| 
						 
						
						
						Deyirlər ki, işə başlamaq onun yarısını görmək deməkdir. 
						Ötən dərs ilində direktor kimi fəaliyyətə başlayanda 
						məktəb təsərrüfatı demək olar ki, bərbad və dağınıq 
						vəziyyətdə idi.  Davamiyyət və  nizam-intizam olduqca 
						aşağı səviyyəyə düşmüşdü. Əvvəlcə valideyn-müəllim 
						assosiasiyasının fəaliyyətini bərpa etdik. 
						
						  
						
						
						Məktəbdəki bütün sinif otaqları təmir olunaraq yararlı 
						hala salındı. Rayon icra hakimiyyətinin və təhsil 
						şöbəsinin köməyi ilə yeni plastik partalar, yazı 
						lövhələri, müxtəlif tədris ləvazimatları alındı. 
						
						
						Dərs ilinin  ilk günlərindən müəllim və şagirdlərin 
						intizam məsuliyyətini artırmaq qayğısına qaldıq. Elə 
						bunun sayəsində şagirdlərin dərsə davamiyyəti 
						yaxşılaşdı, müəllim-şagird münasibətlərinin düzgün 
						qurulmasına, təlim prosesinin keyfiyyətinin 
						yaxşılaşmasına, dərslərin fəal təlim metodları əsasında 
						keçirilməsinə çalışdıq. Birinci yarımilın sonunda bütün 
						fənlər üzrə testlər keçirildi. Məktəbin ictimai 
						həyatında və mədəni-kütləvi tədbirlərdə fərqlənən 
						şagirdlər mükafatlandırıldı. 
						
						
						Tədricən ən müasir tədris üsullarının sinif otaqlarına  
						gətirilməsinə nail olduq. Buraxılış imtahanlarında 
						şagirdlərin əldə etdiyi uğurlu nəticələr çəkilən 
						zəhmətin hədər getmədiyini göstərdi. Məzunlardan Türkan 
						Babaşlı qəbul imtahanında 510 bal toplayaraq Bakı 
						Slavyan Universitetinə, Yusif Səfərov 362 balla 
						Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul 
						olundu. 
						
						
						Yeni dərs ilində məktəbimizdə təhsil alan şagirdlərin 
						hamısı dərsliklərlə təmin olunmuşdur. Artıq bir sıra 
						fənlərdən dərslər İKT-nin tətbiqi ilə keçilir.  Tədrisin 
						keyfiyyətinin yaxşılaşması,  yaradılan şərait məktəbdə 
						şagirdlərin sayının artmasına səbəb olmuşdur. Əvvəlki 
						illərdə birinci sinfə cəmi 10-12 şagird gəlirdisə, yeni 
						tədris ilində 26 şagird məktəbə qədəm qoyub. Ayda bir 
						dəfə hər sinfin və məktəbin divar qəzeti buraxılır. 
						Şagirdlərin mədəni-kütləvi tədbirlərdə fəal iştirak 
						etməsini  də diqqət mərkəzində saxlayırıq. Təhsil 
						ocağında oxuyan 146 şagirdin təlim-tərbiyəsi ilə məşğul 
						olan 32 müəllimin hər birində işə məsuliyyətli münasibət 
						formalaşıb. Sinif otaqlarında keçilən dərslər kamera 
						vasitəsilə izlənilir. Təhsillə yanaşı, şagirdlərin 
						tanınmış alim, pedaqoq və yazıçılar, dərslik 
						müəllifləri, eləcə də şərəfli döyüş yolu keçmiş Qarabağ 
						müharibəsi veteranları ilə görüşlərini keçirərək onların 
						həm də layiqli vətəndaş kimi böyüməsinə çalışırıq.   
						
						
						
						Günel KAZIMOVA, 
						Füzuli rayon 50 nömrəli  tam orta məktəbin 
						direktoru  |