| 
						 
						
						
						Ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Xarici İşlər 
						Nazirliyinin Elm və İnnovasiya Departamentinin nümayəndə 
						heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 
						İnformasiya Texnologiyaları İnstitutunda olmuşdur.
						
						
						  
						
						
						AMEA-dan AzərTAc-a bildirmişlər ki, görüşdə Qərbi Avropa 
						üzrə Elm və İnnovasiya Departamenti nümayəndəliyinin 
						rəhbəri Kenan Poleo AMEA-nın institut və təşkilatlarının 
						əməkdaşları ilə görüşlərin keçirilməsinin məqsədinin 
						Böyük Britaniyanın elm və tədris mərkəzləri ilə 
						Azərbaycanın müvafiq mərkəzləri arasında əlaqələrin 
						yaradılmasının təşkil edilməsi olduğunu diqqətə 
						çatdırmışdır.  
						
						
						İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim 
						Əliquliyev informasiya texnologiyaları və informasiya 
						cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi 
						tədqiqatlar, müxtəlif informasiya-kommunikasiya 
						texnologiyaları (İKT) layihələrinin həyata 
						keçirilməsində görülən tədbirlər, informasiya 
						texnologiyaları sahəsi üzrə yüksək ixtisaslı kadr 
						hazırlığı, beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı 
						istiqamətində görülən işlərdən söhbət açmışdır. Direktor 
						elmi-texniki sahədə innovativ fəaliyyətin, elmi 
						tədqiqatların beynəlxalq tələblərə uyğunlaşdırılmasının 
						davamlı inkişafın əldə edilməsi baxımından mühüm 
						əhəmiyyət kəsb etdiyini bildirmişdir. Elm, təhsil və 
						innovasiyaların vəhdətinin mühüm amillərdən olduğunu 
						qeyd edən direktor İKT-nin imkanlarından geniş istifadə 
						etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili 
						və inkişaf etdirilməsi, elmi idarəetmənin 
						təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının 
						formalaşdırılması istiqamətində elektron elm layihəsi 
						çərçivəsində aparılan mühüm işlərdən söhbət açmışdır. 
						R.Əliquliyev AzScienceNet Elm Kompüter Şəbəkəsi 
						İdarəetmə Mərkəzinin fəaliyyəti haqqında da məlumat 
						vermişdir.  
						
						
						AMEA-nın Radiasiya Problemləri İnstitutunun Beynəlxalq 
						layihələr və informasiya şöbəsinin müdiri Mətanət 
						Mehrabova, Geologiya İnstitutunun əməkdaşı Aleksandr 
						Politayev, Şamaxı Astrofizika Rəsədxanasının Günəş 
						fizikası şöbəsinin müdiri Namiq Cəfərov, Botanika 
						İnstitutunun əməkdaşı Esmira Rzayeva, Zoologiya 
						İnstitutunun əməkdaşı Şəfiqə Topçuyeva qonaqlara 
						çalışdıqları elmi müəssisələrdə aparılan araşdırmalar, 
						əsas elmi istiqamətlər, əldə olunan mühüm nəticələr 
						haqqında ətraflı məlumat vermişlər.   |