| 
						 
						
						
						Dünya Bankı və Təhsil Nazirliyinin birgə "Səmərəli 
						məktəb" layihəsi öz fəaliyyətini  başa vurmaq üzrədir. 
						Layihənin icraçısı Müasir Təhsil və Tədrisə Yardım 
						Mərkəzi 2 il ərzində ölkənin müxtəlif bölgələrində 
						yerləşən 12 məktəblə birgə işi 6 əsas komponent üzrə 
						aparırdı. Fəaliyyət istiqamətlərimizin ən əsası məktəb 
						daxilində müəllimlərin fəaliyyəti və peşəkarlıq 
						səviyyəsinin yüksəldilməsi idi. Əsas diqqətin bu məqama 
						verilməsinin səbəbini aydınlaşdırmağa lüzum yoxdur. 
						Çünki müəllimin məktəbdə əsas sima olması şübhəsizdir. 
						Ölkə təhsil sisteminin inkişafı üçün növbəti 10 il 
						müddətinə  müəyyən olunan hədəflər arasında müəllim 
						peşəkarlığının yüksəldilməsi məsələsinə xüsusi yer 
						verilməsi də müəllimin məktəbdə oynadığı müstəsna roldan 
						irəli gəlir. 
						
						  
						
						
						Nədənsə şüurlarda belə bir stereotip dolaşır ki, 
						peşəkarlığın inkişafı ancaq ixtisasartırma kurslarında 
						baş verir. Əslində isə bu, davamlı və sonu olmayan bir 
						prosesdir. Peşəkarlığın artırılması birbaşa işin 
						səmərəsinin artırılması deməkdir. Aydındır ki, 
						peşəkarlıq nə qədər yüksək olsa, müəllim təlim 
						nəticələrinə bir o qədər asanlıqla və tez çatar. 
						
						
						Bəs bu gün müəllimin peşəkarlıq səviyyəsinə hansı 
						tələblər verilir? Azərbaycan reallığında "yaxşı müəllim" 
						deyəndə kimlər nəzərdə tutulur? Müəllimi stereotip 
						"yaxşı müəllim" müstəvisindən  adekvat "peşəkar  
						müəllim" müstəvisinə qaldırmaq üçün  bu gün hansı 
						addımlar atılmalıdır? Burada hansı daxili və xarici 
						inkişaf faktorları müəllimə dəstək verə bilər? Layihə 
						üzərində iş zamanı bizi düşündürən və cavab axtarmağa 
						sövq edən əsas suallar bunlar idi.  
						
						
						Pilot məktəblərimizdə müəllim fəaliyyəti ilə bağlı ilkin 
						monitorinq zamanı bir sıra məqamlara diqqət yetirdik. 
						Müəllim portfoliosunu öyrənmək üçün müəllimlərin 
						meyarlar üzrə qiymətləndirilməsi adlı sənədi məktəblərə 
						elektron formatda təqdim edib hər bir müəllim tərəfindən 
						formadakı sualların cavablandırılmasını  xahiş etdik. 22 
						bənddən ibarət olan sənəddə müəllimin formal təhsil 
						səviyyəsi, pedaqoji stajı ilə bərabər  onun müxtəlif 
						təlimlərdə, yerli və beynəlxalq peşəkar müsabiqələrdə 
						iştirakı, dərslik, məqalə müəllifliyi və s. haqda  
						suallar var idi. Məktəblərdən alınan əks-səda göstərdi 
						ki, müəllimlər peşəkarlığın qiymətləndirmə meyarları ilə 
						tanış olarkən inkişafa aparan yolları da daha aydın 
						görməyə başladılar.  Müəllimlərin meyarlarla 
						qiymətləndirmə sənədinin bir qədər formal xarakter 
						daşıdığını və ideal olmadığını qəbul edirik. Amma hər 
						halda bu forma da müəyyən yol xəritəsi ola bilər. 
						 
						
						
						Müəllim peşəkarlığını qiymətləndirmək üçün ikinci və 
						daha real vasitə dərsdinləmələri oldu. Hər məktəbdə bir 
						neçə müəllimin dərsini dinləyən metodistlərimiz belə bir 
						təkliflə çıxış etdilər ki, məktəblərin, ələlxüsus ümumi 
						orta təhsil səviyyəsində işləyən fənn müəllimləri üçün 
						fəal təlim üsulları mövzusunda silsilə təlimlər keçmək, 
						təlimlərdən sonrakı dövrdə məktəblərdə yenidən 
						dərsdinləmələri keçirmək və nəticələri məktəb 
						metodbirləşmələrində təhlil və müzakirə etmək vacibdir. 
						Xüsusi hazırlanmış dərsdinləmə vərəqləri də konstruktiv 
						müzakirəyə və təhlilə istiqamət vermək məqsədi daşıyır.
						 
						
						
						2012-ci ilin yanvarında layihəyə cəlb olunmuş 
						məktəblərin müəllimləri arasında elan olunan müsabiqə də 
						fəal və peşəkar müəllimləri aşkar edib qiymətləndirmək 
						məqsədi daşıyırdı. Müsabiqənin şərtlərinə görə 
						müəllimlər dərs nümunəsi və "Mənim qabaqcıl təcrübəm 
						məktəbimin inkişafına necə təsir edir" mövzusunda 
						pedaqoji esse təqdim etməli idilər. 2 nəfər qalib 
						Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 
						2012-ci ilin mart ayında keçirilən beynəlxalq "Lider 
						müəllimlər" konfransında iştirak etmək hüququ 
						qazanacaqdı. Əvvəla onu deyək ki, müsabiqənın mükafatı 
						kifayət qədər cəlbedici olsa da, maraq göstərib, 
						müraciət edənlərin sayı gözlədiyimizdən qat-qat az oldu. 
						İkinci tərəfdən isə müsabiqəyə göndərilmiş dərslərin heç 
						biri fəal təlim fəlsəfəsinə uyğun deyildi. Nəticədə 
						müsabiqə qalibsiz qaldı. Bizim qarşımızda isə böyük bir 
						sual durdu: müəllimlərə fəal dərs fəlsəfəsini olduğu 
						kimi çatdırmaq və bu cür dərslərə üstünlük verməyə 
						təhrik etmək üçün hansı vasitələrə əl atmaq lazımdır? 
						Aydın oldu ki, 2-3 günlük yaxşı təşkil olunmuş seminar 
						işin ancaq başlanğıcıdır. Sonrakı mərhələdə qarşılıqlı 
						dərsdinləmələri, "açıq dərs"lər, ustad dərsləri öz işini 
						görməlidir. Pedaqoji mətbuatda dərc olunan elmi-nəzəri 
						və metodik məqalələr,  nümunəvi dərs icmalları ilə 
						mütəmadi tanışlıq təlimlərdə alınmış bilik və 
						bacarıqların dərinləşməsinə və genişlənməsinə kömək 
						edir. Əfsus ki, Azərbaycan dilində fəaliyyət göstərən 
						İnternet səhifələrində maraqlı dərs icmalları yox 
						dərəcəsindədir. Orada yerləşdirilmiş dərslərin isə 
						konstruktiv müzakirəsi təşkil olunmur. Odur ki, 
						müəllimlərimizin peşəkar inkişafı üçün İnternet hələ də 
						qapalı resurs kimi qalmaqdadır.  
						
						
						Məktəbdə peşəkar inkişafa dəstək ola biləcək başqa bir 
						vasitə elmi-nəzəri, pedaqoji, metodik və s.  məsələlərə 
						həsr olunmuş "dəyirmi masa"ların təşkilidir. Layihə 
						çərçivəsində hər bir məktəbdə "XXI əsrdə təhsilin 
						keyfiyyət konsepsiyası" mövzusunda "dəyirmi masa" təşkil 
						edildi. "Dəyirmi masa"da MTTYM-nin məsləhətçilərinin 
						təqdim etdikləri müzakirə sualları müəllim 
						auditoriyasında qızğın müzakirələrə səbəb oldu. 
						Reflektiv müəllim fəaliyyəti adlanan məfhumun 
						aydınlaşdırılması və onun özəllikləri haqda söhbət 
						müsbət əks-səda doğurdu. Müəllimlərin çıxışlarında 
						səslənən fikirlərin moderatorlarımız tərəfindən 
						ustalıqla elmi-pedaqoji yanaşmalar müstəvisinə keçirməsi 
						də öz rolunu oynadı. İştirakçılardan biri çıxışında belə 
						dedi: "Biz təklif edilən işlərin bir hissəsini  əvvəllər 
						də görürdük, amma bu işi niyə gördüyümüzü aydın təsəvvür 
						etmədən, fəaliyyətin psixoloji mexanizmlərini anlamadan 
						edirdik.  Bu səbəbdən də beynimizdə bir sistem yox idi, 
						fəaliyyətin də elmi ədəbiyyatdakı ətraflı  təsvirindən 
						və adından xəbərdar deyildik. İndi nəzəri biliklərlə 
						silahlandıqdan sonra hər bir fəaliyyət növünün 
						özəlliklərini tam anlayaraq və konkret nəticəyə 
						istiqamətlənərək hərəkət edəcəyik. Fikirləşirəm ki, indi 
						şagirdlər daha yaxşı qavrayacaq, biz isə müəllim kimi 
						fəaliyyətin təşkilinə əvvəlki qədər həddən ziyadə enerji 
						sərf etməyəcəyik".  
						
						
						"Dəyirmi masa"ların təşkili məktəblər üçün bir nümunə 
						idi. Pedaqoji prosesə yeni yanaşmalar haqqında mütəmadi 
						təqdimatlar hazırlamaq, "dəyirmi masa"lar təşkil etmək 
						məktəb metodbirləşmələrinin işinin zəruri hissəsinə 
						çevrilməlidir. Bu işi həm məktəbin daxili imkanları 
						hesabına, həm də kənardan mütəxəssislər dəvət etməklə 
						həyata keçirmək olar. Əsas olan davamlılıq və müzakirəyə 
						çıxarılan problemlərin aktuallığıdır. Burada moderatorun 
						səriştəsi də vacib amildir.  
						
						
						Cəmiyyət hər zaman məktəb və müəllim qarşısında böyük 
						tələblər qoymuşdur. Bu gün də həmin tələblər kifayət 
						qədər yüksəkdir, amma məzmun etibarı ilə bir qədər 
						başqadır.  
						
						
						Bütün bunlara nəzərən deyə bilərik ki, müasir dünyada 
						müəllimin peşəkar inkişafı aşağıdakı istiqamətlərdə 
						gedir:  
						
						
						
						- nəzəri-elmi biliklərin (fənn üzrə) inkişafı; 
						 
						
						
						
						- metodiki biliklərin müasir tələblərə 
						uyğunlaşdırılması; 
						
						
						
						- İKT-dən istifadə bacarıqlarının formalaşdırılması; 
						
						
						
						- pedaqoji və psixoloji yanaşma bilik və bacarıqları; 
						
						
						
						- sosial vərdişlərin inkişafı; 
						
						
						
						- iki və daha çox xarici dildə ünsiyyət bacarıqları; 
						
						
						
						- menecment bilik və bacarıqları; 
						
						
						
						- zəruri ümumi biliklər. 
						
						
						Araşdırmalar göstərir ki, yuxarıda sadaladığımız 
						istiqamətlərdən ancaq ikisinə son illər  xüsusi diqqət 
						yetirilir: metodik biliklərin müasir tələblərə 
						uyğunlaşdırılması və təlimdə İKT-dən istifadə 
						bacarıqlarının formalaşdırılması. Ölkədə gedən təhsil 
						islahatı da məhz bu iki istiqaməti prioritet kimi qəbul 
						edir.  
						
						
						Məktəblərdə fəaliyyət göstərən fənn metodbirləşmələri 
						vaxtaşırı öz sahələri üzrə elmi-nəzəri biliklərin və 
						problemlərin müzakirəsini (müxtəlif formalarda) təşkil 
						etsələr, onların işi daha canlı və faydalı olar. 
						Məsələn, məktəblərə ölkədə fəaliyyət göstərən müxtəlif 
						elmi-tədqiqat institutlarının əməkdaşlarını, alimləri 
						dəvət etmək, onların  ustad dərslərini təşkil etmək 
						maraqlı olardı. Daim inkişafda olan təbiət elmlərini 
						tədris edən müəllimlər üçün bu iş forması hava və su 
						kimi lazımdır. 
						
						
						Xüsusi pedaqoji və psixoloji bilik və bacarıqların hər 
						bir müəllimdə formalaşması və inkişafı məsələsinə qayğı 
						məktəbdə şagirdlər, valideynlər və əməkdaşlarla səmərəli 
						iş birliyi və sağlam mühit yaratmağa xidmət edər. Məktəb 
						psixoloqu bu sahədə müxtəlif mövzulu təlim və 
						seminarların  moderatoru olmaqla bərabər təcrübəli 
						psixoloq, pedaqoq və konfliktoloqları da əməkdaşlığa 
						dəvət edə bilər. Bu cür təlim və seminarların mövzu 
						dairəsi kifayət qədər genişdir: "İnsan temperamentləri", 
						"İntrovert və ekstravert uşaqların təlim 
						xüsusiyyətləri", "Uşaqlarla ünsiyyət və əməkdaşlığın 
						xüsusiyyətləri", "Valideyn-müəllim münasibətləri", 
						"Q.Qardnerin çoxşaxəli intellekt nəzəriyyəsi və onun 
						təlimdə rolu", "Qızlar və oğlanlarla işin təşkili 
						xüsusiyyətləri",  "Kollektivdə əməkdaşlıq",  "Şəxsi 
						inkişaf", "Münaqişə və onun konstruktiv həlli yolları" 
						və s.    
						
						
						Məktəb şagirdlərdə sosial vərdişlərin inkişafı üçün 
						cavabdehdir. Bu işi keyfiyyətlə həyata keçirmək üçün 
						öyrənən icma kimi görmək istədiyimiz məktəb əvvəl 
						müəllimlərdə bu vərdişləri müasir tələblər səviyyəsində 
						qurmağa çalışmalıdır. Ən yaxşı halda əgər müəllimlər 
						yüksək dərəcədə inkişaf etmiş sosial vərdişlər nümayiş 
						etdirirsə belə, məktəbin başqa işçiləri öz 
						səriştəsizlikləri ilə ümumi mənzərəni korlayırlar. 
						Sosial vərdişlər dedikdə, cəmiyyətdə yaşamaq və uğur 
						qazanmaq üçün hər birimizə lazım olan səlis, qısa və 
						məntiqli  danışıq, diqqətli dinləyici olmaq, qarşılıqlı 
						anlaşma mühiti yaratmaq və onu qoruyub saxlamaq,  
						əməkdaşlıq və s. vərdişləri nəzərdə tuturuq. Elmi 
						araşdırmalar göstərir ki, davamlı və sistemli yanaşma 
						ilə bu vərdişləri tərbiyə və inkişaf etdirmək o qədər də 
						çətin deyil. 
						
						
						Müəllim peşəsinə yiyələnən gənclər xarici dil öyrənməkdə 
						maraqlı olmalıdırlar. Onlar xarici dil bilməyin 
						peşəkarlığın inkişafına birbaşa təkan olduğunu qəbul 
						etməlidirlər. Düşünürük ki, məktəb daxili imkanları 
						hesabına fənn müəllimlərinin xarici dil biliklərini 
						inkişaf etdirə bilər. Bu isə çox lazımlı elmi və 
						metodiki ədəbiyyata birbaşa çıxış deməkdir.  
						
						
						Müəllim təlim prosesinin fasilitatoru olmaqla bərabər, 
						həm də menecerdir. 6-17 yaşlı çox fərqli və dinamik 
						insanlardan ibarət olan sinif kollektivini idarə etmək 
						və yönəltmək də xüsusi səriştə tələb edir. Müəllimlərin 
						iş başında bu bacarıqlara yiyələnəcəklərinə əmin olub, 
						onları müvafiq nəzəri-praktiki dəstəksiz  qoymaq, 
						zənnimizcə, düzgün deyil. Vaxtaşırı müəllimlərdə menecer 
						bacarıq və vərdişləri inkişaf etdirən təlimlər təşkil 
						etmək səmərəli olar. 
						
						
						 Qeyd etmək lazımdır ki, peşəkar inkişaf fərdi, qrup, 
						məktəbdaxili və məktəblərarası fəaliyyət formalarında 
						özünü büruzə verə bilər. "Səmərəli məktəb" layihəsi 
						olaraq biz məktəbdaxili və məktəblərarası fəaliyyət 
						formalarını dəstəkləyirik. Çünki fərdi peşəkar inkişaf  
						hərdən subyektiv səbəblərdən (nəzarətsizlik, lənglik, bu 
						günün işini sabaha qoymaq yanaşması və s. üzündən) 
						ləngiyə bilər. Digər tərəfdən, məktəbdə bir və ya bir 
						neçə nəfərin fərdi peşəkar inkişafı bütün məktəbin 
						səmərəliliyinin artmasına az təsir edir. Məktəbdaxili və 
						məktəblərarası peşəkar inkişaf isə daha sistemli və 
						nəzarət oluna bilən bir yanaşmadır və burada məktəb 
						icmasının hər bir üzvü faydalanır. 
						
						
						Sonda davamlı peşəkar inkişafda olan müəllimin hansı 
						dəyərlər və yanaşmalar sərgilədiyini sadalamaq istərdik:
						 
						
						
						
						- müəllimdə təfəkkür tərzi dəyişir və peşə ilə əlaqədar 
						müəyyən davranış modelləri formalaşır; 
						
						
						
						- müəllim öz təcrübəsinə tənqidi münasibət bəsləməyə, 
						işinə və şəxsi inkişafına məsuliyyətlə yanaşmağa 
						başlayır; 
						
						
						
						- müəllim təlimlə bağlı qeyri-standart vəziyyətlərdə 
						necə qərar qəbul etməyi öyrənir; 
						
						
						
						- özünü bir müəllim kimi kəşf edir və bununla bağlı 
						şəxsi və peşə keyfiyyətlərini inkişaf etdirir; 
						
						
						
						- "yaxşı müəllim" olmağa çalışır və özündə etik 
						normalara əsaslanan davranış tərzi formalaşdırır; 
						 
						
						
						
						- şagirdlərə qarşı məsuliyyət hissini artırır; 
						
						
						
						- başqalarını peşəkarlığa həvəsləndirir və özündə 
						ictimai yönümdə peşəkarlıq  nümayiş etdirir; 
						 
						
						
						
						- bir müəllim-tədqiqatçı kimi formalaşır. 
						 
						
						
						Müəllimlərin peşəkar inkişafına verdiyimiz önəm belə bir 
						inamdan irəli gəlir ki, peşəkar müəllimlərin işlədiyi 
						məktəb başqa parametrlər üzrə də səmərəli olmağa 
						"məhkumdur".  
						
						
						
						Vəfa YAQUBLU, 
						"Səmərəli məktəb"  layihəsinin əlaqələndiricisi  |