| 
						 
						
						 Naxçıvan 
						Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının 20 
						illik yubileyinə həsr olunmuş elmi konfrans keçirildi. 
						Yeni Azərbaycan Partiyasının universitet şəhərciyi ərazi 
						ilk təşkilatının təşkil etdiyi konfransı rektor, 
						akademik İsa Həbibbəyli açaraq partiyanın 20 il oncə, 
						ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə, ölkədə 
						mürəkkəb ictimai-siyasi şəraitin hökm sürdüyü bir dövrdə 
						yarandığını xatırlatdı. Qeyd olundu ki, partiya qısa bir 
						zamanda milli həmrəyliyə nail olmuş, sivil, demokratik 
						fəaliyyəti ilə Azərbaycanın müstəqil dövlət 
						quruculuğunda mühüm rol oynamışdır. Bu gün Azərbaycanın 
						regionun lider dövlətinə çevrilməsində, beynəlxalq 
						arenada böyük siyasi nüfuz qazanmasında, ölkənin 
						hərtərəfli inkişafında yarım milyon siyasi həmfikiri öz 
						ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının 
						misilsiz xidmətləri var.  
						
						
						Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 
						Azərbaycan Respublikasının əməkdar müəllimi, YAP 
						universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, 
						pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov 
						"Yeni Azərbaycan Partiyasının inkişafında yeni mərhələ 
						və müasir vəzifələr" mövzusunda məruzə edərək 
						partiyanın  ziyalı, vətənpərvər gəncliyin inkişafındakı 
						müstəsna rolundan bəhs etdi. Məruzədə partiyanın 
						 universitet şəhərciyi ərazi ilk təşkilatının 
						fəaliyyəti, mütəşəkkil siyasi-ideoloji iş aparması 
						barədə ətraflı məlumat verildi.  Qeyd olundu ki, hazırda 
						2011 nəfər siyası həmfikiri öz ətrafında birləşdirən 
						universitet şəhərciyi ərazi ilk təşkilatının sıralarına 
						təkcə son tədris ilində 307 nəfər daxil olmuşdur. 
						Təşkilatın tərkibində AMEA-nın həqiqi və müxbir üzvləri, 
						tanınmış alim-pedaqoqlar vardır. Təşkilat üzvlərinin 218 
						nəfərini yaşlı və orta nəsil, 1421 nəfərini gənclər 
						təşkil edir ki, bu da tələbə gəncliyin partiyaya olan 
						rəğbət və etimadının bariz ifadəsidir. Təşkilat 
						partiyanın tərkib hissəsi kimi dövlətçiliyimizin 
						möhkəmlənməsində, ümummilli lider Heydər Əliyevin 
						azərbaycançılıq ideologiyasının yaşadılmasında və 
						təbliğində, ölkə Prezidenti İlham Əliyevin siyasi 
						xəttinin həyata keçirilməsində bundan sonra da 
						məqsədyönlü fəaliyyətini davam etdirəcək. 
						
						
						Tarix üzrə fəlsəfə doktoru, dosent Allahverdi Hüseynov 
						"Yeni Azərbaycan Partiyası və  Heydər Əliyev" mövzusunda 
						məruzə etdi. Qocaman pedaqoq ümummilli liderin 
						rəhbərliyi ilə yaradılmış partiyanı xalqın nicat, rifah 
						və tərəqqi partiyası kimi dəyərləndirərək kollektivi 
						yubiley münasibətilə təbrik etdi.  
						
						
						YAP sıralarına yeni qəbul edilmiş üzvlərə vəsiqələr 
						təqdim olundu. Partiya sıralarına yeni qəbul edilmiş 
						tələbələr adından ingilis dili ixtisası üzrə III kurs 
						tələbəsi Elməddin Kərimov minnətdarlıq etdi.  
						
						
						Universitetin incəsənət fakültəsinin hazırladığı 
						möhtəşəm konsert proqramı layiqli yubiley töhfəsi oldu. 
						  
						
						
						
						Mehriban SULTAN  |