| 
						 
						
						 Oktyabrın 
						24-də Təhsil Nazirliyində tələbələrin XVII Respublika 
						fənn olimpiadasının qaliblərinin mükafatlandırılması 
						mərasimi keçirildi. 
						
						
						Tədbiri təhsil naziri Misir Mərdanov açaraq öncə mərasim 
						iştirakçılarını müqəddəs Qurban bayramı münasibəti ilə 
						təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. 
						 
						
						
						Nazir  cari ilin may ayında Azərbaycan Dövlət Pedaqoji 
						Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil 
						İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 
						birgə təşkilatçılığı ilə tələbələrin XVII Respublika 
						fənn olimpiadasının keçirildiyini və bugünkü mərasimdə 
						həmin bilik yarışının qaliblərinin 
						mükafatlandırılacağını deyərək iştirakçılara olimpiada 
						haqqında geniş məlumat verdi. Qeyd olundu ki, olimpiada 
						iştirakçıları 12 fənn üzrə (riyaziyyat, fizika, kimya, 
						biologiya, informatika, Azərbaycan dili, Azərbaycan 
						tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman 
						dili, fransız dili və rus dili) öz biliklərini nümayiş 
						etdiriblər. Olimpiadanın yekun turunda 39 ali təhsil 
						müəssisəsində təhsil alan 655 tələbə iştirak edib. Həmin 
						tələbələr Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, 
						Mingəçevir, Zaqatala və Quba şəhərlərində yerləşən  32 
						dövlət və 7 qeyri-dövlət ali təhsil müəssisəsi və 
						onların filiallarında keçirilən olimpiadanın qalibləri 
						sırasından seçilərək respublika turuna vəsiqə 
						qazanıblar. Bilik yarışında ölkəmizin bölgələrində 
						fəaliyyət göstərən bütün təhsil müəssisələri təmsil 
						olunub. Təşkilat Komitəsi və münsiflər heyətinin 
						səmərəli fəaliyyəti nəticəsində olimpiada 
						iştirakçılarının işləri qısa müddət ərzində yoxlanılmış, 
						qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. Belə 
						ki, münsiflər heyətinin qərarına görə I yerə 10, II yerə 
						23, III yerə 36, həvəsləndirici yerə isə 51 tələbə layiq 
						görülüb.  
						
						
						 Hər 
						bir ali məktəb üzrə qaliblərin sayını açıqlayan təhsil 
						naziri daha sonra mərasim iştirakçılarını keçirilməyə 
						başlandığı ildən indiyə qədər tələbələrin fənn 
						olimpiadasının ümumi statistik göstəriciləri ilə tanış 
						etdi. 2007-ci ildən etibarən tələbələrin fənn 
						olimpiadasının  Azərbaycan Təhsil İşçiləri Azad 
						Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil 
						olunduğunu söyləyən nazir gənclərin bu bilik yarışına 
						maraqlarının artmasını yüksək qiymətləndirdi. Bildirildi 
						ki,18 illik dövr ərzində keçirilən tələbə fənn 
						olimpiadaları müvafiq fənlər üzrə geniş biliklərə, 
						məntiqi təfəkkürə və yaradıcılıq potensialına malik olan 
						gənclərin aşkara çıxarılmasında və onların fəaliyyətinin 
						stimullaşdırılmasında müsbət rol oynamışdır. Gənclərin 
						yaradıcılıq fəaliyyətinin reallaşmasının ən səmərəli 
						formasının təhsillə yanaşı, tədqiqatların aparılması və 
						onların maksimal dərəcədə tədris prosesinə 
						yaxınlaşdırılması sayıldığını qeyd edən nazir Misir 
						Mərdanov gələn ildən başlayaraq tələbələrin elmi 
						tədqiqat işlərinin təşkilinə və sistemli aparılmasına 
						daha çox diqqət yetiriləcəyini bildirdi. 
						
						
						Nazir son illər respublikamızda gənclərin yüksək bilik  
						və təhsil almaları üçün  hər cür imkan və şəraitin 
						yaradıldığını deyərək ölkə başçısı cənab İlham Əliyevin 
						apardığı daxili və xarici siyasətin uğurlu 
						nəticələrindən danışdı. Azərbaycanda kifayət qədər 
						istedadlı gənclərin olduğunu söyləyən təhsil naziri 
						onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, 
						mədəni  həyatında fəal iştirakını xüsusi vurğuladı və 
						tədbirdə iştirak edən tələbələrə bir sıra dəyərli 
						tövsiyələr verdi. 
						
						
						Nazir Misir Mərdanov çıxışının sonunda  tələbələrin fənn 
						olimpiadasının münsiflər  heyətində respublikamızın 
						tanınmış alim və pedaqoqlarının təmsil olunduğunu 
						deyərək bütövlükdə tədbirin keçirilməsində əməyi 
						olanlara təşəkkürünü bildirdi, bu bilik yarışında 
						müvafiq yerləri tutan gəncləri təbrik etdi. 
						
						
						Çıxış üçün söz alan Azərbaycan Həmkarlar İttifaqları 
						Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar 
						Mehbalıyev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, 
						Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı ölkəmizdə 
						elmin, təhsilin inkişafına, həmçinin gənclərə göstərilən 
						diqqət və qayğıdan danışdılar, qalib tələbələri təbrik 
						edərək onlara yeni-yeni nailiyyətlər arzuladılar. 
						
						
						Sonda tələbələrin XVII Respublika fənn olimpiadasında 
						müvafiq yerlərə layiq görülən gənclərə Azərbaycan 
						Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil 
						İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 
						diplom və pul mükafatları təqdim olundu. Mərasimdə 
						həmçinin məhsuldar fəaliyyətlərinə görə münsiflər 
						heyətinin üzvlərinə fəxri fərman, bölmə sədrlərinə isə 
						fəxri fərmanla birgə pul mükafatları verildi.  
						 
						
						
						
						Samirə KƏRİMOVA  |