| 
						 
						
						Azərbaycan Mətbuat Şurasında  "Media və  Azərbaycan 
						ədəbi dilinin qorunması" mövzusunda  "dəyirmi masa"  
						keçirilib. Tədbirdə KİV-lərin rəhbərləri, dilçi alimlər 
						və media ekspertləri  iştirak ediblər. Azərbaycan 
						Mətbuat Şurasının sədri  Əflatun Amaşov  çıxış edərək  
						layihəni zəruriləşdirən  məqamlardan söz açıb. Qeyd edib 
						ki,  rəhbərlik etdiyi qurum tərəfindən  ötən il də 
						KİVDF-nin maliyyə dəstəyi ilə  mediada  ana dilimizin 
						normalarına əməl edilməsi  ilə bağlı layihə 
						reallaşdırılıb. 
						
						
						Sonra  layihə  üzrə yaradılmış  monitorinq qrupunun  
						rəhbəri,  "Xalq qəzeti"nin şöbə müdiri  İlham Abbasov  
						monitorinq  zamanı  aşkarlanmış  konkret meyillərdən  
						danışıb. Ümumi nəzərəçarpan cəhət kimi rəsmi qəzetlərdə  
						dil və üslub səhvlərinin nisbətən azlığına diqqəti cəlb 
						edən  İ.Abbasov səbəb kimi peşəkarlıq  amilini deyil, 
						ümumən qəzetçilik texnologiyasına  yanaşmanı göstərərək 
						aşkara çıxarılmış  nöqsanların bir çoxunun  həmin 
						texnologiyanın  işləməməsi ilə  əlaqəli olduğunu deyib. 
						
						
						Milli Məclisin deputatı, Mətbuat Şurasının  dil 
						komissiyasının sədri Bəxtiyar Sadıqov,  MŞ idarə 
						heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru 
						Vüqar Rəhimzadə,  BDU-nun jurnalistika  fakültəsinin 
						professoru Nəsir Əhmədov və başqaları çıxışlarında 
						Azərbaycan ədəbi dilinin qorunması  məsələsinin daim 
						gündəmdə saxlanılmasının  vacibliyini vurğulayıblar.  
						
						
						
						Sifai SƏFƏROVA  |