| 
						 
						
						Xarici dil kurikulumu cəmiyyətimizin hər bir üzvündə 
						maraq doğuran bir sənəddir. Kurikulum hər bir şagirdin 
						maraq və meyillərini nəzərə alaraq nitq və dil bacarıq 
						və vərdişlərini inkişaf etdirməyi nəzərdə tutur. 
						 
						
						
						Müasir, qloballaşan dünyamızda xarici dil bilməyin bir 
						çox üstünlükləri vardır. Belə ki, xarici dilə sahib olan 
						hər bir şəxs beynəlxalq arenaya çıxaraq xalqı, milli 
						dəyərləri, ölkəsinin əldə etdiyi nailiyyətləri  haqqında 
						məlumatları dünya ictimaiyyətinə çatdıra bilir. Xarici 
						dilin köməyi ilə ünsiyyət və kommunikativ bacarığa malik 
						olur və dünyaya yeni bir pəncərə açır. Xarici dilin 
						öyrənilməsi hər bir fərd üçün iş və karyera qapıları 
						açır. Xarici dil təlimi şagirdlərdə başqa xalqların 
						milli mənəvi dəyərlərinə, mədəniyyətinə hörmət hissi, 
						tolerantlıq formalaşdırır. Xarici ölkələrin müxtəlif 
						sahələrdə qazandıqları təcrübəni birbaşa öyrənməyə imkan 
						verir. Xarici dilə yiyələnmək şagirdlərdə humanitar 
						təhsil səviyyəsini yüksəldir.  Xarici dil şagirdlərin 
						linqvist biliklərini genişləndirir, ünsiyyət 
						mədəniyyətinin formalaşmasında mühüm rol oynayır və 
						nitqin inkişafına müsbət təsir göstərir. Xarici dil 
						daşıyıcıları başqa ölkələrdə vətənimiz Azərbaycanı 
						təqdim etmək imkanı əldə edirlər.  
						
						
						Azərbaycan dünya birliyi ölkələri ilə əməkdaşlıq edən 
						bir ölkə olduğu üçün müasir məktəbin mühüm 
						vəzifələrindən biri də yüksək səviyyədə kommunikativ 
						bacarıqlar nümayiş etdirən şəxsiyyətlər 
						formalaşdırmaqdır. Bu səbəbdən tədris fənni kimi xarici 
						dilin statusu daha da artır və o Milli Kurikulumda 
						ümumtəhsil məktəbləri üçün müəyyən edilmiş fənlər 
						arasında özünəməxsus yer tutur. 
						
						
						Ənənəvi təhsil proqramında xarici dildə lüğət və 
						qrammatika mənimsədilirdi. Müasir təhsildə xarici dilin 
						öyrənilməsi qarşımıza bir çox tələblər qoyur. Bu 
						tələbləri həyata keçirməklə biz şagirdi layiqli 
						vətəndaş, yaradıcı, tənqidi düşünən bir şəxsiyyət kimi 
						yetişdirmiş oluruq. Bu fikirlər yeni kurikulumların 
						ümumi orta təhsil pilləsində tətbiqinə başlanması ilə 
						əlaqədar bu il V siniflərdə dərs deyən xarici dil 
						müəllimləri üçün keçirilən kurslarda da nəzərə 
						çatdırılırdı. Məsələn, mənim özümün təlimçi kimi iştirak 
						etdiyim Saatlıda bu ilin yayında keçirilən kurslarda da 
						həmin məsələlərə xüsusi diqqət yetirildi. Yeri gəlmişkən 
						deyim ki, Xəzər Universitetinin ümumi orta təhsil 
						səviyyəsinin xarici dil fənni kurikulumlarının tətbiqi 
						üzrə V siniflərdə dərs deyəcək xarici dil müəllimləri 
						üçün Saatlıda keçirdiyi kurslar başa çatdı. Təlim 
						kurslarına 65 müəllim cəlb olunmuşdu. 10 günlük 
						treninqlərdə fəal təlimin tətbiqi, bu təlimin ənənəvi 
						təlimdən üstün cəhətləri, fəal təlim metodlarının dərsin 
						keyfiyyətini nə dərəcədə artırdığı, şagird passivliyinin 
						aradan qaldırılması üçün ən güclü vasitə olduğu 
						öyrədildi. 
						
						
						Fəal təlimin əsas üstünlüyü ondadır ki, şagirdi daimi 
						dəyişən şəraitə uyğunlaşmağa və böyüklər dünyasına 
						sərbəst, rahat daxil olmağa imkan yaradır. Təlim şagirdə 
						güclü informasiya axınından lazım olanı seçmək, 
						qarşılaşacaqları problemləri həll etmək bacarığı 
						aşılayır. Artıq təlim mexaniki yaddaşa deyil, təfəkkürün 
						inkişafına, fəal dərketmə mövqeyinə biliklərin müstəqil 
						əldə edilməsinə, yaradıcı tətbiqə əsaslanır. Fəal 
						təlimdə şagird əvvəlcə xəyallar, fərziyyələr qurur, 
						düşünərək xəyalında qurduqlarını həyata keçirir. 
						 
						
						
						Biz müəllimlər şagirdləri fərziyyələr quraraq 
						düşüncələrdən istifadə edərək müvəffəqiyyət əldə 
						edəcəklərinə inandırmalıyıq. Fəal təlimin daha da 
						yaddaqalan edilməsində İKT-nin rolu böyükdür. İKT fəal 
						təlimə yenilik qatır, canlanmasına əyanilik gətirir. Bu 
						günün təlimi şagirdi tədqiqatçı, müəllimi yaradıcı 
						olmağa sövq edir. Müəllim dərsinin daha da maraqlı və 
						səmərəli qurulması üçün İKT-nin imkanlarından istifadə 
						etməlidir. Öz peşəkarlıq səviyyəsini inkişaf etdirmək 
						üçün daimi axtarışlar aparmalıdır.  
						
						
						10 günlük treninqlərdə xarici dil müəllimləri öz 
						fənlərinə olan maraqlarını yüksək peşəkarlıq 
						səviyyəsində nümayiş etdirdilər. Qruplar arasında çox 
						gözəl əməkdaşlıq yaranmışdı. 
						
						
						Mən ümid edirəm ki, Saatlı müəllimləri kursdan aldıqları 
						biliklərə əsaslanaraq gündəlik fəaliyətlərində 
						dərslərini daha arzuedilən və yaradıcı qurmağa 
						çalışacaqlar.   
						
						
						
						Talinə ABBASOVA, 
						Bakıdakı 258 nömrəli tam orta məktəbin müəllimi, təlimçi  |