| 
						 
						
						 "Azərbaycan 
						müəllimi" qəzeti gənclərin xaricdə təhsilə, nüfuzlu 
						universitetlərə, dünya təhsilinə marağını nəzərə alaraq 
						artıq bir neçə ildir ki, "Dünya universitetləri", "Dünya 
						təhsili" və "Dünyanın təhsil yenilikləri" adlı layihələr 
						həyata keçirir. Bu layihələr çərçivəsində oxuculara 
						geniş və əhatəli məlumatlar, dolğun yazılar təqdim 
						olunur. Həmin yazılar ümumilikdə ölkə ictimaiyyətini, 
						xüsusən də gəncləri dünya ölkələrinin təhsil sistemində 
						baş verən yeniliklər, aparılan tədqiqatlar, qabaqcıl 
						texnologiyaların tətbiqi barədə məlumatlandırmağa xidmət 
						edir. 
						
						
						
						Bu gün Azərbaycan gənci daha yüksək təhsil almağın 
						əhəmiyyətini dərk edərək yeni imkanlar axtarışındadır. 
						Ali məktəblərə tələbə qəbulu ilə bağlı məsələlərin daim 
						ictimaiyyət tərəfindən maraqla qarşılanması da 
						insanların gələcəyə verdiyi dəyərin və sabaha inamının 
						təzahürüdür. Təsadüfi deyil ki, hər zaman ölkənin 
						kütləvi informasiya vasitələrində ali məktəblərə  
						qəbulla bağlı məsələlər müzakirə obyektinə çevrilir. 
						Bununla əlaqədar kütləvi informasiya vasitələrində 
						müvafiq ekspertlərin və təhsil işçilərinin fikirləri 
						işıqlandırılır, jurnalist araşdırmaları aparılır. 
						
						
						
						Bəs ali məktəblərə qəbul prosesi dünya ölkələrində necə 
						həyata keçirilir? Dünyanın nüfuzlu ali təhsil 
						müəssisələrinə tələbələrin qəbulu hansı prinsiplər 
						əsasında təşkil edilir? Bu və ya digər suallara cavab 
						tapmaq üçün qəzetimiz "Dünya ölkələrində ali məktəblərə 
						qəbul" layihəsini oxuculara təqdim edir. Bu layihə 
						çərçivəsində bir sıra dünya ölkələrinin ali təhsil 
						müəssisələrinə qəbul qaydaları ilə bağlı məlumat 
						veriləcək. 
						
						
						 Onu 
						da qeyd edək ki, təqdim olunan yazılar həmin ölkələrin 
						təhsil qurumlarının rəsmi saytlarının materialları 
						əsasında hazırlanıb.  
						
						
						Fransanın təhsil sisteminə nəzarət iki nazirlik - Milli 
						Təhsil Nazirliyi, Ali Təhsil və Elmi Tədqiqatlar 
						Nazirliyi tərəfindən həyata keçirilir. Ölkənin orta 
						təhsil sistemi ibtidai, kollec, lisey olmaqla üç 
						pillədən ibarətdir. 
						
						Orta təhsili bitirən şagirdlərə bakalavr diplomu (orta 
						təhsil haqqında attestat) verilir. Bakalavr diplomu 
						Fransa ali təhsil müəssisələrinə qəbul olmaq üçün əsas 
						sənəd hesab edilir.  
						
						
						Fransada ali təhsilə universitet və ali elitar 
						məktəblərdə yiyələnmək olar.   
						
						
						
						Universitetlərə qəbul  
						
						
						Fransada universitetlər hər kəs üçün açıqdır. 
						Universitetlərə daxil olmaq üçün qəbul imtahanları 
						keçirilmir və təhsil pulsuzdur. Orta təhsil haqqında 
						sənədi - bakalavr diplomunu alan hər kəs sənədlərini 
						istədiyi universitetə verə bilər. Əgər namizəd orta 
						məktəbdə yaxşı qiymətlərlə oxuyubsa, onu universitetə 
						qəbul edirlər. Bununla yanaşı, bakalavr diplomu olmayan 
						və orta təhsilini yarımçıq qoymuş fransızlar 
						universitetlərə qəbul olmaq üçün Universitet Təhsilinə 
						Qəbul Diplomu - DAEU (Diplome dTacces aux etudes 
						universitaires) almalıdırlar. DAEU diplomu 
						universitetlər tərəfindən verilir. Bu diplomu orta 
						təhsilini iki il müddətinə yarımçıq qoymuş və aşağıdakı 
						iki şərtdən birinə cavab verən namizədlər ala bilərlər:
						 
						
						
						 1. 
						Namizədin 20 yaşı tamam olmalı, iki il peşə fəaliyyəti 
						ilə məşğul olduğunu və vergi ödədiyini, yaxud Milli 
						Məşğulluq Agentliyində işsiz kimi qeydiyyata alındığını 
						təsdiqləyən sənədləri təqdim etməlidir.   
						
						
						2. Namizədin 24 yaşı tamam olmalıdır. 
						
						
						Qeyd edək ki, 24 yaşdan yuxarı namizədlərə heç bir şərt 
						qoyulmur. DAEU diplomu üzrə kursun rəhbəri bu 
						kateqoriyadan olan namizədlərin bilik səviyyəsini 
						yoxlamaq, məqsəd və planlarını öyrənmək üçün onlarla 
						müsahibə aparır.  
						
						
						Diplomun alınması üçün iki variantda - A (ədəbiyyat) və 
						B (elmi) variantlarında təhsil təklif olunur. Hər iki 
						variant 2 icbari və 2 əlavə fəndən ibarətdir. A variantı 
						üzrə diplom almaq istəyən tələbələr üçün fransız və 
						xarici dil fənləri icbaridir. Əlavə fənlər arasında isə 
						əsasən yeni tarıx, coğrafiya və riyaziyyatdan yalnız 
						ikisinə üstünlük verilir. B variantında icbari fənlərə 
						fransız dili və riyaziyyat, əlavə fənlərə isə əsasən, 
						fizika, kimya və təbiət elmləri üzrə seçilmiş iki fənn 
						daxildir. DAEU diplomu 6 həftə (225 saat) davam edən 
						intensiv təlimlərin sonunda keçirilən imtahanların 
						cavablarına əsasən təqdim olunur.  
						
						
						Dövlət universitetlərində təhsil üçpilləlidir. Üç il 
						davam edən birinci pilləyə (Licence - L1, L2, L3) orta 
						məktəb məzunları daxil ola bilərlər. İki il davam edən 
						ikinci pillə (Master) universitetdə ilk üç ildə 
						qazanılmış biliklərin genişləndirilməsi və 
						dərinləşdirilməsi üçün nəzərdə tutulub. Təhsilin sonunda 
						tələbələrə magistr diplomu verilir. Üç il davam edən 
						üçüncü pillənin (Doktorat) sonunda isə tələbələr 
						doktorluq diplomu alırlar.  
						
						
						Qeyd edək ki, universitetlərə qəbul imtahanları 
						keçirilməsə də, tələbələrin qəbulu ilə bağlı say 
						məhdudiyyəti mövcuddur. Məsələn, Parisin Sorbon 
						Universitetində riyaziyyat fakültəsinə 600 nəfərdən çox 
						tələbə qəbul edilmir. Bundan əlavə, universitetə daxil 
						olan tələbənin təhsil ocağını bitirmək şansı da təxminən 
						40-50 faiz təşkil edir. Tədrisin birinci ilində 
						tələbələrin təxminən yarısı, ikinci ilində isə 30 faizi 
						universitetdən kənarlaşdırılır. 
						
						
						Fransada universitet məzunları iş tapmaqda çətinlik 
						çəkirlər. Adətən onlar müəllim (tibb və hüquq 
						ixtisasları üzrə məzunları çıxmaq şərtilə) və ya az 
						məvacib alan mütəxəssis kimi çalışırlar.   
						
						
						
						Ali elitar məktəblərə qəbul  
						
						
						Universitetlərlə müqayisədə ali elitar məktəblərə 
						(Grandes Ecoles) qəbul fərqli qaydada aparılır. Bu 
						məktəblər Fransada yüksək nüfuzu ilə seçilir və ölkənin 
						ən məşhur alim və rəhbərlərinin yetişdiyi təhsil 
						müəssisələri kimi tanınırlar. Onların arasında 1829-cu 
						ildən fəaliyyətə başlamış Ali Mərkəzi Məktəbi (Ecole 
						Centrale), 1881-ci ildə yaradılmış Ali Kommersiya 
						Məktəbi (HEC), 1945-ci ildə təsis edilmiş Milli 
						İdarəetmə Məktəbi (ENA) və 1957-ci ildən fəaliyyət 
						göstərən Ali Biznes Məktəbini (INSEAD) qeyd etmək olar. 
						Bu məktəblərin məzunları hazırda iri şirkətlərə 
						rəhbərlik edir, həmçinin ölkənin siyasi elitasının 
						tərkibinə daxildirlər.   
						
						
						Ali elitar məktəblər yüksək səviyyəli peşə təhsili verən 
						təhsil müəssisələridir. Klassik universitetlərdən fərqli 
						olaraq bu məktəblər adətən müəyyən bir sahə üzrə, 
						məsələn, biznes (menecment, kommersiya, marketinq və 
						s.), arxitektura, mühəndislik işi, turizm və digər 
						sahələr üzrə mütəxəssis hazırlığını həyata keçirirlər. 
						Qeyd edək ki, Fransada 215 ali mühəndislik, 3 ali 
						pedaqoji, 4 baytarlıq, 190 ali kommersiya və idarəetmə 
						məktəbi fəaliyyət göstərir. Bunlarla yanaşı, digər 
						sahələrdə mütəxəssis hazırlayan ali elitar məktəblər də 
						var. Belə təhsil müəssisələri arasında Milli İdarəçilik 
						Məktəbinin, Siyasi Araşdırmalar İnstitutunun, Milli 
						Xartiyalar Məktəbinin və s. adlarını qeyd etmək olar.  
						 
						
						
						Ali elitar məktəblər universitetlərdən fərqli olaraq 
						əmək bazarına daha yaxındırlar və onların tədris 
						proqramları əmək bazarının tələblərinə uyğun hazırlanır. 
						Bu səbəbdən həmin məktəblərin məzunlarının təhsili başa 
						vurduqdan sonra iş tapmaqla bağlı problemi olmur. Bundan 
						əlavə, ali elitar məktəblər universitetlərlə müqayisədə 
						kiçik olmasına (tələbələrinin sayına görə) baxmayaraq, 
						dövlət büdcəsindən daha çox maliyyə vəsaiti alırlar. 
						Belə ki, il ərzində ölkə üzrə tələbələrin təxminən 5 
						faizini öz sıralarına qəbul edən ali elitar məktəblərə 
						dövlət büdcəsindən ali təhsil müəssisələri üçün nəzərdə 
						tutulmuş vəsaitin 30 faiz ayrılır.  
						
						
						Fransanın ali elitar məktəblərində təhsil almaq 
						istəyənlər, ilk növbədə, orta təhsil haqqında sənədi 
						təqdim etməklə "Ali Məktəblərə Hazırlıq Sinifləri" 
						(Classes preparatoires aux grandes ecoles - CPGE) 
						adlanan ikiillik hazırlıq proqramına qəbul edilirlər. 
						Proqramın sonunda müsabiqə imtahanlarından uğurla 
						keçənlər ali elitar məktəblərə qəbul edilirlər. 
						
						
						Proqramın məqsədi orta məktəb məzunlarının müxtəlif 
						sahələrdəki biliklərini artırmaqla onları ali elitar 
						məktəblərə hazırlamaqdır. Ali elitar məktəblərə hazırlıq 
						ədəbiyyat, elm, iqdisadiyyat və kommersiya sahələri üzrə 
						aparılır. Hər sahə müəyyən kateqoriyaya bölünür. Hər 
						kateqoriya üzrə təhsil proqramı liseylərlə ali məktəblər 
						arasındakı əməkdaşlıq nəticəsində hazırlanan milli 
						qiymətləndirmə proqramı əsasında həyata keçirilir. 
						Proqram ərzində alınan biliklər sonda liseylərdə təşkil 
						olunan müsabiqə imtahanlarında yoxlanılır. İmtahanlardan 
						keçməyən namizədlərə təhsillərini universitetlərin III 
						kursundan davam etdirmək imkanı yaradılır. Qeyd edək ki, 
						bəzi ali məktəblərdə də ikiillik hazırlıq kursları 
						təşkil edilir.   
						
						
						Ədəbiyyat üzrə hazırlıq sinifləri tələbələri ali 
						pedaqoji, ali kommersiya və ticarət  məktəblərinə və 
						Siyasi Araşdırmalar İnstitutuna (Instituts d'Etudes 
						Politiques) hazırlayır.  
						
						
						İqtisadiyyat və kommersiya üzrə hazırlıq sinifləri 
						məzunları Kaşan Ali Normal Məktəbinə (Ecole normale 
						superieure de Cachan), həmçinin biznes və idarəetmə 
						sahələri üzrə ixtisaslaşan digər ali məktəblərə 
						hazırlayır. Burada tələbələrə riyaziyyat, iqtisadiyyat, 
						xarici dil və tarix üzrə dərslər keçirilir. Təlim üç 
						sahə üzrə (elmi, iqtisadi və texniki) aparılır. 
						 
						
						
						Elmi hazırlıq sinifləri tələbələri mühəndislik, kənd 
						təsərrüfatı və ya baytarlıq məktəblərinə hazırlayır.
						 
						
						
						"Ali Məktəblərə Hazırlıq Sinifləri" (CPGE hazırlıq 
						proqramı) üzrə təklif olunan bütün kurslar, eləcə də 
						proqrama yazılmaqla bağlı məlumatları Fransa Ali Təhsil 
						və Elmi Tədqiqatlar Nazirliyinin rəsmi internet 
						portalından (http://www.admission-postbac.fr) əldə etmək 
						olar. CPGE hazırlıq proqramına qəbul tam 
						kompüterləşdirilib. Namizədlər hər il yanvar ayının 
						ortalarından martın birinci yarısınadək qədər qeyd 
						olunan İnternet portalında hazırlıq sinfi üçün onlayn 
						qeydiyyatdan keçə bilərlər. Əlavə yerləşdirmə prosesi 
						dərs ilinin başlandığı günə qədər aparılır. 
						
						
						Hazırlıq siniflərində oxuyan tələbələrə təqaüdlərin 
						ayrılması da nəzərdə tutulur. Təqaüdlərin alınması üzrə 
						müraciətlər yanvarın 15-dən aprelin 30-dək İnternet 
						vasitəsilə qəbul edilir. Bunun üçün şagirdlər 
						Universitet və ali məktəblərin regional fəaliyyət 
						mərkəzinin (CROUS - centre regional des oeuvres 
						universitaires et scolaires) saytına daxil olmalı və 
						təqaüd almaq üçün qeydiyyatdan keçməlidirlər. 
						 
						
						
						Ali elitar məktəblərin əksəriyyətinin dövlət tərəfindən 
						maliyyələşdirilməsinə baxmayaraq, bu məktəblərdə təhsil 
						ödənişlidir və illik təhsil haqqı 6 mindən 20 min avroya 
						qədər təşkil edir.  
						
						
						Qeyd edək ki, ötən dövr ərzində ali elitar məktəblərlə 
						universitetlər arasında bəzi əlaqələr qurulub. Belə ki, 
						universitetlər ali elitar məktəblərə daxil ola bilməyən 
						namizədləri, ali elitar məktəblər isə universiteti 
						yüksək nəticə ilə bitirən məzunları öz sıralarına qəbul 
						edirlər. Məsələn, hər il riyaziyyat üzrə magistr 
						dərəcəsi almış təxminən 20 universitet məzunu 
						İqtisadiyyat, Statistika, Maliyyə və Sığorta ali elitar 
						məktəbinə (ENSAE) daxil olur. Universitet tələbələrinin 
						ali elitar məktəbə qəbulu müsabiqə əsasında aparılır. Bu 
						halda ali elitar məktəbdə təhsil müddəti cəmi bir il 
						davam edir. Təhsillərini başa vurduqdan sonra tələbələrə 
						2-ci magistr diplomu (Master 2) verilir.  
						
						
						
						Yazı Fransa Milli Təhsil Nazirliyinin və Fransa Ali 
						Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin məlumatları 
						əsasında hazırlanıb.  
						
						
						Leyla 
						HEYDƏROVA  |