| 
						 
						
						
						1897-ci ildə Türkiyənin tanınmış pedaqoq və maarifçisi 
						Ayşə Sədiqə İstanbulda "Üsuli-təlim və tərbiyə dərsləri" 
						adlı bir kitab nəşr etdirir və kitab ölkənin pedaqoji 
						fikir tarixində əhəmiyyətli yer tutur. Cavid "Həsbi-hal" 
						məqaləsinin üçüncü hissəsində sözünə Ayşə xanımın 
						kitabından bir sitatla başlayır: "Çocuqlara hər kim olsa 
						dərs verir, fəqət tərbiyə və əxlaq dərsini hər kəsdən 
						eyi validə verir. Çocuğun birinci mürəbbəsi validədir... 
						Demək olur ki, bir  qövmün səadəti və tərbiyəsində 
						qadınların böyük təsiri vardır. Bunun için hər şeydən 
						ziyadə qadınların tərbiyəsinə etina edilməlidir. 
						Tərbiyəli validələr yetişdirməyə qeyrət edilməlidir".
						
						
						  
						
						
						 Cavid 
						də, Ayşə xanım da, Avropanın bir çox filosof və 
						pedaqoqları da uşağın tərbiyəsində ananın rolunu önə 
						çəkirlər ki, bu da təsadüfi deyildir. Zamanə dəyişsə də, 
						həmin fikir bu gün də öz qüvvəsini saxlayır və 
						aktualdır. Məhəmməd peyğəmbərin "Cənnət qadınların 
						ayaqları altındadır" fikrini nəzərə çatdıran şair, 
						diqqəti təlim və tərbiyədə islamın rolu məsələsinə 
						yönəldir. Müsəlman ölkələrində və cəmiyyətlərində oğlan 
						və xüsusilə qızların təhsilə cəlb edilməsilə bağlı geniş 
						yayılmış yanlış fikirləri saf-çürük edərək 
						"Rəsuli-əkrəmin [oğlan və qızların] təlim və tərbiyədə 
						heç bir fərq qoymadığını, təhsili-elmdə kişiyə, övrətə 
						müsavi bir surətdə fərz buyurduğunu" nəzər-diqqətə 
						çatdırır. Problemin həllinə mane olan dini ehkamlara, 
						mövhumata və xurafata qarşı çıxır. Qız uşaqlarının 
						məktəbdən yayındırılması və təhsildən 
						uzaqlaşdırılmasının islama zidd olduğunu söyləyir. Sualı 
						bu cür qoyur: "Əcəba, səkiz-doquz yaşında bir qız yalnız 
						ibtidai, yaxud rüşdili təhsil görürsə, şəriətə müxalifmi 
						zənn olunur?". Guya "qız tərbiyə görür-görməz itaətsiz 
						olacaq" söyləyənlərin fikirlərini qəti surətdə rədd 
						edir. Valideynləri qız uşaqlarını məktəbə qoymağa 
						çağırır. Düşünür ki, əgər biz qızların tərbiyəsinə bu 
						cür yanaşsaq, sabah başımıza, gözümüzə vuracaq və 
						kor-peşman olacağıq.  
						
						
						Müəllif məqalələrində uşaqların məktəbə hazırlanmasında 
						ev tərbiyəsinin roluna ayrıca yer verir. "Ev tərbiyəsi 
						necə olmalıdır" sualına ailələrdə mövcud olan xoşagəlməz 
						tərbiyə üsulları ilə cavab verir: "Uşaqlar 
						damdabacalarla qorxudulurlar. Başı açıq çölə çıxsan 
						göydən başına adamcıl qurt dərisi düşər. Qaranlıq bir 
						yerə getsən cinlər, divlər səni təhdid edər" və i.a. 
						Şair ailə tərbiyəsində yalançılığı, kindarlığı, 
						qorxaqlığı, itaətsizliyi, xurafat və mövhumatı tənqid 
						edir və valideynlərin xoşagəlməz müraciət üsullarına 
						qarşı çıxaraq yazır: "...Bir ana oğluna "Yavrum! Quzum! 
						Get qardaşını çağır da gəlsin, yeməyini yesin" deyəcəyi 
						yerdə, "Partdamış! Gəbərmiş! Get o qan qusmuş çönənbəri 
						çağır da gəlsin, zəhrimarını zoqqumlasın" - diyor".
						 
						
						
						O, uşaqlarla bu cür rəftar və  davranışı pisləyir, bu 
						kimi uyğunsuz və cahilanə tərbiyədə bir fayda görmür. 
						
						
						Şair müxtəlif ailələrdə fərqli ailə tərbiyəsinə nəzər 
						salır və düzgün qurulmuş ailə tərbiyəsini təqdir edir. 
						Sağlam ailələrdə tərbiyə və əxlaq məsələlərinin uğurlu 
						və düzgün həllini yüksək qiymətləndirərək yazırdı ki, 
						ana bir yaşında uşağın yediyi qaletlərdən əlifba 
						düzəldir və ona öyrədir. Evin divarından hesab cədvəli 
						asır, üç-dörd yaşında uşaq bunları gülə-gülə, sevə-sevə 
						öyrənir. Beş-altı yaşına çatar-çatmaz məktəbə həvəs 
						göstərir. Məktəbə getdiyi zaman zəkası, əxlaqı yerində 
						olur, dərsini həvəslə öyrənir. 20 yaşında isə o 
						universiteti bitirmiş fazil bir əfəndi olur". 
						
						
						Şair Azərbaycan analarını, Azərbaycan ailələrini bu cür 
						görmək istəyir. 
						
						
						Azərbaycanda ibtidai təhsilin bir çox vacib və ciddi 
						problemlərinə münasibət bildirən müəllif düşünürdü ki, 
						bu gün olmasa da, bir neçə ildən sonra ibtidai təhsil 
						istər qız, istərsə də oğlanlar üçün məcburi olacaqdır. 
						Şair səbirsizliklə və böyük ümidlə həmin günü 
						gözləyirdi. 
						
						
						Ailə və ana tərbiyəsini, qızların təhsilə cəlb edilməsi 
						məsələsini önə çəkən vətənpərvər və maarifçi şairin 
						cümlələrini oxuyarkən onun nə qədər narahatlıq hissi 
						keçirdiyini aydın sezmək olur. Belə halı yalnız vətənini 
						və millətini sevən, onun gələcəyini düşünən insanda 
						görmək olar. O, övladının tərbiyəsini başlı-başına 
						buraxan, qayğısına qalmayan, onu tərbiyədən məhrum edən 
						valideynlərə üz tutaraq "Siz ey ata və analar! Yarınki 
						gün cigərguşələrinizin zillət, fəlakət odunda 
						yanıb-qavrulduqlarını ağlaya-ağlaya seyr edəcəksiniz" 
						deyərək yazırdı: "Çocuqlar məsumdurlar, onunçin 
						yapdıqları işlərin hiç birindən məsul deyildirlər, 
						onların hal və hərəkətlərindən məsul olacaq yalnız 
						ata-analardır... Xeyirsiz, xain, ədəbsiz evlad 
						yetişdirib onları tərbiyə və islahına çalışmayan 
						ata-analar, şübhəsiz ki, gələcəkdə namuslu, vicdanlı, 
						heysiyyətli insanlara müsəllət olmaq için bir sürü 
						əxlaqsız, bir yığın sərsəri yetişdirmiş olurlar...".
						 
						
						
						Bu sözlər sanki bugün yazılmış və bu gün üçün  
						deyilmişdir. Cavidin yaşadığı dövr başqa, bu günkü dövr 
						başqadır. Bununla belə, ailə, məktəb və əxlaq tərbiyəsi 
						ilə bağlı problemlər bu gün nəinki azalmış, əksinə, 
						çoxalmışdır... Şair övlad tərbiyəsinə məsuliyyətsiz 
						yanaşan ata və analara qarşı barışmaz mövqe tuturdu. 
						"Qeydsiz, tərbiyəsiz ata-ananın övladı için nə dərəcədə 
						məsul olacağı, nə müdhiş cinayət işlətdiyi hər kəsə 
						məlum, aydın həqiqətdir" sözlərini ürəkağrısı ilə 
						yazırdı.  
						
						
						Cavid təlim-tərbiyə məsələlərindən və məktəb 
						binalarından danışarkən məşhur bir məsəli diqqətə 
						çatdırır: "Günəş girməyən yerə təbiblər girər". Təlim və 
						tərbiyə prosesinin həyata keçirilməsində məktəb binasını 
						və sinif otaqlarını əsas təlim və tərbiyə ocağı hesab 
						edir. Düşünür ki, məktəblər və məktəb binaları gözəl və 
						görkəmli, havalı və uca yerlərdə tikilməlidir. "Pis, 
						murdar, üfunətli yerlərdən uzaq olmalıdır. Xəstəxana, 
						həbsxana, məzarıstan kibi yapı (bina)lara 
						yaqlaşmamalıdır. Məktəb binası mümkün dərəcədə günəşli 
						yerlərdə vaqe olmalı, rütubəti çoq olan yerlərdən həzər 
						edilməlidir...". Nə üçün? Çünki orada körpə uşaqlar 
						oxuyur və tərbiyə alırlar. Günəşsizlik və rütubət isə 
						bir çox xəstəliklərin mənbəyidir. Şair bu mövzudan bəhs 
						edərkən istər-istəməz özünün oxuduğu və tərbiyə aldığı 
						Sidqinin məktəbini xatırlayır. 
						
						
						O, məzunu olduğu və Naxçıvanın maarif tarixində xüsusi 
						yeri olan məktəb haqqında geniş və qiymətli məlumarlar 
						verir. Həmin məlumatlar Sidqi məktəbinin tarixini və 
						taleyini öyrənmək baxımından əhəmiyyətlidir. O yazır ki, 
						məktəb acınacaqlı bir şəraitdə fəaliyyət göstərirdi. 
						Sinif otaqları günəşsiz, darısqal və rütubətli idi. 
						Bazarçayın gurultusu tədris prosesinə mane  olurdu. Bunu 
						görən yerli çar hökuməti məktəbin başqa bir yerə 
						köçürülməsini qərara alır. Hökumətin təşəbbüsünü 
						alqışlayan şair, onun baş tutmaması haqda yazırdı: 
						"Şəhər [Naxçıvan] qlavası Cəfərqulu Xan Naxçıvanski 
						cənabları ilə şəhər hakimi Slavaçinski bu xüsusda 
						[məktəbin başqa yerə köçürülməsində] pək fədakarlıqda 
						bulunmuşlar. [Ancaq nə yazıqlar olsun ki] "Cidilli bağ" 
						adlı geniş, havadar, gözəl bir yerdə məktəb təsisini 
						xalqa təklif etmişlər isə də kimsə razı olmamışdır".
						 
						
						
						Cavid hesab edirdi ki, təhsil, təlim və tərbiyə işi ilk 
						öncə məktəb binasından başlanır. Əgər məktəb binası 
						yararsız və uyğunsuz bir yerdədirsə, orada təlim və 
						tərbiyə prosesi səmərəli təşkil oluna bilməz. Cəfərqulu 
						Xanın və Slavaçinskinin cəhdlərinin boşa getməsinə 
						təəssüflənən müəllif, işin baş tutmamasında 
						mövhumatçıları və xurafatçıları suçlayır və bu barədə 
						yazırdı: "Qafqasda sakin bütün türklərin hər şəhərdə, 
						hər qəsəbədə (vəqf yeri)* köhnə məzarıstan kibi bir çoq 
						qiymətli, əhəmiyyətli yerləri [məktəb və s. üçün]  əldən 
						çıqarıb mevhumat sapmaların ərzi-ixtar etməkdir. Bu 
						dürlü uyğunsuzluqlara [Naxçıvanda] deyil, Qafqasiyanın 
						hər şəhərində təsadüf etmək mümkündür".  
						
						
						Şair hesab edirdi ki, məktəb binası mümkün dərəcədə 
						günəşli bir yerdə olmalıdır. Sinif otaqlarına işıq bir 
						tərəfdən (soldan) düşməlidir. Əgər bir neçə tərəfdən 
						düşərsə, bu, şagirdlərin gözlərinə zərərdir. İşığın sol 
						tərəfdən düşməsi daha faydalıdır. "Çünki, [işıq] sağ 
						tərəfdən gələcək olsa, [şagird] yazı yazarkən sağ əl 
						dəftər üzərində öz kölgəsilə şagirdləri rahatsız edər. 
						Sınıfın (klasın) pəncərələri də olduqca çoq və aydınlıq 
						olmalıdır. Məktəbin dörd-beş arşın (rus arşını) günəş 
						bir dəhlizi (koridoru) və tənəffüsxanəsi olmalıdır". 
						Bundan başqa, hər məktəbin özünəməxsus gözəl bağçası 
						olmalıdır. Şagirdlər tənəffüs zamanı orada sərbəst gəzib 
						təmiz hava almalıdırlar. Ayaqyolu məktəb binasından  
						mümkün qədər uzaqda tikilməlidir. Məktəb xadimələri 
						şagirdlərə qarşı nəzakətli olmalıdırlar. Sinif 
						otaqlarında partalar şagirdlərin sayına görə 
						düzülməlidir. Müəllim şagirdləri partalarda boy 
						ölçülərinə görə oturtmalıdır. Əks-təqdirdə şagirdlərin 
						boyun, kürək və bel sümükləri əyilə bilər, bədənə zərər 
						toxunar. "Fikrin müstərih** və oynaq olması için bəhər 
						hal*** baş şaquli (dik) bir vəziyyət almalıdır. Öylə 
						olmasa  qan dimağ (beyin)də sərbəst cəvəlan edəməz. 
						Beyin qanın cəryani-sərbəstanəsindən [sərbəst 
						dövranından] məhrum olunca fikirlər, duyğular da məhdud 
						və əqim**** qalmış olur. Çünki dimağ qan ilə, əfkar 
						[fikir] və ehtisasat [hissetmə, sezmə] da dimağ ilə 
						ərzi-fəaliyyət edir".  
						
						
						Cavid məqalələrində bu kimi tibbi, pedaqoji, fizioloji 
						məsələlərin şərhində təcrübəli bir müəllim və həkim 
						təsiri bağışlayır, İstanbul Universitetində və fərdi 
						mütaliə yolu ilə adıçəkilən elmlərə nə dərəcədə dərindən 
						yiyələndiyini büruzə verir. Amerika və Avropanın məktəb 
						təcrübəsinə istinad edərək, bir partada iki şagirddən 
						çox uşağın oturmamasını məsləhət görür. Dərs müddətinin, 
						həmin ölkələrin təcrübəsinə uyğun olaraq, 45-50 
						dəqiqədən çox olmamasını tövsiyə edir. Uşaqların 
						sağlamlığının qorunması məsələsinə xüsusi önəm və 
						əhəmiyyət verir. Bu məqsədlə tənəffüslərdə siniflərin 
						havasının mütləq dəyişdirilməsini bir pedaqoji tələb 
						kimi irəli sürür və bunu belə əsaslandırır: "Dərsdə 
						tələbənin tənəffüs etdiyi zaman havaya hamizi-qarbon 
						dağılır, tər və yağ ifrazatı təbəxxür***** edərək 
						sınıfın havasını olduqca zəhləyir". 
						
						
						Şair-pedaqoq məktəbdə və dərsdə gigiyenik qaydalara 
						ciddi əməl olunmasını məktəb rəhbərləri və 
						müəllimlərinin üzərinə düşən ciddi bir vəzifə hesab 
						edir. Xəstəliyə düçar olmuş uşaqların dərsə gəlməyə 
						məcbur edilməsinə qarşı çıxaraq yazır: "Bəzi çocuqların 
						xəstəliyinə diqqət etməyib də ata-anası başından atmaq 
						niyyətilə, müəllim də qeydsizlik və ehtinasızlıqla 
						sınıfa qəbul etməkdən çəkinməz isə, şübhəsiz ki, bir çoq 
						biçarə məsumların da [sinifdəki şagirdlərin] fəlakətinə 
						yol açmış olur".  
						
						
						Cavid məqalələrində uşaqların məktəbə qəbul edilməsi 
						məsələsinə də toxunmuşdur. Düşünmüşdür ki, məktəbə 
						alınan uşaqların yaşına xüsusi diqqət yetirilməlidir. 
						Şəhadətnaməsi və 7 yaşı olmayan uşaqlar məktəbə qəbul 
						edilməməlidirlər. "Çünki pək küçük çocuqlar, cır ağaclar 
						kibi cılız, zəif bir vücud ilə dərsə başlayınca sıqılır, 
						zəhmət çəkir, həm vücudca, həm də fikircə zəif olurlar".
						 
						
						
						Hesab edirdi ki, şagirdlərin sağlam böyüməsi və təhsil 
						alması üçün tənəffüslərdə məktəbdə gimnastik məşqlər və 
						müxtəlif uşaq oyunları təşkil edilməlidir. Oyunlarda 
						müəllim şagirdləri sərbəst buraxmalı, ancaq onlara 
						nəzarəti unutmamalıdır. Yeri gəlmişkən deyim ki, o, 
						İstanbula ali təhsil almağa gedərkən gəmi yolüstü 
						Samsunda dayanır. Fürsətdən istifadə edən şair qəsəbə 
						məktəblərindən birində şagirdlərin gimnastik məşqlərinə 
						tamaşa edir. Görünür, hələ 1905-1906-cı illərdə Türkiyə 
						məktəblərində şagirdlərin yorğunluğunu və sağlamlığını 
						nəzərə alaraq tənəffüs zamanı gimnastik məşqlərdən 
						istifadə edilmişdir. 
						
						
						Cavid "Həsbi-hal" məqaləsində ibtidai siniflərin dərslik 
						və proqramları haqda ayrıca söz açmışdır. Hesab etmişdir 
						ki, dərslik və proqramlar olduqca düşünülmüş, aydın və 
						mənfəətli olmalıdır. Onlarda mövhumat və xurafata aid nə 
						varsa islah edilməlidir. Başqa sözlə, dərsliklər və 
						proqramlar elmi-pedaqoji və metodiki prinsiplərə uyğun 
						hazırlanmalıdır. Çünki bu, zamanın tələbidir. "XX əsr 
						mədəniyyəti [proqramlardakı] belə uyğunsuzluqlara əsla 
						təhəmmül etməz. Zira təlim və tərbiyə saf dimağları 
						(beyinləri), ləkəsiz vicdanları ləkədir edəcək bir alət 
						deyildir. Əksinə, tərbiyə bəşəriyyəti qaplayan 
						çirkinlikləri silib atmalı və paslı beyinləri 
						təmizləməlidir". 
						
						
						Müəllif təlim və tərbiyə prosesində milli xüsusiyyətləri 
						nəzərə almağı  pedaqoji bir tələb və vəzifə kimi irəli 
						sürürdü. Bu cəhətdən ingilis filosofu və maarifçisi 
						Herbert Spenserin ingilis məktəblərində təlim və tərbiyə 
						prosesinin təşkili haqda fikirlərini Azərbaycanın 
						pedaqoji ictimaiyyətinin nəzərinə çatdırmağı lazım 
						bilirdi. Düşünürdü ki, ingilis məktəblərində təlim və 
						tərbiyə prosesinin təşkili ilə müsəlman türk 
						məktəblərində təşkilini eyniləşdirmək olmaz. Çünki 
						ingilis mühiti, təfəkkürü, dünyagörüşü, təlim və tərbiyə 
						sistemii başqa, bizimki daha başqadır. 
						
						
						Cavid mütaliə ilə ilgəli müəllimin qarşısına ciddi 
						vəzifələr qoyurdu. Yazırdı ki, müəllim öyrənib və 
						şagirdlərə öyrətdiyi kitablarla kifayətlənməməlidir. 
						Müntəzəm olaraq pedaqogikaya, təbiyyata və əxlaqa aid 
						kitabları mütaliə etməlidir. Sadəcə mütaliə yox, oxuduğu 
						kitablardan faydalı nəticə çıxarmalı və bunu öz işində 
						tətbiq etməlidir. Müəllim öz mənəviyyatını 
						zənginləşdirməyə, vicdanını islah etməyə çalışmalıdır. 
						Söylədiyi sözlərlə, verdiyi nəsihətlərlə şagirdlərə 
						təsir etməyi bacarmalıdır. O, sinifdə müəllimin sözündən 
						qiymətli, təsirli silah görmürdü. Düşünürdü ki, sözün 
						təsirli və inandırıcı olması üçün müəllimin özü təmiz 
						bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi 
						bir məlumata malik olmalıdır. Bu, pedaqoji fəaliyyətdə 
						xüsusi əhəmiyyətə malikdir. "Bir müəllim öz-özünü bir 
						riyazəti-mənəviyyə ilə islah etdikdən sonra, şübhəsiz 
						ki, hər sözü, hər duruşu, hər halı bütün şagirdlər 
						nəzərində böyük bir əhəmiyyətə tələqqi olunur. 
						Kəmali-sürət və mətanətlə hər kəsin ruhuna nüfuz edə 
						bilir". O, bununla da diqqəti müəllim sözünün sehrinə, 
						siqlətinə, inandırıcı olmasına, estetik gözəlliyinə, 
						"Özü bir şeyə inanmayan kəs başqasını necə inandıra 
						bilər?" fikrinə cəlb edirdi. Müəllimin pedaqoji hazırlıq 
						və ustalığına, nüfuz və şəxsiyyətinə, bilik və 
						dünyagörüşünə münasibətini bildirərək deyirdi: "Şimdi 
						bizim yalnız məktəblərimiz deyil, bütün 
						həyati-ictimaiyyətimiz belə saf, parlaq bir tərbiyəyə 
						möhtacdır. Müəllimlərimiz azacıq muşikafanə, durbinanə 
						hərəkət edəcək olsalar, şübhəsiz ki, bütün mühitimizi 
						islah etmiş olurlar".  
						
						
						İbtidai sinif müəllimi yalnız dərs deməklə 
						kifayətlənməməlidir. O, şagirdlərin gigiyenik qaydalara 
						necə əməl etmələrinə, səliqəli və təmiz geyinmələrinə də 
						diqqət yetirməlidir. "Hər iki gündən bir çocuqların 
						əlbisəsinə, yüzünə, əllərinə baqıb kirli və təmiz 
						olduqlarını" yoxlamalıdır. Şagirddə qüsur görsə, bunu 
						ona "yumşaq, tatlı bir dil ilə anlatmalıdır" ki, 
						buraxdığı nöqsanı təkrar etməsin. Müəllim uşağın 
						anlayacağı tərzdə, ona bir ata kimi, tövsiyələr versə, 
						onu tənbeh etsə daha uğurlu nəticələr qazana bilər... 
						(Şair özünə qarşı ata qayğısını, ata münasibətini 
						Sidqinin məktəbində görmüşdü. Bunu müəllimlərə də 
						tövsiyə edirdi).  
						
						
						O, məqalələrində xalqın məktəbə və uşaqların tərbiyəsinə 
						münasibəti məsələsinə də toxunmuşdur. Qeyd etmişdir ki, 
						xalq artıq məktəbə, buradakı tərbiyəyə hüsni-rəğbət 
						bəsləməyə başlamışdır. Müəllimin tərbiyə işində rolu 
						haqda yazmışdır: "Müəllim əgər uslu, namuslu, həlim, 
						səlim bir əfəndi olursa, təbii, dörd-beş sənə zərfində 
						yalnız bir ibtidai məktəbi deyil, məktəblə əlaqədar olan 
						böyük bir köyü (kəndi), köy xalqını tamamilə islaha 
						müvəffəq olur".  
						
						
						Cavid ibtidai məktəblər üçün türk dilində aşağıdakı 
						dərsliklərin olmasını lazım və vacib bilirdi: Müxtəsər 
						qiraət, kitabət, elmi əşya, coğrafiya, hesab, türk 
						tarixi və islam tarixi. İkinci ildən etibarən isə həmin 
						fənlərə rus dilinin əlavə edilməsini məsləhət görürdü. 
						Hesab edirdi ki, sinifdə şagirdlərin oxuması, yazması və 
						öyrənməsi üçün işgüzar şərait yaradılmalıdır. Onların 
						fərdi yaradıcılıq qabiliyyətlərinə diqqət 
						yetirilməlidir. Müəllim sxolastik, kor-koranə təlim 
						üsulundan qaçmalı, şagirdləri şəxsi təşəbbüsdən məhrum 
						etməməli, onlara həqiqi bilik verməlidir.  
						
						
						* Savab iş üçün ayrılmış yer, mülk. 
						
						
						** Rahat, dinc. 
						
						
						*** Hər halda. 
						
						
						**** Nəticəsiz, səmərəsiz. 
						
						
						***** Buxarlanma, buğlanma.  
						
						
						
						İsgəndər ORUCƏLİYEV, 
						AMİ-nin dosenti, filologiya  üzrə fəlsəfə doktoru  |