| 
						 
						
						
						BDU-nun filologiya fakültəsinin IV kurs tələbələri 
						sentyabrın 17-dən beş həftə müddətində istehsalat 
						təcrübəsi keçmək üçün Bakının müxtəlif məktəblərinə 
						təhkim olunmuşlar. Universitetin filologiya fakültəsinin 
						019-cu qrup tələbələri isə BDU-nun nəzdində fəaliyyət 
						göstərən "Gənc istedadlar" liseyində istehsalat 
						təcrübəsi keçmişlər. İstehsalat təcrübəsində tələbələrə 
						lisey və onun strukturu, iş rejimi, təlim və onun 
						komponentləri, təlimin keyfiyyəti, təlim vasitələri, bir 
						sıra metodiki işlər, pedaqoji biliklər, "Təhsil 
						haqqında" qanun, yeni təhsil konsepsiyası və s. 
						məsələlər haqqında müfəssəl təlimatlar verilmiş və bu 
						məlumatlar gələcək fəal təcrübə üçün özül rolunu 
						oynamışdır. İstehsalat təcrübəsi beş istiqamətlə həyata 
						keçirilmişdir.  
						
						
						1. Məktəb direktorunun işləri ilə tanışlıq; 
						
						
						2. Təlim-tərbiyə işləri üzrə direktor müavininin yerinə 
						yetirdiyi işlərlə tanışlıq və onunla birgə müxtəlif 
						tədbirlərin həyata keçirilməsi; 
						
						
						3. Sinif rəhbərinin iş planı ilə tanışlıq və tərbiyəvi 
						işlərin həyata keçirilməsində tələbələrin iştirakının 
						təmin edilməsi; 
						
						
						4. Tələbələrin müxtəlif siniflərdə kurikulum üzrə yeni 
						təlim metodları ilə keçilən dərslərdə iştirakını təmin 
						etmək, həmin dərsləri izləməklə bərabər, özlərinin də 
						müxtəlif mövzularda dərslər aparmaları üçün onların 
						nəzəri və metodiki cəhətdən hazırlanması; 
						
						
						5. Məktəbin bütün tədris tədbirlərində, Pedaqoji Şurada 
						tələbələrin iştirakı. 
						
						
						Tələbələr öncə BDU-nun filologiya fakültəsində keçirilən 
						istehsalat təcrübəsinin konfransında iştirak etdilər və 
						fakültənin dekanı Məhərrəm Vəliyevin, Azərbaycan dili və 
						ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, 
						professor Yusif Seyidovun, həmçinin istehsalat təcrübəsi 
						rəhbərinin istehsalat təcrübəsinə aid çıxışlarını, 
						metodik tövsiyələrini dinlədikdən sonra BDU-nun nəzdində 
						fəaliyyət göstərən "Gənc istedadlar" liseyinə gəldilər. 
						Liseyin direktoru Qasım Hüseynov qeyd etdi ki, lisey 
						2007-ci ildən BDU-nun nəzdində fəaliyyət göstərən ümumi 
						təhsil müəssisəsidir. Ötən dövr ərzində məzunlarımız 
						Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul 
						imtahanlarında yüksək bal toplayaraq həm ölkəmizdə, həm 
						də xaricdə nüfuzlu universitetlərə qəbul olmuşlar. Təkcə 
						onu demək kifayətdir ki, bu il 103 məzunumuzdan 103-ü də 
						ali məktəbə qəbul olmuşdur. Bu da liseyimizdə təhsilin 
						yüksək keyfiyyətinə sübutdur. 
						
						
						Sonra Q.Hüseynov liseyin strukturu, direktorun 
						vəzifələri haqqında məlumat verərək qeyd etdi ki, 
						liseyin bir çox məsələləri Pedaqoji Şurada müzakirə 
						olunur. Pedaqoji Şuranın tərkibinə direktor, direktor 
						müavini, bütün müəllimlər, əlaçı şagirdlər və 
						valideynlər komitəsinin sədri daxildir. Lisey öz 
						fəaliyyətində ümumtəhsil məktəblərinin tədris 
						proqramlarını əsas götürməklə yanaşı, BDU-nun Elmi 
						Şurasının tövsiyələrini, təhsil və tərbiyə haqqında 
						müasir pedaqogikanın son nailiyyətlərini də rəhbər 
						tutur.  
						
						
						İstehsalat təcrübəsi günlərində direktor müavini Çingiz 
						Cəlilov tələbələri təlim-tərbiyə işləri üzrə direktor 
						müavininin vəzifələri ilə, görəcəyi işlərlə tanış edir, 
						onlarla birgə işləyirdi. O, tələbələrə dərs cədvəli 
						tərtib etməyi, jurnalları yazmağı, müəllimlərin dərs 
						yükünün bölünməsi və s. kimi işləri öyrətmək üçün 
						əlindən gələni edir, tələbələrə bütün tədris və tərbiyə 
						məsələlərini başa salırdı. Liseyin fənn müəllimləri 
						Gülşən Əliyeva, Yaqut Hüseynova, Gültəkin Yusifova, 
						Yeganə Qəhrəmanlı və sinif rəhbərləri istehsalat 
						təcrübəsi zamanı tələbələrə hər cür pedaqoji və metodiki 
						köməkliklər edir, onları tədris, təlim-tərbiyə işlərinin 
						bütün cəhətləri ilə tanış edirdilər. İstehsalat 
						təcrübəsi dövründə tələbələr könüllü olaraq müxtəlif 
						siniflərdə dərs deməklə, aktiv praktika üçün zəmin 
						yaradır, təcrübə toplayırdılar. 
						
						
						Bizcə, tələbələrin fəal təcrübə  dövrünə qədər 
						istehsalat təcrübəsi keçmələrinin onların mükəmməl 
						pedaqoji ustalıq, müəllimlik təcrübəsi qazanmaları 
						baxımından böyük əhəmiyyəti vardır və bu cəhətdən 
						istehsalat təcrübəsinin  universitetdə  bərpa edilməsi 
						təqdirəlayiq haldır. İstehsalat təcrübəsi tələbələrə 
						müstəqil pedaqoji fəaliyyətdə özünün hazırlıq 
						səviyyəsini yoxlamaq imkanı verir. Praktika prosesində 
						tələbələrin yaradıcılıq imkanları, tədqiqatçılıq 
						qabiliyyəti də inkişaf edir, onlar təlim nəzəriyyəsini, 
						dərsin texnologiyasını, şagirdlərin psixoloji 
						xüsusiyyətlərini, fənlərin tədrisinin konkret forma və 
						metodlarını öyrənməyə müvəffəq olurlar. 
						
						
						İstehsalat təcrübəsi müddətində tələbələr müəyyən 
						hüquqlardan istifadə etməli, öhdələrinə düşən vəzifələri 
						lazımi səviyyədə yerinə yetirməlidirlər. Onlar təcrübə 
						prosesində qarşıya çıxan bütün suallar üzrə universitet 
						rəhbərliyinə, müvafiq kafedraya, praktika üzrə 
						metodistlərə, məktəb müdiriyyətinə, fənn müəllimlərinə 
						müraciət edə bilərlər. İstehsalat təcrübəsi dövründə 
						tələbələrin üzərinə böyük vəzifələr düşür ki, bunlardan 
						ən vacibi tələbələrin hər gün 6 saat məktəbdə olmaları, 
						məktəbin daxili nizam-intizam qaydalarına ciddi əməl 
						etmələridir. Tələbələrimiz liseydəki təcrübə müddətində 
						bu vəzifələri layiqincə yerinə yetirir, üzərlərinə düşən 
						işlərin öhdəsindən bacarıqla gəlirdilər.  
						
						
						
						Rəhilə QULİYEVA, 
						BDU-nun Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikası 
						kafedrasının dosenti,  
						
						
						
						Ramidə ABDULLAYEVA 
						filologiya fakültəsinin IV kurs tələbəsi  |