| 
						 
						
						 Dərin elm, bilik və savada, geniş dünyagörüşə malik 
						intellektual vətəndaşların yetişdirilməsi zamanın 
						tələbidir. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində 
						də  müasir dövrün tələbinə uyğun xeyli işlər görülür. 
						Azərbaycan təhsilinin inkişaf səviyyəsi getdikcə  
						yüksəlir. İndi təhsilimizin məzmununun milli və bəşəri 
						dəyərlər əsasında formalaşması, yeni pedaqoji 
						texnologiyaların mənimsənilməsi, pedaqoji prosesin 
						təhsil islahatı prinsipləri üzərində qurulması, 
						müəllimin peşəkarlığının artması, elmi-pedaqoji, metodik 
						ədəbiyyatların nəşri, tələbələrin, şagirdlərin 
						tədqiqatçılığının fəal və interaktiv təlim metodları ilə 
						tənzimlənməsi buna əyani sübutdur. 
						
						
						"Təhsil millətin gələcəyidir" söyləyən ümummilli lider 
						Heydər Əliyev daim təhsilə və təhsil işçilərinə böyük 
						diqqət və qayğı göstərmişdir. Ulu öndərin təşəbbüsü və 
						rəhbərliyi ilə həyata keçirilən təhsil sahəsindəki 
						islahatlar  hazırda Prezident cənab İlham Əliyev 
						tərəfindən uğurla davam etdirilir. Milli təhsilimiz  
						məzmun baxımından yeniləşir,  bu sahədə islahatlara 
						dövlət təminatı gündən-günə artır. Ölkəmizin bütün 
						bölgələrində olduğu kimi, Beyləqan rayonunda da 
						təhsilimiz inkişaf edir. Müxtəlif vəsaitlərin məktəblərə 
						pulsuz verilməsi, məktəblərin kompüterlə təminatı və 
						İnternet şəbəkəsinə qoşulması daha çox informasiya və 
						bilik əldə etməyimizə xidmət edir. Hər il Azərbaycan 
						Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq 
						sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı 
						müəllim" müsabiqələri Təhsil Nazirliyi tərəfindən uğurla 
						həyata keçirilir. Qalib məktəblər və müəllimlər  
						mükafatlandırılırlar. Bu gün Azərbaycanda gənclər 
						siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. 
						Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında 
						aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, 
						humanitar, sosial tədbirlərin həyata keçirilməsində 
						mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün 
						yaratdığı geniş imkanlar nəticəsində  onlar cəmiyyətin 
						avanqard qüvvəsinə çevrilib. Biz müəllimlər  təhsili 
						cəmiyyətin, vətəndaşın, təhsil alanın və ən əsası, 
						gənclərin tələbatına və ehtiyaclarına uyğun qurmalı, 
						onların şəxsiyyət kimi formalaşması üçün bütün  
						qüvvəmizi səfərbər etməliyik. Hər bir müəllim özünün 
						gündəlik fəaliyyətini düzgün qurmalıdır. Bunun üçün 
						məkanından asılı olmayaraq biz müəllimlər hər gün 
						öyrənməli və ən əsası öyrəndiklərimizi öyrətməyi 
						bacarmalıyıq. Mən bütün həmkarlarıma deyirəm: Gəlin 
						məktəbdə zamanın, mühitin, şagirdlərin psixomotor 
						tələbatına uyğun hərəkət edək.  Bu yerdə Sədi Şirazinin 
						müəllimlə bağlı bir fikrini qeyd etmək istəyirəm:  Bir 
						gün bir şah oğlunun təhsil alması üçün onun əlindən 
						tutub mədrəsəyə gətirir və gümüş lövhəyə qızıl hərflərlə 
						yazır: "Mən valideynlərimin nəvazişindən çox, 
						müəllimlərimin tələbinə borcluyam". Biz bu tələblərlə 
						yanaşı, məktəbdə şagirdlərlə psixoloji,  fəlsəfi və s. 
						söhbətlər aparmaqla mükəmməl, intellektual şəxsiyyətin 
						yetişməsinə nail olmalıyıq. Bunu  bizim cəmiyyətimizin, 
						dövlətimizin  inkişaf strategiyası tələb edir.  
						
						
						
						Elvin ABBASOV, 
						Beyləqan rayonu,  
						akademik  M.Mehdizadə adına 3 nömrəli  
						tam  orta məktəbin coğrafiya müəllimi   |