| 
						 
						
						 Elmin, 
						texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə ənənəvi 
						üsullardan əl çəkmək, yeni fəal təlim metodlarından 
						istifadə etmək müəllimdən yüksək hazırlıq, cəsarət tələb 
						edir. 
						
						
						Fəal təlimin ənənəvi tədrisdən əsas fərqi onun 
						şəxsiyyətyönümlü olmasıdır. Hər bir müəllim çalışmalıdır 
						ki, qarşısında əyləşən şagirdi sağlam düşüncəli, yüksək 
						intellektual səviyyəli şəxsiyyət kimi yetişdirsin. Fəal 
						təlimdən  fərqli olaraq ənənəvi tədrisdə şagird yalnız 
						dərslikdəki mövzuları öyrənməklə kifayətlənirdi. Əlavə 
						məlumatlardan az istifadə olunurdu. İnteqrativlik əsas 
						prinsip kimi qəbul olunmurdu. Yəni ənənəvi tədris 
						bilikyönümlü, müəllimyönümlü, fənyönümlü, təklifyönümlü 
						xarakter daşıyırdı. Bəlkə elə buna görə idi ki, dərsə 
						maraq azalır, sinifdə yaxşı oxuyan və zəif oxuyan 
						şagirdlər tez nəzərə çarpırdı. Belə hallar sinfin 
						psixoloji durumuna da böyük təsir göstərirdi. Yəni 
						sinifdə yaxşı oxuyan şagirdlər zəif oxuyan şagirdlərlə 
						az ünsiyyət qururdular. 
						
						
						Bu isə zəif şagirdlərdə özünəqapanma hallarına gətirib 
						çıxarırdı. Onlar öz fikirlərini belə ifadə etməyə 
						çəkinirdilər. 
						
						
						İndi fəal, interaktiv təlim metodlarından istifadə 
						etməklə şagirdlərin təhsilə olan marağının artdığını 
						görürük. Yeni təlim texnologiyalarından istifadə 
						şagirdin biliklə birgə fəaliyyətinin də inkişafını 
						artırır. Onlar sərbəst şəkildə İKT-dən istifadə edir, 
						verilən mövzuyla bağlı əlavə məlumatlar toplaya 
						bilirlər. Ən əsası şagirdlər təlim prosesində fəal 
						iştirak edir, sərbəst fikir söyləyə bilirlər, onlarda 
						özünə inam artır. 
						
						
						Artıq bir neçə ildir ki, dərslərimi  fəal, interaktiv 
						təlim metodlarından  istifadə etməklə qururam. Mənə elə 
						gəlir ki, bu heç də pis alınmır. Xüsusən də ədəbiyyat 
						dərslərində fəal təlimdən alınan nəticələr yüksək olur. 
						Məsələn, N.Gəncəvinin həyat və yaradıcılığı ilə bağlı 
						dərslərimdə əvvəlcədən hazırladığım slaydlardan, video 
						və audio fayllardan istifadə edirəm. Şairin 
						yaradıcılığına geniş nəzər saldıqdan şonra qəzəllərinə 
						bəstələnən musiqiləri dinləyirik, "Nizami" filmindən bir 
						hissəyə baxırıq.   
						
						
						Video və audiofayllardan istifadənin şagirdlərin dərsə 
						diqqətini cəlb etməkdə rolu əvəzsizdir. Burada məşhur 
						Çin deyimi yada düşür: "Mənə de, mən yaddan çıxarım. 
						Mənə göstər, mən yadda saxlayım. Məni cəlb et, mən 
						öyrənim".  
						
						
						Sevindirici haldır ki, artıq bu sahədə metodik vəsaitlər 
						çap olunur, yeni təlim metodlarından istifadə etməklə 
						keçilən dərs nümunələri mətbuatda işıqlandırılır. 
						 
						
						
						Fəal dərsə, yeni təlim metodlarına dair məqalələri və 
						dərs nümunələrini tədris jurnalları və qəzet 
						səhifələrindən oxuyur, bunlardan istifadə etməklə 
						təlimin səmərəsini artırmağa çalışıram.  
						
						
						
						İlahə RƏHİMOVA, 
						Lənkəran rayonundakı Vilvan kənd orta məktəbinin 
						müəllimi  |