| 
						 
						
						 Oktyabrın 
						18-də Azərbaycan Respublikasının Prezidenti yanında 
						Dövlət İdarəçilik Akademiyasında Dövlət Müstəqilliyi 
						Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. 
						Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər 
						Əliyevin büstü önünə gül dəstələri qoyublar. 
						
						
						Konfransı giriş sözü ilə açan rektor, akademik Urxan 
						Ələkbərov müstəqillik gününü hər bir azərbaycanlının 
						böyük fəxrlə qeyd etdiyini söyləyərək bu münasibətlə 
						tədbir iştirakçılarını təbrik edib. Azərbaycan xalqının 
						ikinci dəfə müstəqillik bayrağını ucaltdığını deyən 
						natiq bildirib ki, müstəqilliyimizin ilk illərində 
						xalqımız Azərbaycanın dünyaya bəxş etdiyi dahi insan, 
						böyük vətənpərvər şəxsiyyət Heydər Əliyev kimi görkəmli 
						bir siyasətçinin hakimiyyətə gətirilməsi tələbi ilə 
						ayağa qalxdı və buna nail oldu.  "Müstəqilliyimiz 
						dönməzdir, əbədidir" - deyən ulu öndər Heydər Əliyevin 
						Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş 
						müdrik siyasəti bu gün ölkə Prezidenti cənab İlham 
						Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Son 
						illərdə Azərbaycanın iqtisadiyyatında, elm, mədəniyyət, 
						səhiyyə, təhsil, idman və insanların sosial müdafiəsi 
						sahələrində böyük uğurlar əldə edilmişdir. 
						
						
						21 ildir ki, Azərbaycan xalqının müstəqil, firavan 
						yaşadığını, hər bir vətəndaşın müstəqil dövlətimizlə 
						qürur duyduğunu bildirən rektor bütün Azərbaycan 
						xalqının Heydər Əliyev şəxsiyyətinə, ideyalarına, onun 
						qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə 
						yanaşdığını vurğulayıb. 
						
						
						Konfransda çıxış edən Milli Məclisin deputatı Aydın 
						Mirzəzadə, DİA-nın professoru Fuad Məmmədov, dosentlər 
						Eldar Azadov və Elçin Əhmədov məruzələrində dövlət 
						müstəqilliyinin bərpa edilməsindən sonra ölkəmizin 
						ictimai-siyasi həyatında baş vermiş önəmli hadisələrdən 
						və bugünkü müstəqil Azərbaycanın davamlı inkişafından 
						bəhs ediblər.  
						
						
						Hicran ƏKBƏROVA  |