| 
						 
						
						Bakıdakı  257 nömrəli tam orta məktəbdə "Təhsilə dəstək" 
						layihəsində iştirak edən müəllimlərlə Sumqayıt 
						şəhərindəki 11 nömrəli məktəbdə fəaliyyət göstərən 
						"Təhsilə dəstək" mərkəzinin pedaqoqlarının görüşü 
						keçirilib. Layihənin koordinatoru və SOS Uşaq Kəndinin 
						pedaqoqu Almaz Məmmədovanın təşkilatçılığı ilə keçirilən 
						tədbirdə təcrübə mübadiləsi etmək, layihə ilə yaxından 
						tanışlıq, dinlənilən dərslərin müzakirəsi, mövcud 
						çətinliklər və mümkün həlli yolları, qrupların təşkili, 
						dərslərin keçilməsinin asan və sadə üsulları, sənədləşmə 
						işlərinin aparılması və sair məsələlərdən bəhs edilib. 
						
						
						Tədbirdə layihənin pedaqoqları Gülarə Zahidova, Əfsanə 
						Qasımova, Səbinə Mahmudova və mərkəzin koordinatoru 
						Aliyə Ağrılı, Sumqayıt Təhsil mərkəzindən layihənin 
						koordinatoru və "Ailələrə dəstək" layihəsinin psixoloqu 
						Nisə Abdullayeva, pedaqoqlar  Türkan Məmmədova, Samirə 
						Şirməmmədova, Nərmin Məmmədova, Kəmalə Cəfərova  və 
						Şənay Həsənova  iştirak ediblər. Qonaqlar  otaqlarla və 
						avadanlıqlarla tanış olduqdan sonra  hər iki layihənin 
						təqdimatı olub.Təqdimatdan sonra  müzakirələr başlayıb, 
						hər iki  komanda təcrübə mübadiləsi edərək biliklərini 
						paylaşıb. Bakı pedaqoqlarını ən çox maraqlandıran  
						Sumqayıtda  ibtidai siniflərin dərslərinin açıq havada  
						oyunlar vasitəsi ilə keçilməsi olub. Bakı layihəsində 
						isə  dərslərin çoxunun yeni metodlarla keçilməsi, dərs 
						zamanı uşaqların sərbəst olması və lövhədə işləmələri 
						maraq doğurub. Sumqayıtda daha çox könüllülərin işləməsi 
						də diqqətdən yayınmayıb. Gələcəkdə könüllü işləmək 
						istəyən müəllimləri cəlb etməklə daha çox uşağın 
						faydalanmasını  təmin etmək nəzərdə tutulub.  
						 
						
						
						Tədbir başa çatdıqdan sonra qonaqlar  SOS Uşaq Kəndində 
						2 ailə evində  uşaqlarla, analarla səmimi söhbət 
						ediblər. 13 nömrəli ailə evində isə qonaqlar uşaqların 
						lövhədən asılmış  müxtəlif cədvəllərinə, əl işlərinə,  
						"Kirpi" və "Tənbəl" lövhələrinə baxıblar. Bildirilib ki, 
						ailədəki uşaqlardan kimsə başqa uşaqla dalaşsa, onun 
						şəkli "Kirpi", kim tənbəldirsə, oxumaq istəmirsə  şəkli 
						"Tənbəl" lövhəsindən asılır. 
						
						
						Tədbirdən məmnun olan qonaqlar  SOS  Uşaq Kəndinin  
						uşaqları ilə xatirə şəkli çəkdiriblər.   
						
						
						Sifai SƏFƏROVA   |