| 
						 
						
						 Almaniyanın 
						XX əsrdə yetişdirdiyi ən görkəmli elm simalarından biri 
						Volfqanq Paulidir. V.Pauli  kvant, nisbilik 
						nəzəriyyələri və elementar hissəciklər fizikası 
						sahəsində  bir sıra fundamental işlərinə görə  dünya  
						şöhrəti qazanıb. O, Gettingen, Kopenhagen, Hamburq, 
						Prinston universitetlərində və Sürix Ali Elektrotexniki 
						Məktəbində dərs deyib. Kvant mexanikasının bir çox 
						fundamental anlayışları Paulinin adı ilə bağlıdır. O, 
						elementar hissəciklərin spini anlayışını elmə daxil 
						etmiş və neytrinoların mövcudluğunu əvvəlcədən xəbər 
						vermişdir. Pauli özünün "qadağalar prinsipi" - Pauli 
						prinsipinə görə 1945-ci ildə fizika üzrə Nobel 
						mükafatına layiq görülüb. 1958-ci  ildə isə nüfuzlu Maks 
						Plank medalı ilə təltif olunub. 
						
						
						 Müəlliminin 
						səhvini tapan şagird 
						
						  
						
						
						Volfqanq Pauli 1900-cü ildə Avstriyanın paytaxtı Vyanada 
						yəhudi mənşəli,  sonradan isə katolikliyi qəbul etmiş 
						həkim və biokimya professoru Volfqanq Yozef Paulinin 
						ailəsində anadan olub. Gələcək fizikin anası Berta Pauli 
						tanınmış teatr jurnalisti idi. Volfqanq ilk təhsilini 
						Vyanada yerləşən 19 nömrəli federal gimnaziyada alıb. 
						Təhsil illərində fizika və kimya elmlərinə maraq 
						göstərib. Sonralar kimya üzrə Nobel mükafatına layiq 
						görülmüş Rixard Kun Pauli ilə bir sinifdə oxuyub.  Bir 
						dəfə fizika dərsində müəllim lövhədə səhvə yol verir və 
						səhvini çox axtarsa da, tapa bilmir. Müəllim nəhayət, 
						bütün sinfin sevincinə səbəb olaraq ümidsizcəsinə 
						Pauliyə yönəlir və deyir: "Pauli, yaxşı, deyin səhv 
						hardadır? Siz yəqin onu çoxdan tapmısınız". 
						
						
						 Tələbəlik 
						həyatının ilk illərində o, hər bir boş dəqiqəsini 
						tanınmış fizik Ernest Maxın yanında keçirib. Max onun 
						üçün həm müəllim və həm də nümunə olub. Professor 
						həyatının son günlərinə qədər Paulinin böyük dostu və  
						müəllimi idi. Max gənc Paulinin ilk elmi məqalələrinin 
						jurnallarda dərc olunmasına nail olub. Pauli sonralar 
						Maxla münasibətini özünün intellektual həyatında ən 
						əhəmiyyətli hadisə adlandırıb.  Pauli riyaziyyat və 
						fizikanın əsaslarını Vyanadakı Dobling Gimnaziyasında 
						öyrənib. Nobelçi alimlər haqqında  "Elm dahiləri" adlı 
						çox dəyərli kitab yazmış Nobel mükafatı laureatı  
						Abraham Peys (Abraham Pais. The Genius of Science  
						Portrait Gallery. Oxford University Press, 2000)  
						çox yaxından tanıdığı Paulinin ilk təhsil illəri 
						haqqında yazıb: "Gimnaziyanın son kursunda oxuyarkən 
						Pauli Albert Eynşteynin son işləri ilə tanış olurdu. 
						Məktəb dərsləri o qədər cansıxıcı və uzun idi ki, Pauli 
						Eynşteynin kitablarını parta altında gizlində oxuyurdu. 
						Bu kitablar onda dərin təəssürat buraxmışdı. O mənə 
						deyirdi ki, onun gözləri sanki pərdə altında yatıb. 
						Pauli kitabları oxumaqla  ümumi nisbilik nəzəriyyəsini 
						tam anlamışdı".   Pauli 18 yaşında gimnaziyanı başa 
						vurub.  O, artıq ilk elmi  məqaləsini çapa göndərib. 
						Onun ilk məqaləsi qravitasiya sahə probleminə həsr 
						olunub. Məqalə onun müəllifinin yüksək peşəkarlığından 
						xəbər verirdi. Bütün bunlar onu göstərir ki,  tələbə 
						Pauli hələ universitet illərindən Eynşteynlə tanış idi. 
						Lakin onun Nils Borla münasibətləri daha yaxın olub. 
						
						
						 Albert 
						Eynşteynin dəyər verdiyi tələbə  
						
						
						 Təhsilini 
						davam etdirmək üçün Pauli Münhen Universitetini seçib. O 
						zaman bu universitetdə məşhur fizik, Münhen nəzəri 
						fizika məktəbinin banisi  Arnold Zommerfeld işləyirdi. 
						Münhen Universitetində o, öz qabiliyyətinə görə digər 
						tələbələrdən seçilirdi. Paulinin 19 yaşı var idi və o, 
						ilk dəfə universitetdə tələbə auditoriyası qarşısında 
						çıxış edən Albert Eynşteynin nisbilik nəzəriyyəsinə dair 
						mühazirəsinə qulaq asandan sonra bu sözləri deyib: 
						"Bilirsinizmi, cənab Eynşteynin bizə söylədikləri heç də 
						ağılsız şeylər deyil". 1919-cu ildə Zommerfeldin 
						tələbəsi kimi Paulinin  iki məqaləsi işıq üzü görüb. Bu 
						məqalələr ümumi nisbilik nəzəriyyəsinin bəzi 
						ümumiləşdirilməsi cəhdlərinə həsr olunub. 1920-ci ildə 
						Zommerfeldin tapşırığı əsasında Pauli   "Riyazi elmlər 
						ensiklopediyası" jurnalı üçün nisbilik nəzəriyyəsinə 
						dair böyük elmi məqalə üzərində işləyir. Sonralar  250 
						səhifəlik məqalə kitab şəklində bir neçə dəfə dərc 
						olunub. Müəllimi Zommerfeld elmi işin, sadəcə, çox 
						ustalıqla yerinə yetirildiyini bildirirdi. Bir sıra 
						ölkələrdə nəşr olunan kitab bu günə qədər  nisbilik 
						mövzusunda yazılmış ən yaxşı elmi məqalə hesab olunur.  
						Burada Albert Eynşteynin kitab haqqında rəyini nümunə 
						göstərməmək olmur: "Bu çox cəsarətlə və diqqətlə  
						düşünülərək yazılmış kitabı oxuyan çox çətin inansın ki, 
						onun müəllifinin cəmi 21 yaşı var. Məlum deyil ki, daha 
						çox nəyə təəccüblənəsən; ideyaların inkişaf gedişinin 
						dərin psixoloji dərkinə, riyazi nəticələrin  
						qüsursuzluğuna, hadisələrin fiziki mahiyyətinə dərindən 
						nüfuzetməyə, aydın və sistemli şəkildə predmetin 
						şərhinə, erudisiya, şərhin tamlığına, tənqidə 
						əminliyinə".  
						
						
						 Pauli  
						Eynşteynin nisbilik nəzəriyyəsinin müddəalarını o qədər 
						gözəl və incə şərh edib ki, hətta dahi Eynşteyn bu işlə 
						tanışlıqdan sonra bildirib ki, o, indi özünün 
						nəzəriyyəsini daha yaxşı anlamağa başlayıb.    Pauli 
						nisbilik nəzəriyyəsinə bir neçə ildən sonra yenidən 
						müraciət edir. 1921-ci ildə o, Gettingenə gedir. O, 
						burada ətrafında bir çox istedadlı gənc fiziklərin 
						(Heyzenberq, İordan və b.) toplaşdığı məşhur Maks Bornun 
						yanında assistent kimi çalışır. Maks Born Eynşteynə 
						göndərdiyi məktubunda assistenti barədə yazırdı: "Pauli 
						çox ağıllı və istedadlıdır. Bundan əlavə o, səmimi, 
						tamamilə normal, həyatsevərdir və lap uşağa bənzəyir. 
						Pauli mənim işlərimi stimullaşdırır".  Bu gənclər 
						tezliklə tələbəlik mərhələsini keçərək elmin konkret 
						sahələrində liderlik mövqeyinə qədər ucalırlar. Məhz 
						həmin illərdə Gettingendə kvant mexanikasının matrik 
						formulu və onun yeni statistik  interpretasiyası 
						yaranır. Pauli artıq 1920-ci ildə atom və  spektrlərin  
						öyrənilməsinə böyük diqqət ayırıb.  1924-cü ildə bu 
						tədqiqatlar fizikanın ən vacib qanunlarından birinin - 
						onun adını daşıyan "Pauli prinsipi"nin kəşfinə yol açıb. 
						Gettingendəki elmi qrup Nils Borla sıx əməkdaşlıq 
						edirdi, sonralar isə Kopenhagendəki Nəzəri Fizika 
						İnstitutu Paulinin tam elmi rəhbərliyi altına keçib. O, 
						Borun yanında 1923-cü ilə kimi işləyib. 1923-cü ildə 
						Pauli Hamburq Universitetində dosent kimi işləməyə 
						başlayıb, 1928-ci ildə isə Sürix Politexnik İnstitutunda 
						nəzəri fizika professoru vəzifəsini tutub.  
						
						
						 "Pauli 
						prinsipi" 
						
						
						 Atomun quruluşuna dair Ernest Rezervord və Nils Borun 
						klassik modellərinin açıqlanmasından sonra D.Mendeleyev 
						dövri sisteminin izah olunması problemi gündəmə gəlib. 
						Elektronların atom nüvəsi ətrafında orbitlərdə 
						yerləşməsini qəbul etməklə yanaşı onların nüvə 
						tərəfindən cəzb olunmaya tabe olaraq yaxınlıqda olan 
						orbitə keçməməsi  səbəbini  izah etmək lazım idi.  Bu 
						problemi həll etmək üçün (Pauli sonralar xatırlayırdı 
						ki,   bu məsələ onu o qədər məşğul edirdi ki, bəzən ona 
						elə gəlirdi, artıq dəli olmaq dərəcəsinə çatır) gənc 
						alim adi  klassik təsəvvürlərdən daha bir addım 
						uzaqlaşmalı olub. Klassik mexanikada hissəciklər 
						arasında yalnız "qüvvə" qarşılıqlı təsiri gözdən 
						keçirilir. Pauli isə belə bir fikir irəli sürmüşdü ki, 
						iki elektron eyni bir vəziyyətdə ola bilməz və bu heç 
						bir qüvvə təbiətinə malik deyil, yəni buna hissəciklər 
						arasında hansısa itələmənin nəticəsi kimi baxmaq olmaz. 
						 
						
						
						Sonrakı tədqiqatlar göstərdi ki,   burada hissəciklər 
						spini anlayışı əsas rol oynayır.    İlk dəfə elektronun 
						spini (fırlanma) anlayışını elmə daxil edən Pauli 
						1929-cu ildə müasir kvant fizikasının ən vacib 
						prinsiplərindən birini - iki eyni cür kvant hissəciyi 
						eyni bir vəziyyətdə ola bilməz, yəni onların xarakterini 
						müəyyən edən bütün 4 kvant ədədi eyni bir yerdə eyni 
						qiymətə malik ola bilməz - daxil etdi.   Yəni, əgər iki 
						elektron eyni orbitdədirsə, onların əsas orbital və 
						maqnit ədədləri üst-üstə düşürsə, onda dördüncü spinin 
						qiyməti fərqli olmalıdır. Bu o deməkdir ki, orbiti iki 
						elektrondan artıq elektron tuta bilməz. 1925-ci il mayın 
						21-də qadağalar prinsipi üzərində işlərini tamamladıqdan 
						5 ay sonra Pauli yazırdı: "Fizika yenidən dalandadır. 
						Orada nə olmasından asılı olmayaraq, bu mənim üçün çox 
						ağırdır. Mən  komediya teatrında aktyor  olmaq və ya bu 
						kimi bir işlə məşğul olmaq istərdim, fizika barədə bir 
						daha heç nə eşitmək istəmirəm".  2 ay sonra Paulinin 
						fizikada "dalan" adlandırdığı vəziyyət dəyişdi, 
						perspektiv görünməyə başladı.  
						
						
						İyunun 29-da Heyzenberq kvant mexanikasının başlanğıcı 
						hesab olunan məqaləsini (kvant mexanikasının matrik 
						təsəvvürü) dərc etdirdi.    Qadağalar prinsipinə görə 
						Pauli 1945-ci ildə fizika üzrə Nobel mükafatına layiq 
						görülüb. Pauli prinsipi  elektronların atom qılafında 
						yerləşməsi qanunauyğunluqlarını müəyyən edir, 
						elektronların atomda paylanmasının izahını verir. 
						Minimal enerji səviyyəsində maksimum 2 elektron (əks 
						istiqamətli spinə malik)  yerləşə bilər. Helium atomunda 
						vəziyyət bu cürdür. Litiumun 3 elektronundan 2-si 
						minimal enerji vəziyyətindədir (əsas səviyyə), üçüncü 
						elektron isə sonrakı mövqedə dayanmalıdır. Buna görə də 
						litium öz kimyəvi xassələrinə görə hidrogenə bənzəyir, 
						məhz bu xüsusiyyət çox vaxt atomlardakı xarici 
						elektronların sayı ilə müəyyən olunur.   Pauli prinsipi 
						atom fizikasında elementlərin kimyəvi xassələri və 
						elektronların yerləşməsi  arasında əlaqənin təbiətini 
						izah etmək üçün həlledici əhəmiyyətə malikdir. 
						 
						
						
						Fermi-Dirak statistikası adlanan fərziyyənin əsasını 
						təşkil edən Pauli prinsipi mikroaləm fizikasında vacib 
						rol oynayır.  1927-ci ildə Pauli metallarda 
						paramaqnetizmin mənşəyini izah edib. O müəyyən etmişdi 
						ki, metallarda elektronlar klassik statistik qanunlara 
						deyil, qadağalar prinsipi əsasında yaradılmış kvant 
						statistikasına tabedir. 1929-cu ildə Pauli Verner 
						Heyzenberqlə birlikdə kvant elektrodinamikasının  
						əsaslarını müəyyən etmişdi. Onlar kvant sahəsinin ümumi 
						nəzəriyyəsini işləyib hazırlamışdılar. Bundan əlavə, 
						Pauli elementar hissəciklər nəzəriyyəsi sahəsində 
						fundamental işlərin müəllifidir, o eyni zamanda nüvə 
						qüvvələrinin mezon nəzəriyyəsini də təklif edib.  
						 
						
						
						1931-ci ildə Pauli sıfır kütləli və 1/2 spinə malik 
						neytral hissəciklərin mövcudluğu ideyasını irəli 
						sürmüşdü. O yaxşı başa düşürdü ki, neytronların 
						beta-parçalanması zamanı proton və elektronlara 
						çevrilməsi hadisəsində enerji və impulsun saxlanılması 
						daha bir, o zaman məlum olmayan hissəciyin ayrılması ilə 
						baş tuta bilər. Həmin dövrdə belə bir hissəciyin 
						mövcudluğunu sübut etmək mümkün deyildi. İtaliyalı fizik 
						Enriko Fermi sonradan bu hissəciyi neytrino 
						adlandırmışdı. Eksperimental olaraq neytrino yalnız 
						1954-cü ildə kəşf olundu. O vaxt belə bir fərziyyə  
						mövcud idi ki, mikroaləmdə enerjinin saxlanması qanununa 
						yalnız orta səviyyələrdə əməl olunur, digər 
						vəziyyətlərdə isə bu qanun pozula bilər. Pauli ilk 
						olaraq bu fərziyyənin əleyhinə çıxıb. O, alimlərin 
						Tübingem konfransına ünvanladığı məktubunda enerjinin 
						saxlanması qanunun xilas olunması üçün bütün qüvvəsini 
						səfərbər etdiyini yazırdı.  
						
						
						Alim ilk dəfə xəbər vermişdi ki, beta parçalanma 
						məhsulları arasında hansısa hələ elmə məlum olmayan 
						yüksüz hissəcik var və bu hissəcik çatışmayan enerjini 
						özü ilə aparır. Və burada yenə də Paulinin fərasəti öz 
						təsdiqini tapdı. Məlum oldu ki, o, təkcə enerjinin 
						saxlanması qanununu deyil, həm impulsun saxlanması və 
						eləcə də kvant mexanikasında hissəciklərin 
						statistikasının əsas prinsiplərini "xilas edib". Onun 
						elmi maraqlarının dairəsi genişlənirdi, daha çox bərk 
						cismlər fizikası, dia- və paramaqnetizm, sahənin kvant 
						nəzəriyyəsi, elementar hissəciklər fizikası sahələrini 
						əhatə edirdi. 1927-ci ildə o, Şredinger tənliyinin 
						ümumiləşdirilməsi təşəbbüsü ilə çıxış etdi.  
						
						
						 "Eynşteyn... 
						məni özünün davamçısı təyin edən krala bənzəyirdi"  
						
						
						1943-cü ildə Albert Eynşteyn və Volfqanq  Pauli standart 
						nisbilik nəzəriyyəsinə dair birgə məqalə yazdılar. 
						1945-ci il yanvarın 13-də  Eynşteyn Nobel mükafatları 
						Komitəsinə belə bir teleqram göndərmişdi: "Fizika 
						sahəsində Nobel mükafatına Volfqanq Paulinin 
						namizədliyini irəli sürürəm. Onun müasir kvant 
						fizikasında Pauli prinsipi və ya qadağalar prinsipi 
						adlandırılan nəzəriyyəsi müasir kvant fizikasının 
						fundamental hissəsinə çevrilib. Albert Eynşteyn". 
						 
						
						
						Pauli Nobel mükafatını almaq üçün İsveçə getmədi. 
						Əvəzində Prinston Universitetində bu münasibətlə 
						təntənəli nahar mərasimi keçirilib. Mərasimdə çıxış edən 
						Eynşteyn Pauli barədə çox yaddaqalan fikirlər 
						səsləndirib. Pauli bu barədə sonralar yazırdı: "Eynşteyn 
						taxt-tacından imtina edən və seçilmiş oğul qismində məni 
						özünün davamçısı təyin edən krala bənzəyirdi". Pauli 
						Eynşteynin onun barəsində söylədiyi xoş sözləri heç vaxt 
						yaddan çıxara bilməyəcəyini deyirdi. Müharibədən sonra 
						amerikalılar Eynşteynin davamçısı kimi Pauliyə  illik 10 
						min ABŞ dolları əməkhaqqı vəd etmişdilər. Onun Nobel 
						mükafatı almasından sonra bu rəqəm 15 min dollara qədər 
						artmışdı.   
						
						
						
						Görkəmli fizikin həyatından maraqlı anlar  
						
						
						Pauli 23 yaşı tamam olanda Kopenhagenə gedib. O, burada 
						məşhur Nils Borun məktəbində təcrübə keçib. Atası 
						oğlunun bu qərarını eşidəndə bildirib ki, oğlu Borun 
						yanında nəinki  fizika sahəsində biliklərini artıracaq, 
						həm də onun yaxşı müəllimlik manerasını əxz edəcək.  Bir 
						dəfə anası oğlunu dərin pəjmürdə vəziyyətində görüb və 
						bunun səbəbini soruşub. O isə cavabında "əlbəttə ki, mən 
						xoşbəxt deyiləm. Çünki mən Zeemanın (şotland fiziki 
						Piter Zeeman, Nobel mükafatı laureatı) anomal effekt 
						nəzəriyyəsindən baş çıxara bilmirəm". Bəzən Nils Bor və 
						Pauli arasında hansısa elmi mövzu üzrə belə bir 
						mübahisəni  müşahidə etmək olardı: 
						
						
						Pauli: "Bəsdir! Özünüzü səfeh yerinə qoymayın!". 
						
						
						Öz fikrini izah etməyə çalışan Bor: "Lakin Pauli, qulaq 
						asın...". 
						
						
						Pauli: "Yox. Bu, cəfəngdir. Daha sizin bir sözünüzə belə 
						qulaq asmayacam". 
						
						
						Bir dəfə məşhur fizik  Paul Erenfest və Pauli elmi 
						konfransların birində tanış olurlar. Pauli özünü həddən 
						artıq kobud aparıb və buna dözə bilməyən Erenfest 
						bildirib: "Sizin nəşr olunmuş elmi işləriniz sizin 
						özünüzdən daha çox xoşuma gəlir". Paulinin cavabı 
						öldürücü idi: "Qəribədir! Mənim isə tam əksinə".   
						Paulinin parlaq qabiliyyətlərdən əlavə çox kəskin və acı 
						dili var idi. O, həmkarı olan fiziklərdən birinə 
						demişdi: "Mənim sizin çox ləng düşünməyinizə qarşı heç 
						bir iradım yoxdur,  lakin sizin öz məqalələrinizi 
						düşündüyünüzdən də sürətlə dərc etdirməyinizə dözə 
						bilmirəm".    Pauli barədə bir çox lətifələr mövcuddur.  
						Bir gənc günlərin birində səhər saat 9-da onunla görüş 
						istəyib. Pauli təklifi rədd edib və deyib ki, "Mümkün 
						deyil, çox gecdir". Öz yeni ideyası ilə onun yanına 
						gəlmiş digər gəncə cavabı da maraqlıdır. Pauli tez cavab 
						verib ki, onun ideyaları səhvdir. Volfqanq Pauli özünə 
						assistent kimi yeni işçi götürəndə ona deyirdi: 
						"İşinizin mahiyyəti bunda olacaq ki, elə ki, mən sizə 
						nəsə deyəcəm, siz mənim dediklərimi ən tutarlı 
						arqumentlərlə rədd etməlisiniz".  Pauli hətta dondurma 
						yemək üçün kafeyə gedəndə,  üzgüçülük hovuzunda olanda 
						da fərziyyə irəli sürməyi sevərdi, assistenti isə hər an 
						onun dediklərini təkzib etməli idi. Pauli mütəfəkkir, 
						sırf nəzəriyyəçi idi. O heç vaxt eksperimentləri şair və 
						ya riyaziyyatçı kimi qoymurdu,  kağız və qələmi  özünün 
						silahı hesab edirdi. Paulinin eksperimentlərlə 
						uyğunsuzluğu tezliklə fiziki folklor nümunəsi olub və 
						"Pauli effekti" adlanmağa başlayıb.  Əməkdaşları 
						xatırlayırdılar ki, bu orta boylu, bəstəboy, ağıllı 
						gözləri olan insanın laboratoriyaya daxil olması ilə 
						otaqdakı aparatlar və cihazlar sıradan çıxırdı. 
						Maraqlıdır ki, bir çox elmi problemlərin izahını 
						məharətlə verən  Pauli bu hadisədən baş çıxara 
						bilmirdi.     
						
						
						
						Pauli elmi məsələyə dəxli olmayan cavabları ilə məşhur 
						idi  
						
						
						"Paulinin yanında işləmək olduqca gözəl idi! Ondan hər 
						şey barədə soruşmaq olardı, onun sizin sualınızı ağılsız 
						hesab etməsindən heç narahat olmağa dəyməzdi, çünki o, 
						bütün sualları ağılsız hesab edirdi",-bu sözləri Nobel 
						mükafatı laureatı Viktor Vayskopf deyib. Fizika 
						sahəsində Pauli mükəmməl, peşəkar kimi tanınırdı. 
						Bununla belə, o, nəinki öz işləri ilə kifayətlənir, 
						həmkarlarının da səhvlərini amansız şəkildə tənqid 
						edirdi. Müasirləri onu fizika elminin "vicdanı" 
						adlandırırdılar. O, adətən elmi işlərə həddindən artıq 
						tənqidi yanaşaraq "tamamilə yanlış" və ya təxminən belə 
						münasibət bildirərdi: "Sizin işiniz nəinki düzgün deyil, 
						heç səhv olacaq dərəcədə belə deyil". Bir dəfə 
						Heyzenberq tanışlıq üçün özünün yeni nəzəriyyəsini 
						Pauliyə göndərir. Cavabında Heyzenberq Paulidən yanında 
						kiçik bir qeyd olan kvadrat təsvir olunmuş məktub alır. 
						Qeyddə deyilirdi: "Mən Tisian (məşhur rəssam) kimi çəkə 
						bilərəm".  Aşağıda isə xırda xətlə yazılmışdı: "Yalnız 
						detallar çatışmır". Pauli elmi məsələyə dəxli olmayan 
						cavabları ilə məşhur idi.   
						
						
						Pauli müasir fizika, xüsusən də kvant mexanikasının 
						inkişafına  misilsiz töhfələr bəxş edib.  O, elmi 
						əsərlərini nadir hallarda nəşr etdirir və əvəzində 
						həmkarları, xüsusən Nils Bor və Verner Heyzenberqlə 
						intensiv məktublaşmaya üstünlük verərdi. Pauli 
						əsərlərinin nəşr edilməməsi və nəticədə geniş 
						ictimaiyyətin onun əsərlərindən bixəbər olmasından qəti 
						narahatlıq keçirmirdi. Nobel mükafatı laureatı Abraham 
						Peys yazırdı: "O məni restoranlardan birinə dəvət etdi. 
						Nahar vaxtı mən onun yüngül vals ritmində ona xas olan 
						şəkildə kresloda oturaraq irəliyə-geriyə hərəkət 
						etməsinin şahidi oldum. O, nə barədəsə düşünürdü. 
						Nəhayət dedi ki, ona hazırda sonrakı işi üçün fiziki 
						məsələ tapmaq çətindir. Sonra isə əlavə etdi: "Ola 
						bilsin ki, mən çox bilirəm". Yenə sakitlik. Kresloda 
						irəliyə-geriyə hərəkət. Sonra "bəs, siz çox bilirsiniz?" 
						dedi.  Mən güldüm və dedim ki, yox, mən çox bilmirəm. 
						"Bəli, mümkündür. Siz çox şey bilmirsiniz, mümkündür. 
						Siz çox bilmirsiniz". Bir an sonra isə "Mən daha çox 
						bilirəm" dedi. Pauli bu sözləri özünə xas olan manerada, 
						aqressiya olmadan, bir faktın təsdiqi kimi dedi".   
						
						
						
						"Onun gözlərində zəka işığı parlayırdı..."  
						
						
						Volfqanq Paulinin biblioqrafı,  "Fizika və kvant 
						nəzəriyyəsi. Axtarışda" kitabının müəllifi Barbara Klayn 
						yazırdı: "Onun gözlərində zəka işığı parlayırdı. Elmi 
						mübahisələrdə Pauli misilsiz idi. Əgər elmi sübut 
						lakonik, tam  və məntiqi cəhətdən qüsursuz deyilsə, onun 
						üçün problemin düzgün həllinin heç bir əhəmiyyəti yox 
						idi.  Onun elmi işləri hər şeyə irad tutan müəllifinin  
						tələblərinə cavab verənə qədər təkrar-təkrar sübut 
						olunan uzunmüddətli çox fəal düşünmə prosesinin məhsulu 
						idi. Pauli hər şeyi şübhə altına alırdı. Nə qədər ağrılı 
						olsa da,  Bor və Heyzenberq Paulinin  tənqidi 
						iradlarını  yüksək qiymətləndirirdilər.  Onlar alimin 
						qəzəbli düzgünlüyünə heyran idilər.  Bor Paulini coşmuş 
						dənizdəki qaya ilə müqayisə edirdi". 1935-ci ildə yapon 
						alimi Xideki Yukava belə bir fərziyyə irəli sürmüşdü ki, 
						nüvə qüvvələri, kvantlar hazırda mezon adlanan sahə ilə 
						əlaqədardır. Əvvəlcə Pauli bu fikrə olduqca skeptik 
						yanaşdı: onu hətta kinayə ilə, yukoza adlandırıb. Lakin 
						sonralar məşhur fizik Openqeymerin təsiri ilə Pauli 
						mezonlar nəzəriyyəsinin yeni istiqamət olduğunu qəbul 
						etməyə məcbur olub. O, dərhal bu sahə üzrə elmi 
						tədqiqatlara coşqu ilə girişib. Mezon nəzəriyyəsi 
						üzərində işə başlayan  Pauli Openqeymerə yazdığı 
						məktubuda "Poeziya qurtardı, fizika başladı" deyir və 
						bununla da Yukavanın mezon nəzəriyyəsini qəbul edirdi.  
						 
						
						
						Pauli 1937-ci ildə Odessada fiziklərin 2-ci konqresində 
						iştirak edib, bu səfər və eləcə də Rusiya barədə 
						fikirlərini yazıb: "Mənim bu ölkə barədə dəhşətli 
						təsəvvürlərim yaranıb. Mən əvvəllər heç vaxt bu cür 
						terror (37-ci ilin repressiyaları) görməmişdim. Hamı 
						danışmağa qorxur, gənc alimlər hətta mənim yanıma otelə 
						gəlməyə belə çəkinirdilər". 
						
						
						Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin atom 
						bombasına məruz qalmasından sonra Pauli B.Klayna 
						yazırdı: "Düşünürəm ki, əgər bu silah tezliklə 
						beynəlxalq nəzarətə götürülməsə, bizim peşəmiz nüfuzdan 
						düşəcək".   
						
						
						1935-1941-ci illər ərzində Pauli Prinston Perspektiv 
						Tədqiqatlar İnstitutunda, Nyu-Cersi və Miçiqan,  Perdyu 
						universitetlərində mühazirələr  oxuyub. 1940-cı ildə 
						Prinston nəzəri fizika kafedrasına dəvət olunub, lakin 
						İkinci Dünya müharibəsinin sonlarında Sürixə 
						qayıdıb.1945-ci ildə sahənin kvant nəzəriyyəsinin 
						əsasını qoyan Pauli elementar hissəciklərin spini və 
						statistikası arasında əlaqənin mövcudluğunu sübut edib.  
						O, London Kral Cəmiyyətinin, İsveçrə Fizika 
						Cəmiyyətinin, Amerika Fizika Cəmiyyətinin və Amerika 
						elminin  inkişafına dəstək Assosiasiyasının üzvü olub. 
						Böyük alim  1958-ci il dekabrın 15-də Sürixdə xərçəng 
						xəstəliyindən vəfat edib.  Həyatının son illərində Pauli 
						yüksək enerjilər fizikası ilə maraqlanıb. O, eyni 
						zamanda məşhur alman psixoanalitiki Karl Qustav Yunq ilə 
						yaxından əlaqə saxlayıb, fəlsəfə və psixologiyaya dərin 
						maraq göstərib.    
						
						
						
						Hazırladı:  Oruc MUSTAFAYEV   |