| 
						 
						
						
						Müasir mərhələdə şagirdlərdə  elmə, biliyə  marağı 
						artırmaq, yaradıcı fəaliyyət bacarığı tərbiyə etmək, 
						humanist dünyagörüşü, milli özünüdərk, vətəndaşlıq 
						mövqeyi formalaşdırmaq, milli dəyərlərə hörmət və 
						məhəbbət hissi aşılamaq məktəbin, müəllimin qarşısında 
						duran əsas vəzifələrdəndir. Elm və texnikanın bugünkü 
						sürətli inkişafı, həyatın müxtəlif sahələrində hər gün 
						özünü göstərən və təsdiqini tapan texnoloji yeniliklər 
						təlimin məzmununda və metodlarında ciddi dəyişikliklərin 
						həyata keçirilməsini zəruri edir. Bu istiqamətdəki 
						vəzifələrdən biri də tədris prosesində yeni 
						texnologiyalardan, fəal, interaktiv təlim metodlarından 
						istifadədir.  
						
						
						Fəal, interaktiv təlim metodlarının tətbiqini zəruri 
						edən ən mühüm amillərdən biri də odur ki, həmin metodlar 
						gənclərdə daim dəyişmədə olan dinamik şəraitə 
						uyğunlaşmaq bacarığı, sosial bacarıqlar formalaşdırır, 
						təfəkkürün çevikliyini təmin edir, qrup, kollektiv 
						şəklində fəaliyyət göstərməyi,  əməkdaşlıq etməyi onlara 
						öyrədir. 
						
						
						Digər fənlər kimi ədəbiyyatın tədrisi prosesində də  
						əməkdaşlığa, tənqidi və yaradıcı təfəkkürün inkişaf 
						etdirilməsinə əsaslanan fəal, interaktiv  təlim 
						metodlarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Lakin 
						etiraf edək ki,  hələ də müəllimlərimizin bir qismində 
						yeni təlim metodlarına münasibət birmənalı deyil. 
						Məktəblərimizdə kurikulum üzrə ədəbiyyat dərsliyindən 
						istifadə olunduğu bir şəraitdə fəal, interaktiv 
						metodların mahiyyətinin aydınlaşdırılmasına, konkret 
						ədəbi-bədii nümunələrin öyrədilməsi zamanı tətbiqi 
						yollarının açıqlanmasına ciddi ehtiyac duyulur. 
						 
						
						
						Əlbəttə, yeni metodların tətbiqi əsrlərin sınağından 
						çıxan ənənəvi metodlardan tamamilə imtina olunmasını 
						tələb etmir. Onlarda uğurlu, müsbət nə varsa seçilməli, 
						fəal, interaktiv metodlarla əlaqələndirilməli və tətbiq 
						edilməlidir. 
						
						
						Respublikamızda uğurla həyata keçirilən təhsil 
						islahatının müasir mərhələsi ümumi orta təhsil 
						pilləsində  V siniflərdə kurikulum üzrə yeni 
						dərsliklərin və metodik vəsaitlərin  hazırlanması və 
						nəşri ilə əlamətdardır. Bu baxımdan V sinif  üçün yeni 
						"Ədəbiyyat" dərsliyi və  "Müəllim üçün metodik 
						vəsait"in  ("Bakınəşr",  2012) müəllimlərimizdə böyük 
						maraq oyatması təbiidir. Dərslik və müəllim üçün   
						vəsait yeni metodik təfəkkür işığında yazılmışdır və bir 
						çox məziyyətlərinə görə ədəbiyyat təliminə yeni yanaşma  
						nümunəsidir. 
						
						
						Dərslik və metodik vəsait kurikulumun V siniflə bağlı 
						standartları, təlim nəticələri əsas götürülməklə, fəal, 
						interaktiv təlimin tələbləri nəzərə alınmaqla  tərtib 
						olunmuşdur. Kurikulumun tələblərinə uyğun olaraq, 
						yeniliyin ənənə üzərində qurulması, məktəb təcrübəsinin, 
						mövcud reallığın nəzərə alınması dərsliyin ən böyük 
						uğurudır.  
						
						
						Müəlliflər haqlı olaraq qeyd edirlər ki, ədəbiyyat fənni 
						üzrə qarşıya qoyulan təlim nəticələrinə nail olmaq üçün 
						ilboyu keçilən dərslərdə əsas və alt-standartların 
						reallaşdırılması zəruridir. Standartların təlim 
						prosesində addım-addım reallaşdırılması dərsə hazırlıq 
						zamanı və dərs prosesində müəllimin diqqət mərkəzində 
						durmalıdır. Bədii əsərin öyrənilməsi üzrə işin məqsədi 
						və metodikasına uyğun olaraq hər dərsdə müvafiq məzmun 
						xətləri və əsas standartlar üzrə iş aparılmalıdır. 
						
						
						Məlumdur ki, kurikulumda həmin sinifdə sənətkarların 
						həyat və yaradıcılığı haqqında məlumat verilməsi nəzərdə 
						tutulmamışdır. Müəlliflər bu tələbi əsas götürərək 
						dərslikdə sənətkarların portretini, onlar haqqında 
						görkəmli şəxsiyyətlərin fikirlərini verməyi məqsədəuyğun 
						saymışlar. Eyni zamanda məktəblilərin bu və ya digər 
						sənətkarla bağlı ətraflı  məlumat alması üçün İnternet 
						saytlarından istifadə imkanları gözlənilmişdir. 
						
						
						Dərsliyə daxil edilmiş təlim materialları müvafiq 
						bölmələr üzrə qruplaşdırılmış, həmin bölmələrə gənc 
						nəslə milli və ümumbəşəri dəyərlər, vətənpərvərlik, 
						qəhrəmanlıq, anaya məhəbbət, təbiətə qayğıkeş münasibət, 
						insan hüquqlarına hörmət aşılayan əsərlər daxil 
						edilmişdir. Bu bölmələrdə Azərbaycan və dünya şifahi 
						xalq ədəbiyyatının inciləri, klassik və müasir ədəbiyyat 
						nümunələri öz əksini tapmışdır. 
						
						
						Dərslik ədəbiyyat təlimində fəal, interaktiv metodların, 
						müstəqil işlərin tətbiqi üçün geniş imkanlar yaradır. 
						Dərslikdəki bədii əsərlərin, ədəbiyyat nəzəriyyəsi 
						elementlərinin və s. öyrədilməsi, şifahi və yazılı 
						nitqlə bağlı sual və tapşırıqlar sistemi fəal, 
						interaktiv metodların tətbiqi, şagirdlərin  müstəqil, 
						yaradıcı fəaliyyəti üçün əlverişli zəmin yaradır. 
						
						
						Müəllim üçün metodik vəsaitdə bilavasitə ədəbiyyat 
						tədrisi üçün səciyyəvi olan interaktiv metodlar geniş 
						şərh edilmiş, konkret dərs nümunələrində həmin 
						metodların tətbiqi imkanları göstərilmişdir. Bu da, 
						şübhəsiz, kurikulum üzrə dərslərin təşkilində hələ 
						zəruri təcrübəyə yiyələnməmiş, çətinliklərlə üzləşən 
						ədəbiyyat müəllimləri üçün çox əhəmiyyətlidir. Müəllim 
						bu vəsaitdə ikihissəli gündəlik, proqnozlaşdırılmış oxu, 
						fasilələrlə oxu, müqayisə cədvəli, diskussiya və s. 
						interaktiv metodlardan dərs prosesində məqsədyönlü 
						istifadə ilə bağlı dəyərli metodik tövsiyələr, dərs 
						nümunələri ilə tanış olacaqdır. 
						
						
						Dərslikdə və metodik vəsaitdə müəllim və şagirdləri  
						yaradıcılığa, tədqiqata sövq edən layihələr üzrə işə 
						xüsusi diqqət yetirilir. Qeyd edilir ki, layihələr 
						məktəblilərin müəyyən mövzu üzrə müstəqil tədqiqat 
						aparmalarını nəzərdə tutur. Layihə üzərində işin vaxtı 
						dəqiqləşdirilir, şagirdlərə tövsiyələr, məsləhətlər 
						verilir.  
						
						
						Layihənin mövzusu, qarşıya qoyulan problem konkret 
						olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində 
						işin icra müddətini, istifadə olunacaq  əyani vasitələri 
						(ədəbiyyat, mənbə, təsvir vasitələri və s.), bunları 
						əldə etmək yollarını, iş formalarını müəyyən edirlər. İş 
						prosesində müəllim şagirdlərə istiqamət verə bilər. İşin 
						icrasına isə şagirdlər cavabdehdir. Tədqiqatın nəticəsi 
						müxtəlif məktəb, sinif tədbirləri vasitəsilə nümayiş 
						etdirilə bilər. 
						
						
						Ədəbiyyat  təliminə verilən müasir tələblərdən biri də 
						fəndaxili və fənlərarası inteqrasiya imkanlarından 
						səmərəli istifadə olunmasıdır.  Fəndaxili və fənlərarası 
						inteqrasiya şagirdlərin ədəbi bilik və bacarıqlara 
						dərindən, fəal şəkildə yiyələnməsinə imkan yaradır.
						 
						
						
						Məlumdur ki, ədəbiyyat incəsənətin bir növü, həyatı 
						obrazlı şəkildə əks etdirən bir fənn olmaqla  inteqrativ 
						səciyyəlidir. İnteqrativlik  bir fənn kimi ədəbiyyatın  
						mahiyyətində, təbiətindədir. Bu mühüm cəhət bilavasitə 
						təlim prosesində də öz əksini tapmalıdır. Müsbət haldır 
						ki, yeni dərslikdə  və metodik vəsaitdə bütün 
						ədəbi-bədii materialların interaktivlik və inteqrativlik 
						zəminində öyrədilməsi imkanları diqqət mərkəzində 
						saxlanılmışdır. 
						
						
						Ədəbiyyat təliminə yeni yanaşma öz əksini şagird 
						nailiyyətlərinin qiymətləndirilməsi formalarında da 
						tapır. Müəllim üçün metodik vəsaitdə diaqnostik, 
						formativ, kiçik və böyük summativ qiymətləndirmə ilə 
						bağlı zəruri məlumatların verilməsi təqdirəlayiqdir. 
						Şübhə yoxdur ki, bədii əsərin məzmununun öyrənilməsi  və 
						təhlili, şifahi  və yazılı  nitq bacarıqlarının, qrup 
						işinin  qiymətləndirilməsi meyarları üzrə tərtib edilmiş 
						cədvəllər bu problemin həllində müəllimə yardımçı 
						olacaqdır. 
						
						
						Müəllimin yaradıcılıq və təşəbbüskarlığına, şagirdlərin 
						tədqiqatçılıq fəaliyyətinə, bilik və bacarıqlara 
						dərindən yiyələnməsinə geniş imkanlar yaratması istər 
						yeni dərsliyin, istərsə də müəllim üçün metodik vəsaitin 
						mühüm məziyyəti kimi qeyd olunmalıdır.  
						
						
						
						Firəngiz ABDULLAYEVA, 
						Ağdam rayonu, 32 nömrəli tam orta məktəbin  
						Azərbaycan dili və ədəbiyyat müəllimi  |