| 
						 
						
						
						Oktyabrın 11-12-də Olimpiya İdman Kompleksində 19-cu 
						Bakı çempionatı keçirilmişdir.  Azərbaycan Gimnastika  
						Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, 
						medallar uğrunda ən maraqlı yarış gənc gimnastlar 
						arasında olmuşdur. "Avro-2011" çempionatlarında birlikdə 
						bürünc medal qazanmış Lalə Yusifova və Ayşə Mustafayeva 
						çoxnövçülük yarışlarında mübarizə aparmışlar. Nəticədə 
						L.Yusifova A.Mustafayevanı 3 bal qabaqlamış,  üçüncü 
						yeri tutmuş Rəhimə Abdullayevanı 19 bal geridə 
						qoymuşdur. 
						
						  
						
						
						Yeniyetmələr arasında yarışlar gərgin olmuşdur. 15 yaşlı 
						Marina Durunda  Mənsurə Bağıyevaya gürz ilə  
						hərəkətlərdə məğlub olsa da, birinci yeri əldən 
						verməmişdir. Bürünc medala isə Yekaterina Prokopenko 
						sahib olmuşdur. Jalə Piriyeva 2000-2001-ci illər 
						təvəllüdlü gimnastlar arasında inamlı qələbə qazanmış, 
						şəxsi birincilikdə ən yaxın rəqibi Züleyxa İsmayılovaya 
						üstün gəlmişdir. Üçüncü yeri Ruhiyyə Səttarova 
						tutmuşdur.  
						
						
						2000-ci il təvəllüdlü idmançılar arasında birinci yeri 
						Vəfa Həsənzadə tutmuşdur. 9  yaşlı gimnastların 
						yarışında Məryəm Səfərova liderlik etmişdir. Ləman 
						Hüseynova turnirin gümüş, Aydan Ağayeva isə bürünc 
						mükafatçısı olmuşlar. Nəhayət, 2004-cü il təvəllüdlü ən 
						kiçik gimnastların yarışında Lalə Kramarenko birinci 
						yeri tutmuşdur. Arzu Cəlilova gümüş, Zərniyar Əliyeva 
						bürünc mükafatçı olmuşdur. Turnir Azərbaycan 
						gimnastikasının bu il 80 yaşını qeyd edən veteranı Ülkər 
						Qasımovanın ünvanına təbriklər söyləməklə başa 
						çatmışdır.   
						
						
						
						 Ədalət DAŞDƏMİRLİ,  
						 
						Rəşad RAMAZANOĞLU  |