| 
						 
						
						
						Bu günlərdə Ukraynanın Lvov şəhərində xalq artisti Yuri 
						Başmetin himayəsi altında keçirilən  MDB ölkələrinin IV 
						Gənclər Musiqi Akademiyasında  azərbaycanlı gənc 
						musiqiçilər İlham Nəzərov (vokal), Ceyla Seyidova 
						(skripka), Üzeyir Mahmudbəyli (viola) iştirak ediblər.  
						
						
						Məlumat üçün bildirək ki, adıçəkilən akademiya daimi 
						fəaliyyət göstərən tədris müəssisəsi deyil, bu, hər il 
						oktyabr ayında təşkil olunan beynəlxalq layihədir. 
						Layihə çərçivəsində müxtəlif ölkələrdən olan görkəmli 
						musiqiçi pedaqoqlar  MDB ölkələrinin ali musiqi 
						məktəblərinin istedadlı tələbələri ilə məşğul olur, 
						həmin gənclər onların ustad dərslərində və birgə 
						konsertlərdə iştirak edirlər. İlk 3 akademiya Minsk 
						şəhərində keçirilib. 4-cü akademiyanın keçirilməsi üçün 
						isə öz zəngin musiqi ənənələri ilə tanınan Ukraynanın  
						Lvov şəhəri seçilib. 
						
						
						Akademiya zamanı tələbələr Sergey Edelman ( fortepiano), 
						Aleksandr Trostyanski (skripka), Svetlana Nesterenko 
						(vokal), Vitali Astaxov (viola), Aleksey Seleznyov 
						(violonçel) kimi tanınmış müəllimlərin və əlbəttə ki, 
						Yuri Başmetin ustad dərslərində iştirak etmək imkanı 
						qazanıblar. 
						
						
						Sevindirici haldır ki, 11 ölkədən 42 gənc musiqiçinin 
						iştirak etdiyi akademiyada Azərbaycanın istedadlı 
						gəncləri musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. 
						Akademiyanın davam etdiyi günlərdə onun işini 
						işıqlandıran bütün kütləvi informasiya vasitələrində 
						həmyerlilərimizin uğurları barədə məlumatlar verilib. 
						Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 
						tələbələri olan Ceyla Seyidova və Üzeyir Mahmudbəylinin 
						ifaçılıq qabiliyyəti yüksək qiymətləndirilmiş, onlar 
						akademiyanın konsertlərində müvəffəqiyyətlə çıxış 
						ediblər. 
						
						
						Gənc vokalçı İlham Nəzərovun akademiyada iştirakı və 
						konsertlərdə uğurlu çıxışı xüsusilə böyük əks-səda 
						doğurmuşdır. Bas-bariton və kontrtenor partiyalarını 
						məharətlə ifa edən, unikal səs diapazonuna malik 
						azərbaycanlı musiqiçi Lvov Akademiyasının əsl "ulduzu", 
						akademiyanın kəşfi - sürprizi adlandırılır.  
						
						
						Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet 
						Teatrının və "Üns" yaradıcılıq səhnəsinin solisti olan 
						İlham Nəzərov hazırda İtaliyada Darte Lirica 
						Akademiyasında təhsil alır. 
						
						
						 Samirə 
						KƏRİMOVA   |