 
						müəllimi Təranə Kənanıinin XI sinifdə cəbr və analizin 
						başlanğıcı fənnindən apardıqları dərslərdə iştirak etdi.
						 
						
						
						Emilya İbrahimova I sinifdə "Ədəd oxu" mövzusunda 
						İKT-nin tətbiqi ilə apardığı dərsdə qruplarla iş 
						formasından və təqdimetmə, müsahibə metodlarından 
						istifadə etdi. Öncə şagirdlərə verdiyi "Riyaziyyatı 
						bilmək bizə nə üçün lazımdır" sualına onlardan qaneedici 
						cavablar alan müəllim dərsdə motivasiya yaratmaq üçün 
						kiçik videoçarx nümayiş etdirdi və videoçarxın 
						məzmunundan çıxış edərək mövzuya ustalıqla keçid etdi. 
						Sonra əsas tədqiqat sualı qoyuldu: "Ədəd oxu bizə nə 
						üçün lazımdır". Müəllimin ədəd oxu haqqında qısa 
						izahatından sonra qruplarla iş aparıldı. 4 qrupun hər 
						birinə tapşırıqlar yazılmış vərəqlər paylandı və onların 
						həlli üçün vaxt verildi. Qruplar tapşırığı həll etdikdən 
						sonra qrup liderləri öz təqdimatlarını etdilər və 
						müəllim kompüterin köməyi ilə onların verdikləri 
						cavabların nə dərəcədə düzgün olduğunu yoxladı. 
						
						
						Daha sonra dərslik üzrə iş aparıldı. Şagirdlər dərslikdə 
						verilmiş misalları həll etdilər. Dərsin nəticə və 
						ümumiləşdirmə mərhələsini də müəllim bacarıqla təşkil 
						edib, qarşıya qoyulan məqsədlərə nail oldu. Şagirdlər 
						tədqiqat sualını cavablandıraraq bildirdilər ki, ədəd 
						oxu bizə ədədlərin istiqamətini müəyyənləşdirmək, 
						ədədlərin yerini təyin etmək, ədədləri müqayisə etmək, 
						toplama və çıxma əməllərini yerinə yetirmək üçün 
						lazımdır. 
						
						
						Dərsin qiymətləndirmə mərhələsində qrupların fəaliyyəti 
						tərtib olunmuş cədvəl üzrə qiymətləndirildi və 
						şagirdlərə evdə "ədəd oxu" hazırlamaq tapşırıldı. 
						
						
						Müəllim şagirdlərin yorğunluğunu aradan qaldırmaq üçün 
						dərsarası musiqili fasilədən də yerində istifadə etdi. 
						
						
						Müəllim Təranə Kənani də XI sinifdə cəbr və analizin 
						başlanğıcı fənnindən apardığı dərsdə İKT-dən, kiçik 
						qruplarla iş formasından, fəal təlim üsullarından, 
						müstəqil işlərdən, resurslardan bacarıqla istifadə 
						edərək dərsi maraqlı qurdu və "Triqonometrik 
						funksiyaların törəməsi" mövzusunu şagirdlərə mənimsətdi. 
						Şagirdlər triqonometrik funksiyaların düsturlarının 
						tapılması qaydasını öyrəndilər, onları misallara tətbiq 
						etdilər, arqumentin verilmiş qiymətində törəməni 
						hesabladılar. Dərsdə kimya, biologiya, coğrafiya, 
						fizika, iqtisadiyyatla inteqrasiya yaradıldı. 
						
						
						Dərslərin dinlənilməsi başa çatdıqdan sonra 
						məktəb-liseyin akt zalında "dəyirmi masa" ətrafında 
						dinlənilmiş dərslər və mövzu ilə bağlı müzakirə 
						aparıldı. 
						
						
						Konfransı giriş sözü ilə açan təhsil naziri Misir 
						Mərdanov onun yeni fənn proqramlarının (kurikulumların) 
						tətbiqi vəziyyəti ilə tanış olmaq, 5-ci ildir ki, 
						aparılan islahatların nəticələrinin necə olmasını 
						konkret bir məktəbin təcrübəsində müəyyənləşdirmək 
						məqsədi ilə keçirildiyini bildirdi. 
						
						
						Bununla əlaqədar 2 saat ərzində müxtəlif fənlər üzrə 
						xeyli dərsin dinlənildiyini deyən nazir özünün də iki 
						riyaziyyat dərsində iştirak etdiyini və ümumilikdə hər 
						iki dərsdən razı qaldığını söylədi. Bununla yanaşı nazir 
						hər iki dərsdə onu razı salmayan bəzi cəhətlərin də 
						olduğunu diqqətə çatdırdı. Bildirdi ki, onun fikrincə, 
						dərslərdə qruplarla işə həddən artıq çox yer verilir. 
						Halbuki riyaziyyat dərslərində müəllim və şagirdlərin  
						yazı taxtasında işləməsi daha məqbul formadır və bu 
						mənada müəllimin şagirdləri yazı taxtasında işlətməsi 
						daha yaxşı olardı. Təhsil naziri yeni təlim üsullarının 
						hansılarının daha xeyirli olmasını müəyyənləşdirmək üçün 
						müvafiq tədqiqatların aparılmasını və yalnız bundan 
						sonra onların geniş tətbiq olunmasını zəruri saydı. 
						
						
						Sonra təhsil naziri Misir Mərdanov nazirliyin müvafiq 
						şöbəsi tərəfindən hazırlanmış və Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsinin tabeliyində olan məktəblərin son iki tədris 
						ili üzrə müqayisəli nəticələrini əks etdirən təqdimatla 
						konfrans iştirakçılarını tanış etdi. Tədqimata əsasən 
						Sabunçu rayonu ilə paytaxtın digər rayonları arasında 
						təhsilin müxtəlif parametrləri, o cümlədən məktəb, 
						müəllim və şagirdlərin sayı, müəllim-şagird nisbəti, 
						buraxılış və ali məktəblərə qəbul imtahanlarının, "Ən 
						yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" 
						müsabiqələrinin nəticələri, fənn olimpiadalarında 
						iştirak, müəllimlərlə təminat, məktəb tikintisi və s. 
						göstəriciləri üzrə müqayisələr aparıldı.  
						
						
						Son üç ildə Sabunçu rayonunda 3 nəfər məzunun qəbul 
						imtahanlarında ən yüksək - 700 bal toplaması, 
						şagird-müəllim nisbətinin ölkə üzrə orta göstəricidən 
						yüksək olması və s. müsbət hal kimi qiymətləndirildi, 
						bəzi göstəricilərin digər rayonlara nisbətən aşağı 
						olduğu qeyd edildi. 
						
						
						Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 
						elmi-praktik konfransda çıxış edərək belə mühüm tədbirin 
						rayonlarının tədris müəssisəsində keçirilməsinə görə 
						Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
						rəhbərliyinə minnətdarlığını bildirdi, bu cür 
						görüşlərin, müzakirələrin işin xeyrinə olduğunu 
						vurğuladı. Rayonda təhsilin maddi-texniki bazasının 
						möhkəmləndirilməsi, keyfiyyətinin yüksəldilməsi 
						istiqamətində görülən işlərdən söz açan A.Vəliyev mövcud 
						problemlərə də toxundu, onların aradan qaldırılması üçün 
						Təhsil Nazirliyinin dəstəyinə ehtiyac duyduqlarını 
						söylədi, dinlədiyi dərslərlə bağlı fikirlərini bölüşdü. 
						
						
						Konfransda söz alan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
						müdir müavini Məhəmməd Bayramov, bəstəkar, dərslik 
						müəllifi, professor Oqtay Rəcəbov, Azərbaycan Dövlət 
						Pedaqoji Universitetinin dekanı, professor Fərrux 
						Rüstəmov, dərslik müəllifi Rafiq İsmayılov, 96 nömrəli 
						tam orta məktəbin direktoru Əminə Hüseynova və başqaları 
						dinlədikləri dərslərə qiymət verib mövzu ilə bağlı fikir 
						və mülahizələrini bildirdilər, təkliflərini 
						səsləndirdilər. Çıxışlarda yeni fənn proqramlarının 
						(kurikulumların) uğurla tətbiq olunduğu, müəllimlərin 
						dərslərinə yaradıcı yanaşıb, müasir təlim forma və 
						üsullarından, İKT-dən bacarıqla istifadə etdikləri, 
						qruplarla iş forması seçilərkən dərsin mövzu və 
						məqsədlərinin nəzərə alınmasının, valideynlərlə işə daha 
						çox diqqət yetirilməsinin vacibliyi vurğulandı.  
						
						
						
						Yusif ƏLİYEV  |