| 
						 
						
						31 may  1970-ci il... Orta məktəb illəri ilə  vida günü, 
						vida tarixi... Həyatın kəşməkəşli yolları hərəni bir 
						səmtlə rastlaşdırdı. Kim  ağlına gətirə bilərdi ki, 
						qoynunda göz açıb boya-başa çatdığı yurdundan, 
						yuvasından, elindən, obasından, doğma evindən bir gün 
						didərgin düşəcək? Nə biləydik ki, doğma məktəb illərinin 
						ayrılığı məcburi köçkünlük illərinə qarışacaq, hərə bir 
						yerdə məskunlaşacaq. Amma bəzən ağla gəlməyən başa 
						gəlir. Bu günlərdə uzunmüddətli ayrılıqdan  sonra sinif 
						halında birləşmək vüsalı taleyimizə qismət oldu. Sinif  
						yoldaşlarımızın  bəziləri ilə rastlaşsaq da çoxları ilə 
						rastlaşa bilməmişdik. Bir-birimizi tanımaqda hələ 
						çətinlik də çəkdik. Aramızdan gedənlərin xatirəsi bir 
						dəqiqəlik sükutla yad edildi... 
						
						
						...Hamının dodaqlarında gülüş, çöhrələrində təbəssüm 
						vardı həmin gün. 42 il bundan əvvəl olduğu kimi. Bu 
						görüş həqiqətən, bizi o illərlə calaşdırmışdı. Hərə öz 
						parta yoldaşı ilə əyləşmişdi. Nənə, baba olduğumuz 
						unuduldu, məhz o anlar - şən və qayğıkeş məktəb illəri 
						yaşında idik həmin gün... O illərdən xatirələr 
						söylənildi, yaddaşlara həkk olunmuş şagird şıltaqlıqları 
						yada salındı, müəllimlərimizin hamısı bir-bir  öz 
						xarakterləri ilə anıldı. Ən əziz, ən xoşbəxt 
						günlərimizdən biri idi həmin gün... Sankı gözəl 
						Cəbrayılımızda, M.Qorki (o vaxt məktəbimiz belə  
						adlandırılırdı) adına orta məktəbimizdə, hər küncü- 
						bucağı  yaddaşımızdan heç vaxt silinməyən, yuxularımızda 
						xatırlanan  sinif otağımızda, buz kimi büllur sulu 
						"Çinar" kəhrizimizdə idik həmin gün... Bizə xoş 
						təəssürat bağışlayan, həsrətləri qovub vüsalları 
						qovuşduran bu görüşün təşəbbüskarlarına, sinif  
						yoldaşlarımız Rauf İsmayılova və Fuad Şəhriyaroğluna öz 
						dərin minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə 
						edib sinif yoldaşlarımızdan Solmaz Süleymanovanı 
						"Əməkdar müəllim" fəxri adı alması və  Nailə Babayeva və 
						Rauf İsmayılovun isə "Tərəqqi" medalı ilə təltif 
						olunmaları münasibətilə  təbrik edir, onlara daha yeni 
						uğurlar diləyirik.  
						
						
						
						Validə SEYDƏLİYEVA, 
						Abşeron rayonu Hökməli qəsəbə tam orta məktəbin 
						Azərbaycan dili və ədəbiyyat müəllimi  |