| 
						 
						
						 Həsənzadə 
						Vəfa Ümid qızı 2002-ci ilin iyulunda Astara şəhərində 
						anadan olub. 2008-ci ildə Bakıdakı 225 nömrəli tam orta 
						məktəbin birinci sinfinə gedib. Hazırda həmin məktəbin V 
						sinif şagirdidir.  Kiçik yaşlarından idmanın  bədii 
						gimnastika növünə maraq göstərib. Həmişə idmanın bu 
						növünü televiziyadan izləyib.  Dediyinə görə, 
						valideynlərinin də onun seçdiyi bu idman növünə razılığı 
						və həvəsi olub. Valideynlərinin  razılığı və dəstəyi 
						nəticəsində Vəfa 2008-ci ildə İxtisaslaşdırılmış 
						Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin 
						bədii gimnastika bölməsinə yazılıb. O, həmin vaxtdan bu 
						məktəbdə təcrübəli müəllimlərdən  bədii gimnastikanın 
						sirlərini öyrənməyə başlayır. Bu günlərdə Vəfa Həsənzadə 
						ilə məktəbdə görüşüb idmanın bədii gimnastika növü üzrə 
						əldə etdiyi nailiyyətlər barədə söhbət etdik: 
						
						
						  
						
						
						
						- Vəfa, uğurların barədə nə deyə bilərsən? 
						
						
						- 2010-cu ildən yarışlara getmişəm. Həmin il noyabrın 
						9-10-da Respublika birinciliyində iştirak edərək II yeri 
						tutmuşam. 2011-ci ilin fevralında keçirilən Bakı 
						birinciliyində isə I yeri tutaraq beynəlxalq turnirlərə 
						vəsiqə qazandım.  Sonra Rusiyanın Kalininqrad şəhərində  
						beynəlxalq səviyyəli  idmançılar arasında keçirilən 
						turnirdə II yeri tutdum. 2012-ci il iyun ayında İsraildə 
						keçirilən Beynəlxalq turnirdə II yerə çıxdım. Nəhayət, 
						2012-ci il oktyabrın 11-də keçirilən Bakı çempionatında 
						yenə də I yeri tutaraq qızıl medala layiq görüldüm.
						 
						
						
						
						- Bədii gimnastikanı  digər idman növlərindən 
						fərqləndirən nədir? 
						
						
						- Bu idman növü ilə ancaq qızlar məşğul olur. Bədii 
						gimnastika incə bir idman növüdür. Bununla məşğul 
						olanlar bədən quruluşları ilə digərlərindən fərqlənir. 
						Akrobatika və idman gimnastikası  bu idman növündən 
						xeyli fərqlənir. Bədii gimnastika  qadın və qızlar üçün 
						əsl  idman növüdür. Akrobatika və bədii gimnastika 
						növləri ilə məşğul olan idmançılar sonra  idmanın güləş, 
						cüdo, karate və s.  növləri ilə məşğul olsalar daha  
						yaxşı nəticələr əldə edə bilərlər.  Gimnastlar  hər 
						zaman cəldlikləri və  çeviklikləri ilə daha çox 
						fərqlənirlər.  
						
						
						
						- Bədii gimnastikanın yaranma tarixi haqqında  nə 
						bilirsən? 
						
						
						- Bildiyimə görə, bu idman növü Rusiyada yaranıb. Sonra 
						inkişaf edərək olimpiya oyunlarına salınıb. Ölkəmizdə 
						isə gimnastika növü Heydər Əliyev Fondunun prezidenti, 
						Milli Məclisin deputatı, Azərbaycan Gimnastika 
						Federasiyasının prezidenti  Mehriban xanım Əliyevanın 
						rəhbərliyi ilə inkişaf etmişdir. Fürsətdən istifadə edib 
						bu idman növünə göstərdiyi  diqqət və qayğıya görə 
						Mehriban xanım Əliyevaya  idmançı yoldaşlarım və öz 
						adımdan təşəkkürümü bildirirəm.  
						
						
						
						-Yəqin ki, bu idman növünü sənə öyrədən və sevdirən 
						olub? 
						
						
						- Əlbəttə, bədii gimnastikanı mənə təcrübəli müəllimim, 
						əməkdar məşqçi Nina Qasımova öyrədib. Müəllimim hər bir 
						uşağa öz övladı kimi yanaşır və sevir. Olduqca tələbkar 
						bir müəllimdir. Mənim uğurlarıma bəlkə də məndən çox 
						sevinir. Mən bütün müəllimlərimi çox sevirəm. 
						 
						
						
						
						- Ən böyük arzun nədir və gələcəkdə hansı peşənin sahibi 
						olmaq istəyirsən?  
						
						
						- Ən böyük arzum Avropa, dünya və Olimpiya çempionu 
						olmaq və dünya ölkələri arasında Azərbaycanımızı  
						layiqli təmsil edərək fəxri kürsünün yüksək pilləsinə 
						qalxmaqdır. Həmin anlarda dünyanın ən xoşbəxt adamı 
						olaram. Mənə elə gəlir ki, bütün idmançılar üçün bundan 
						sevincli və xoşbəxt an ola bilməz. İdmançılarımızın 
						olimpiya və dünya çempionatlarında uğurlu nəticələri 
						hamımızı sevindirir. Özümü borclu bilmişəm ki, qarşıma 
						qoyduğum vəzifələrin öhdəsindən uğurla gələ bilim. 
						Gələcəkdə işimi də bu istiqamətdə qurmaq istəyirəm.
						  |