| 
						 
						
						Bakıdakı Bağça-Məktəb-Lisey Kompleksində Dövlət bayrağı 
						və 12 noyabr - Konstitusiya Günü münasibəti ilə 
						keçirilən tədbir Dövlət himninin səslənməsi və üçrəngli 
						Dövlət bayrağının "Koroğlu" operasından uvertüranın 
						sədaları altında təntənəli şəkildə  səhnəyə 
						gətirilməsilə başladı.  
						
						
						Təhsil ocağının direktoru Qafar Hüseynov qonaqları, 
						müəllimləri və şagirdləri bu iki bayram münasibətilə 
						təbrik etdi. O, Dövlət bayrağı və Konstitusiya 
						günlərinin  yaranma tarixləri haqqında tədbir 
						iştirakçılarına geniş məlumat verdi.  Qeyd edildi ki, 
						Dövlət bayrağımız möhtəşəmliyi və ucalığı  ilə Ginnesin 
						rekordlar kitabına düşüb. Hər bir azərbaycanlının 
						borcudur ki, ümummilli liderimizin azərbaycançılıq - 
						vətənpərvərlik ideyalarına sadiq qalsın, bayrağımızın 
						şərəfini hər yerdə qorusun, dünya arenalarında onun ən 
						yüksək zirvələrdə dalğalanmasına nail olsun.  
						
						
						Tədbirdə çıxış edən qonaqlar hər iki bayram münasibətilə 
						xalqımızı təbrik edərək, doğma Azərbaycanımıza əbədi 
						müstəqillik və işıqlı gələcək arzuladılar. Qeyd etdilər 
						ki, gələcəyimiz sayılan məktəblilər tariximiz, milli 
						dəyərlərimiz, adət-ənənələrimiz  haqqında həmişə 
						məlumatlı olmalıdırlar.  
						
						
						Şagirdlər "Heydər babamız" mahnısını həvəslə qonaqlara 
						təqdim etdilər, tədbir onların ifasında bayraq və 
						Konstitusiyaya aid şeirlərlə, mahnılarla başa çatdı.   
						
						
						
						Rəşad ZİYADOV  |