| 
						 
						
						2005-ci ildə hazırlanmış və təsdiq edilmiş "Ümumi təhsil 
						sistemində dərslik siyasəti" sənədində göstərilmişdir 
						ki, "Dərslik... şagirdlərə müstəqil tədqiqatçılıq və 
						yaradıcılıq vərdişləri aşılamalı, onları düşünməyə sövq 
						etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir". 
						 
						
						
						Bəli, həqiqətən də dərsliklər təhsil sisteminin başlıca 
						amillərindən ən əsasıdır. Dərslik nəinki şagirdlərin 
						təhsili prosesində istiqamətverici amildir, o, 
						müəllimlərin də fəaliyyətinin planlaşdırılmasında ən 
						əsas pedaqoji və metodik vəsaitdir. 
						
						
						Çalışdığım müddət ərzində bir neçə dərslik nümunələri 
						ilə işləməli olmuşam. Deməliyəm ki, bu dərsliklər 
						içərisində zövqümüzcə olanı da olub, nisbətən zəifi də. 
						Lakin bu tədris ilinə nəşr edilmiş və birinci sinif 
						şagirdlərinin istifadəsinə verilmiş "Azərbaycan dili" və 
						"Riyaziyyat" dərslikləri haqqında fikirlərim daha 
						yüksəkdir.  
						
						
						Rəngarəng və gözəl şəkillər mətnləri yaxşı tamamlayır. 
						Hər bir hərfi keçərkən ona uyğun sözlərin hecalarla 
						verilməsi şagirdlərin oxu texnikasının 
						sürətləndirilməsinə kömək edir.  
						
						
						Sözlərdə buraxılmış hecaların nöqtələrlə verilməsi və 
						şagirdlərin bu hecaları düzgün seçib öz yerinə 
						yerləşdirməsi təqdirəlayiqdir. Belə çalışmaların 
						şagirdlərin nəzərinə çatdırılması həm şagird, həm də 
						müəllimlər üçün maraqlı dərs prosesinin keçirilməsinə 
						kömək edir. 
						
						
						Yazı nümunələrinin yerləşdirilməsi şagirdlərin çap 
						hərflərinin yazı nümunəsinə çevrilməsi qabiliyyətinin 
						sürətləndirilməsinə kömək edir. 
						
						
						Səhifə 96-dakı "Tap görüm" şeiri şagirdlərin 
						oxuduqlarını dərk edərək xarici aləmlə 
						uyğunlaşdırılmasına kömək edir. Şəkillər isə bu 
						tapmacanın açmasının tapılmasını daha maraqlı edir. 
						
						
						Səhifə 103-dəki isimlərin böyük hərflə verilməsini tələb 
						edən çalışma şagirdlərin ilk addımlardan dil qaydaları 
						üzrə biliklərə yiyələnməsinə istiqamət verir. 
						 
						
						
						Bu cür çalışmaların növbəti siniflər üzrə dərsliklərdə  
						də çox yerləşdiriləcəyinə ümid edir və arzulayırıq. 
						Məncə, şagirdlərin bu cür çalışmaları müəllimdən 
						eşitməkdənsə, dərslikdə görüb şəxsən oxuması daha 
						məqsədəuyğundur. "Riyaziyyat" dərsliyi də bir çox 
						dəyişiklikləri ilə nəzərə çarpır. Dərslikdə yenə təbii 
						çalarlı rəsmlər göz oxşayır. 
						
						
						Dərsliyin ədədi ifadələrlə zənginliyi, məsələlərin 
						çoxluğu gələcək dərsliklərin də bu xüsusda nəşr 
						ediləcəyinə ümid doğurur.  
						
						
						Məncə "Riyaziyyat" dərsliklərinin ədədi ifadələrlə, 
						məsələlərlə, tənliklərlə, həndəsi çalışmalarla zəngin 
						olması çox zəruridir. 
						
						
						Gələcəyin məntiqli intellektual şagirdlərini yetişdirmək 
						üçün bu cür dərsliklərə çox ehtiyac duyulur və həmin 
						dərsliklərlə şagirdlərimiz dövlətimizin güclü təhsil 
						siyasəti nəticəsində pulsuz təmin olunurlar. Bunun üçün 
						də valideyn, şagird və müəllim kollektivi adından çox 
						sevinir və təşəkkür edirik.   
						
						
						
						Esmira TAĞIYEVA, 
						Sumqayıt şəhər N. Tusi adına 12 nömrəli  tam orta 
						məktəbin  
						ibtidai sinif müəllimi   |