| 
						 
						
						
						XX əsrdə nəzəri fizika elminin inkişafında ən öncül 
						yerlərdən biri ingilis nəzəriyyəçisi Pol Adrien Moris 
						Diraka məxsusdur. Hər hansı elm klassiki haqqında 
						danışanda, ilk növbədə, onun adı ilə bağlı olan elmi 
						kəşflər, tədqiqat işlərinin sayı qeyd olunur. Bu 
						kriteriya əsas götürülsə, onda XX əsrdə fizikanın lideri 
						qismində Pol Dirak çıxış edir. Onun adı ilə bağlı olan - 
						Dirak tənliyi, Dirak matrisası. Dirak delta-funksiyası,  
						Dirak ikinci kvantlama metodu, Dirak monopolu, 
						Fermi-Dirak statistikası, Dirak "dənizi", Dirak 
						yaxınlaşması, Dirak antimateriyası kvant mexanikasına 
						dair dərsliklərə düşmüş terminlərin bir qismidir.  O, 
						pozitronun varlığını əvvəlcədən xəbər verib,  təkrar 
						kvantlama metodunu təklif edib, kvant elektrodinamikası 
						və qravitasiyanın kvant əsaslarını qoyub. 1933-cü ildə 
						Nobel mükafatına layiq görülüb. 1999-cu ildə Britaniya 
						Fizika Cəmiyyəti tərəfindən nəşr olunan "Fizika dünyası" 
						("Physics World") jurnalının alimləri arasında 
						keçirilmiş rəy sorğusu tarixdə ən məşhur 10 fizikin 
						adını müəyyənləşdirib: 1. Albert Eynşteyn; 2. İsaak 
						Nyuton; 3. Ceyms Klark; 4. Nils Bor; 5. Verner 
						Heyzenberq; 6. Qalileo Qaliley; 7. Riçard Feynman; 8. 
						Pol Dirak; 9. Ervin Şredinger; 10. Ernest Rezervord.  
						Pol Dirak bu siyahıda şərəfli yer tutub.    
						
						  
						
						
						
						Uşaqlıq illəri  
						
						
						 Pol 
						Dirak 1902-ci il avqustun 8-də İngiltərənin  Bristol 
						şəhərində  anadan olub. Onun atası Çarlz Dirak gənclik 
						illərində İsveçrənin Mifoni əyalətindən İngiltərəyə 
						köçmüş emiqrant idi.  O, ingiltərəli gəmi kapitanının 
						qızı  Florens Xolten ilə ailə qurmuşdu.  Ailə yalnız 
						1919-cu ildə Britaniya vətəndaşlığını almışdı.  Emiqrant 
						ailəsi olduqca qapalı həyat tərzi sürürdü. İngilis 
						cəmiyyətində gəlmələrə ehtiyatlı münasibət hökm 
						sürürdü.  Sükut, utancaqlıq, özünə qapalılıq, tənhalıqda 
						düşüncələrə dalmaq və tək-tənha uzunsürən gəzintilər 
						Polun bütün həyatı böyunca əsas xarakterik cəhətləri 
						olub.  Ailədə 3 uşaq var idi. Qardaşı Recinald 2 yaş 
						ondan böyük, bacısı Beatris 4 yaş kiçik idi. Recinaldın 
						həyatı faciəli surətdə bitib. 1924-cü ildə o, intihar 
						edib. Atası haqqında Dirak yazırdı: "Mənim atam ailədə 
						belə bir qayda qoymuşdu ki, mən onunla yalnız fransız 
						dilində danışmalıyam. O düşünürdü ki, bu, mənim fransız 
						dilini öyrənməyim üçün yaxşı vasitədir. Lakin mən 
						müəyyən etdim ki, öz fikirlərimi fransız dilində ifadə 
						edə bilmirəm. Buna görə də susmağa üstünlük verdim. 
						Beləliklə də mən azdanışan oldum".   Balaca Pol əvvəlcə 
						Bişop Roud ibtidai məktəbinə gedib, sonra 12 yaşı tamam 
						olanda Merçent Texniki Kollecində orta təhsil alıb. Hər 
						iki məktəb Bristolda yerləşirdi. Onun atası da bu 
						kollecdə fransız dili müəllimi işləyirdi.  Şagirdləri 
						onu sevmirdilər, o, çox sərt və tələbkar idi. Ola bilsin 
						ki, şagirdləri onun pedaqoji priyomlarının 
						effektivliyini o qədər də başa düşmürdülər. Məktəb 
						illəri barədə Dirak sonralar yazırdı: "Bu, çox gözəl 
						məktəb idi. Burada elm və müasir dillər çox yaxşı tədris 
						olunurdu. Orada latın, yunan dili yox idi, mən buna şad 
						idim, çünki qədim mədəniyyət dəyərlərini başa 
						düşmürdüm...   O qədər də uğurlu olmasa da, mən futbol 
						oynayırdım.  Lakin məktəb illəri ərzində məndə elmə 
						güclü maraq yaranır və inkişaf edirdi. Mən Birinci Dünya 
						müharibəsi illərində, 1914-1918-ci illər ərzində burada 
						oxumuşam.  Şagirdlərin çoxu orduya cəlb olunmuşdu. 
						Nəticədə yuxarı siniflər boşalmışdı.  Boşluğu doldurmaq 
						üçün aşağı sinif şagirdlərini onların öhdəsindən gələ 
						biləcəyi dərəcədə yuxarı siniflərə keçirmişdilər. Bu, 
						mənə sərfəli idi. Mən aşağı sinifləri sürətlə keçərək 
						çox erkən yaşda riyaziyyat, fizika, kimyanı ən yüksək 
						səviyyədə mənimsəmişdim. Riyaziyyatı mən kitablardan 
						öyrənmişdim, bu kitablar mənə sinifdə öyrədiləndən də 
						çox məlumat verdi".  
						
						
						 Məktəbdə 
						Dirakın elmə olan marağını tez qiymətləndiriblər. 
						1918-ci ildə Dirak atasının təklifi ilə Bristol 
						Universitetinin elektrotexnika fakültəsinə daxil olub. 
						O, buranı 1921-ci ildə "əla" qiymətlərlə başa vurub. 40 
						il sonra Dirak yazırdı:  "Mən özüm üçün müəyyən etmək 
						istəyirdim ki, mühəndislik şöbəsində oxumağım mənə necə 
						təsir edib. Mən universiteti başa vurduqdan sonra bu 
						ixtisas üzrə işləmədim, lakin bu təhsil ocağı mənim 
						ümumilikdə elmə olan yanaşmamı kökündən dəyişdi. Hər 
						şeydən əvvəl, məni dəqiq tənliklər maraqlandırırdı. 
						Mühəndislik hazırlığım isə mənə yaxınlarıma qarşı daha 
						təmkinli olmağıma kömək edirdi.  Mən hesab edirəm ki, 
						mühəndislik fakültəsində oxumasaydım, sonrakı illərdə 
						məşğul olacağım fəaliyyət sahəsində ciddi uğur qazana 
						bilməzdim".   
						
						
						
						Alimləri heyrətləndirən gənc tələbə  
						
						
						Dirak kifayət qədər qeyri-adi tələbə olub. O, 
						mühazirələrdə yalnız əsas ideyaları anlamağa çalışırdı. 
						Qalan materialı o, müstəqil surətdə kitablardan və 
						orijinal məqalələrdən öyrənirdi. Bu cür öyrənmə 
						gedişində Dirak bəzən artıq bir çox yaşlı alimlərə tanış 
						olan və geniş müzakirə olunan  problemlərin daha 
						mükəmməl və yeni həll variantlarını tapırdı. Onun ilk 
						elmi məqalələri də belə yaranıb.   
						
						
						 Pol 
						Dirak Bristol Universitetinin mühəndislik fakültəsində 
						oxuduğu illərdə çox önəmli hadisələr baş verdi. Nisbilik 
						nəzəriyyəsi bütün dünyanı sarsıtmışdı. İnsanların 
						şüuruna dərindən təsir etmiş bu hadisənin səbəblərini 
						görmək çətin deyildi. "Biz dəhşətli müharibə illərini 
						yaşamışdıq... Hamı bir şeyi - müharibəni unutmaq 
						istəyirdi. Və elə bu məqamda nisbilik nəzəriyyəsi 
						meydana çıxdı. Bu, müharibədən qaçış idi. Mən hələ 
						tələbə  idim. Məkan və zaman arasındakı münasibət məni 
						çox maraqlandırırdı. Bu barədə çox düşünürdüm. Mənim 
						üçün tam aydın idi ki, zaman digər ölçülərə çox 
						oxşardır. Və mənim ağlıma belə bir fikir gəldi ki, zaman 
						və məkan arasında hansısa əlaqə ola bilər. Və biz ona 
						ümumi  dördölçülü nöqteyi-nəzərdən, lakin vahid həndəsə 
						gözü ilə  baxmalıyıq. Lakin o vaxt məlum olan  yeganə 
						həndəsə Evklid həndəsəsi idi", - bu, tələbə gəncin  elm 
						və təbiət qanunları barədə ilk düşüncələri idi. 1921-ci 
						ildə Dirakın mühəndis ixtisası üzrə iş tapmaq cəhdləri 
						nəticəsiz qaldı. Lakin xoşbəxtlik nəticəsində ona 
						Bristol Universitetində 2 il ərzində riyaziyyatı  pulsuz 
						tədris etmək təklif olundu. Bu illər Dirakın elmi 
						karyerası üçün başlanğıc hesab oluna bilər. 1923-cü ildə 
						Dirak Elmi və Sənaye Tədqiqatlar Departamentinin 
						təqaüdünü alaraq Kembric Universitetinə işə qəbul 
						olunur. 10 il sonra o, Cozef Larmoru əvəz edəcək və 29 
						yaşında Kembricdə bir vaxtlar İsaak Nyutonun rəhbərlik 
						etdiyi riyaziyyat kafedrasına başçılıq  edəcək. 
						 
						
						
						 1923-cü 
						ildə Dirak öz arzusunu reallaşdırdı, o, Kembric 
						Universitetinin aspirantı olub. Elmi rəhbər seçimində 
						xoşbəxt təsadüf üzünə güldü. Dirak nisbilik nəzəriyyəsi 
						problemi ilə məşğul olmaq və professor Kanninqxemin 
						yanında işləmək niyyətində idi. Lakin o, ikinci bir 
						assistent götürmək istəmədiyini bildirmişdi. Nəticədə,  
						Polun elmi rəhbəri Ralf Qovard Fauler təyin olundu. O, 
						Dirakı  Ernest Rezervord, Nils Bor, Arnold Zommerfeldin 
						atomun quruluşuna həsr olunmuş işləri ilə tanış etdi. O 
						zaman Kembric atom nəzəriyyəsinin inkişafında dünya 
						mərkəzi rolunu oynayırdı.  Burada Cozef Tompson, Ernest 
						Rezervord, Pyotr Kapitsa, P.Blekket, C.Çedvik, H.Heyqer, 
						E.Marsden, C.Kokroft, M.Olifant kimi adları nəzəri 
						fizika elminə qızıl hərflərlə yazılmış alimlər 
						çalışırdı.  
						
						
						İlk vaxtlarda atomlar Dirak üçün tamamilə hipotetik 
						obyektlər idi, Plank və Eynşteynin kvant ideyaları 
						barədə isə onun az da olsa məlumatı yox idi. Artıq 2 il 
						sonra Britaniya Kral Cəmiyyətinin nüfuzlu elmi 
						məcmuəsində Dirakın 12 səhifəlik "Kvant mexanikasının 
						əsas tənlikləri" məqaləsi, daha üç il sonra "Elektronun 
						kvant nəzəriyyəsi" məqaləsi dərc olunub. Onun bu 
						məqalələri fizikada əsl inqilab idi.  Dirak 31 yaşında 
						kvant elminin hamı  tərəfindən qəbul olunan liderinə  
						çevrildi. Kvant mexanikasının banilərindən biri oldu, 
						kvant elektrodinamikasının və kvant elektronikasının 
						əsasını qoyaraq antimateriyanın mövcudluğunu xəbər 
						verdi. Tezliklə London Kral Cəmiyyətinin üzvü seçildi.
						 
						
						
						Ralf Qovard Fauler aspirantı Dirak qarşısında belə bir 
						məsələ qoydu: "Bor orbitləri ideyasını daha mürəkkəb 
						sistemlərə necə tətbiq etməli?". Borun nəzəriyyəsilə 
						tanış olan Dirak onun qeyri-ardıcıllığından heyrətə 
						gəlib. O hesab edirdi ki, müəyyən şərtlər daxilində 
						Nyutonun dinamika qanunları elektronların atomdakı 
						hərəkətinin təsvirini verə bilərdi.   
						
						
						
						"Dirak Nobel mükafatından imtina etməyə hazır idi..."  
						
						
						Pol Dirakın "Kvant mexanikasının əsas tənlikləri"  
						məqaləsi onun üçün elitar "Kvant mexanikasının 
						yaradıcıları" adlandırılan klubun üzvü olmasında 
						buraxılış vərəqi oldu. Klubun üzvləri çox gənc idilər - 
						Volfqanq  Paulinin 25, Verner Heyzenberqin 24, Pol Dirak 
						və Paskual İordanın 23 yaşı vardı. Dirak faktiki olaraq 
						köhnə klassik mexanika və yeni kvant mexanikası arasında 
						körpü qurdu. Onun üçün yeni elmi nəticələrin əldə 
						olunması özünəməxsus məşğuliyyətə çevrildi. 1926-cı ilin 
						mayında Dirak Kembricdə "Kvant mexanikası" mövzusunda 
						doktorluq dissertasiyası müdafiə edib. Elə həmin vaxt 
						avstriyalı nəzəri-fizik Ervin Şredingerin dalğa 
						nəzəriyyəsi işıq üzü gördü. Əvvəlcə Dirak dalğa 
						mexanikasını qəbul etmədi, çünki artıq Heyzenberqin 
						kvant mexanikası mövcud idi.  Digər tərəfdən, Şredinger 
						Diraka məlum olmayan dalğa funksiyası aparatından 
						istifadə etmişdi.  Bundan başqa, Şredinger bir müddət 
						ümid edirdi ki, fizikanı klassik vəziyyətə qaytarmaqla 
						onun ideyasını ləğv edəcəklər. Lakin yeni aparatı 
						mənimsəməklə  dalğa funksiyasının simmetriya xassələri 
						barədə düşünən Dirak italiyalı fizik Enriko Fermidən 
						xəbərsiz kvant ədədlərinin statistik nəzəriyyəsini 
						(Fermi-Dirak statistikası) hazırladı. Tezliklə Dirak 
						bütün fiziklər üçün gözlənilməz olaraq müəyyən etdi ki, 
						V.Heyzenberq və E.Şredingerin təsvirləri ideyaca 
						bir-birinə əks olsa da eyni bir kvant qanunlarının 
						müxtəlif təqdimatlarıdır. Tezliklə Dirak kvantlama 
						prosesini  E.Şredingerin dalğa tənliyinə tətbiq etdi. 
						Dirakın adı ilə bağlı olan təkrar kvantlama nəzəriyyəsi 
						belə yarandı. Fizika elminin yaşlı nəsli tələbə 
						auditoriyasını yenicə tərk etmiş gənc tədqiqatçının 
						dərin zəkasının, geniş erudisiyasının məhsulu olan bu 
						işləri heyranlıqla qarşıladı.    
						
						
						1927-ci ildə Dirak kvant mexanikasının relyavistik 
						ümumiləşdirməsi məsələsinin həllinə başlayıb. Bu məsələ  
						elm üçün xüsusilə aktual əhəmiyyət daşıyırdı. Çünki 
						elektronların atomdakı sürəti işıq sürəti ilə müqayisə 
						olunurdu.  Nisbilik nəzəriyyəsi və kvant mexanikasının 
						sintezi  Dirakın başlıca elmi nailiyyəti idi. 
						 
						
						
						1933-cü ildə Pol Dirak "atom nəzəriyyəsinin inkişafında 
						səmərəli istiqamətlərin kəşfinə və onların tətbiqinə 
						görə" Nobel mükafatına layiq görülüb.  Əvvəlcə Dirak 
						mükafatdan imtina etməyə hazır idi, çünki diqqəti özünə 
						cəlb etməyi sevmirdi, lakin Ernest Rezervord onu başa 
						sala bilmişdi ki, əgər mükafatdan imtina edərsə, bununla 
						daha çox diqqəti özünə cəlb etmiş olacaq. Yalnız bundan 
						sonra o, mükafatı qəbul etməyə razılıq verib. O, 
						Stokholma Nobel mühazirəsinə qulaq asmaq üçün anasını da 
						dəvət etmişdi. Dirak üçün nə qədər acı olsa da, Nobel 
						mükafatı ona daha çox məşhurluq qazandırdı.   
						
						
						
						Riyazi tənliklərlə oynayan alim  
						
						
						Pol Dirakın tədqiqatlarından doğan nəticələr hamı üçün 
						maraqlı idi. Elmi ictimaiyyətin maraq dairəsində olan 
						Dirakın riyazi tənliklərlə oynaması diqqətçəkici idi. 
						Nobel mükafatı laureatı Abraham Paysa görə, onun 
						davranışını belə ifadə etmək olardı: "...Əvvəlcə 
						riyaziyyat xatirinə gözəl riyaziyyatla oyna. Sonra, bax 
						gör, bu, yeni fizikaya aparır, ya yox...". Pol Dirak özü 
						də riyazi nəticələrin gözəlliyinə dair belə yazırdı: 
						"Mənim xarakterik cəhətim, düşünürəm ki, ondadır ki,  
						mənim riyazi nöqteyi-nəzərdən gözəl tənliklərlə 
						oynamaqdan xoşum gəlir". Onun sözlərinə görə, apardığı 
						elmi tədqiqatlarda başlıca məqam gözəl riyaziyyat 
						axtarışıdır.  Sonradan ola bilər ki, bu elmi iş hansısa 
						sahədə tətbiq oluna bilər. O olduqca təvazökar idi. 
						Bildirirdi ki, "mənim şəxsi xidmətlərimin bu cür böyük 
						əhəmiyyəti yoxdur". Dirak hansı riyaziyyatı gözəl hesab 
						edirdi? "Tədqiqatçı öz cəhdlərində təbiətin fundamental 
						qanunlarını riyazi formada ifadə etməlidir, o, başlıca 
						olaraq riyazi gözəlliyə can atmalıdır. O, sadəliyə 
						gözəlliyə tabe olan keyfiyyət  kimi baxmalıdır.  
						Gözəllik və sadəliyin toqquşduğu məqamlarda üstünlük 
						gözəlliyə verilməlidir".  
						
						
						Dirak çox qapalı insan idi, o, heç vaxt digər insanlar 
						və ötən hadisələr barədə xatirələrini heç kimlə 
						bölüşməzdi. Nadir hallarda öz fikrini bildirərdi. Bir 
						neçə dəfə o, hər halda öz emosiyalarını işdə ifadə edib. 
						Alimə sual veriləndə ki, onun adını daşıyan tənliyi  
						(Dirak tənliyi) kəşf edərkən hansı hissləri keçirib, o, 
						belə deyib: "İlk növbədə güclü narahatçılığım onunla 
						bağlıdır ki, bu iş düzgün qəbul olunacaq, ya yox... Bu, 
						üstün hissdir. Bu,  daha çox əsəb gərginliyidir...". 
						Onun sözlərinə görə,  ümidlə yanaşı çox vaxt qorxu da 
						baş verir.  
						
						
						Bütün həyatı boyu Dirak, dəqiq və qeyri-şairanə, eleqant 
						nitq stilini qoruyub saxlayıb, fikirlərini ifadə etmək 
						üçün çox az sözlərdən istifadə edib. Bir dəfə rus alimi, 
						Nobel mükafatı laureatı Pyotr  Kapitsa ona oxumaq üçün 
						M.Dostoyevskinin "Cinayət və cəza" kitabını verir. O, 
						kitabı belə şərh edib: "Kitab yaxşıdır, lakin müəllif 
						bir yerdə səhv buraxıb, o, Günəşin eyni bir gündə iki 
						dəfə çıxdığını yazır". Bir dəfə amerikalı fizik Robert  
						Oppenqeymer (Nobel mükafatı laureatı) oxumaq üçün Diraka 
						bir neçə kitab verir. Lakin Dirak nəzakətlə kitablardan 
						imtina edərək bildirir ki, kitab oxumaq ona düşünməyə 
						mane olur.   
						
						
						Dirak həmkarları və tələbələri arasında xüsusi 
						punktuallığı və sakit xarakteri ilə məşhur idi. Onun 
						həmkarları Kembricdə zarafatla dəqiqlik vahidi olaraq 
						dirac vahidini müəyyən etmişdilər. Bir dəfə Nils Bor 
						yazdığı elmi məqaləni hansı cümlə ilə bitirməkdə 
						çətinlik çəkdiyindən şikayətlənib. Dirak ona belə cavab 
						verib: "Müəllimlərim mənə məktəbdə cümləni onun sonunu 
						bilmədən yazmamağı öyrədiblər".  O, Robert Oppenqeymerin 
						poeziyaya olan  marağını tənqid edirdi: "Elmin məqsədi 
						çətin şeyləri daha  sadə vasitələrlə asan başa düşülən 
						etməkdir. Poeziyanın məqsədi sadə şeyləri  anlaşılmaz 
						vasitələrlə çatdırmaqdır.  Bunlar bir araya sığmazdır". 
						  
						
						
						
						Şəxsi həyatı barədə danışmağı sevməzdi  
						
						
						Nobel mükafatı laureatı Abraham Pays "Elm dahiləri" 
						kitabında yazırdı: "Dirak barəsində çox dəqiq deyilib 
						ki, onun həyatı əsasən elm olub, elm isə fizikadır. 
						Dirak asketik həyat tərzi keçirib. Komfort və dəbdəbəli 
						həyata soyuq münasibəti ilə o, İndira Qandi ilə müqayisə 
						olunurdu. O, heç vaxt içkiyə maraq göstərməyib, siqaret 
						çəkməyib. Geniş reklam olunmaqdan və şan-şöhrətdən 
						qaçıb. Baxmayaraq ki, hər yerdə ona iltifat göstərir və 
						hədiyyələrə qərq edirdilər. O, ateist idi. Lakin onun 
						xanımı Marqaret qeyd edirdi ki, "Dirak heç də ateist 
						olmayıb. Biz kilsədə dəfələrlə diz çökərək dualar 
						etmişik".  
						
						
						O şəxsi həyatı barədə danışmağı sevməzdi . Bir dəfə 
						ondan Florida Universitetində mühazirə oxumağı xahiş 
						edirlər. O, isə "Yox. Mənim deyiləsi sözüm yoxdur. Mənim 
						həyatım uğursuz olub..." deyərək şəxsi həyatı ilə bağlı 
						söhbətdən qaçıb. Şəxsi həyatı əvəzinə o, sonsuzluğa 
						qədər kvant termodinamikası barədə danışmaqdan 
						yorulmazdı. Dahi insanlar üçün bu cür tipik münasibət 
						adidir. Onların öz fikrincə,  uğursuzluqlar uğurları 
						artırır.  "Bütün fiziklər arasında ən təmiz ürəkli 
						Dirakdır. O, hardasa, bir qədər mənə Eynşteyni 
						xatırladır: əsrin ən böyük fiziklərindən biri öz məktəbi 
						olmadan öz yolunu seçməkdə hər zaman müstəqildir. O 
						hesab edir ki, fiziki nəzəriyyəyə gözəllik və sadəlik 
						lazımdır. Və son illərdə o, fizikanın inkişafı üçün daha 
						çox riyaziyyata bağlıdır. Ölüm ayağına qədər sırf 
						tədqiqatçılıq fəaliyyətini davam etdirib. Digər 
						mənalarda mən onu xatırlada biləcək kimsəni tanımıram", 
						- deyə Nils Bor Pol Dirak barədə yazırdı.  
						
						
						Elmi dairələrdə Dirak həddən artıq susqun və o qədər də 
						ünsiyyətcil olmayan şəxs kimi tanınırdı. Dostları və 
						tanışları onun söhbət zamanı üzə çıxan məsələlərə 
						gözlənilməz və bəzən qəribə müdaxilələrindən heyrətə 
						gəlirdilər. Lakin sonradan onun bəhs olunan məsələyə 
						dair iradları təbii qarşılanar və məntiqi 
						əsaslandırılmış hesab olunardı. Çoxları son sözü ondan 
						eşitmək itəyirdi. Məşhur fizik Abraham Pays "Elm 
						dahiləri" kitabında yazır: "Bir dəfə Borun evində musiqi 
						gecəsi idi. Musiqini sevməyn gənc Landau (bakılı Nobel 
						mükafatı laureatı Lev Landau) darıxır, əl-qol atmaqla 
						ətrafdakılara mane olurdu. "Bir halda ki, siz musiqini 
						sevmirsiniz, niyə bağa gəzməyə getməyəsiniz?", - deyə 
						Dirak ona müraciət etdi. "Bəli, mən musiqini məndən daha 
						çox görmək istəməyən xanım Kazimirə bağa getməyə təklif 
						etdim, lakin o, istəmədi", - deyə Landau cavab verdi.  
						Dirak bir az fikrə dalaraq mükaliməyə son qoydu: "Ola 
						bilsin ki, bağda sizinlə gəzmək onun üçün musiqiyə qulaq 
						asmaqdan daha xoşagəlməzdir".   
						
						
						
						Albert Eynşteyn onun qeyri-adiliyini etiraf etmişdi
						
						
						  
						
						
						Ümumiyyətlə, Dirakın elmi karyerası çox sürətli və 
						parlaq olub.  24 yaşında doktorluq dissertasiyası 
						müdafiə edib, 4 il sonra İngiltərə Kral Cəmiyyətinin 
						(Akademiyasının) üzvü seçilib. 30 yaşında professor olub 
						və 36 il Kembricdəki məşhur Lukask kafedrasına rəhbərlik 
						edib. 31 yaşında Nobel mükafatına layiq görülüb. 
						
						
						Pol Dirak kvant mexanikası və kvant elektrodinamikası 
						sahəsində ilk alimlərdən biri olub. 1930-cu ildə o, 
						elektronun ekvivalent antihissəciyə, pozitrona malik 
						olmasını xəbər verib. O vaxt bu ideya bəzi fiziklər 
						tərəfindən skeptik və   istehza ilə qarşılanıb. İki il 
						sonra isə pozitronun mövcudluğu  təcrübi yolla təsdiq 
						olunub. O, Nobel mükafatına layiq görülmüş ən gənc 
						nəzəri fizikdir. Dirak ən yüksək dərəcədə təkrarsız  
						insan idi. Hətta məşhur Eynşteyn onun qeyri-adiliyini 
						etiraf etmişdi. "Mənim Dirakla bağlı çətinliyim var".   
						"Bu dahilik və zəka arasında başgicəlləndirici dərəcədə 
						balanslaşdırmadır".  Uzunsürən susqunluğu və ətrafda baş 
						verən hadisələrə qeyri-emosional münasibətinə görə 
						tanınan Dirak başqa insanların bəyanatlarını daha 
						sərrast şərh edə bilirdi.  Universitet auditoriyası 
						keçmiş istənilən fizik Dirak tənliyi, Dirak 
						delta-funksiyası,  Enriko-Dirak statistikası, Dirak 
						monopoliyası barədə bilir, lakin o, təkcə alim kimi yox, 
						şəxsiyyət kimi böyük və maraqlıdır.  Eynşteyn onun 
						barəsində çox gözəl demişdir: "Bu gözəl insanın mənəvi 
						keyfiyyətləri  intellektual nailiyyətlərdən daha çox 
						gələcək nəsillər üçün daha böyük əhəmiyyətə malikdir. 
						Sonuncu keyfiyyət isə özü  mənəviyyatın böyüklüyündən, 
						onun adətən gizli qalan ölçüsündən asılıdır".   "Onun 
						böyük kəşfləri sanki bir-birinin ardınca göydən yerə 
						düşən, çox zərifcəsinə işlənmiş  mərmər heykəllərdir.  
						Elə görünürdü ki, o, təbiət qanunlarını təmiz 
						düşüncələrdən yarada bilər",- deyə məşhur ingilis 
						fiziki, kvant termodinamikasının banilərindən biri 
						Friman Dayson Dirak barədə yazırdı. Dostu Verner 
						Heyzenberq deyirdi ki, Dirak  öz elmi tədqiqatlarında 
						çox çətin dağ zirvəsini fəth etməyə hazırlaşan 
						alpinistlərə oxşayır.   
						
						
						
						Tələbələrindən dəqiqlik tələb edən müəllim  
						
						
						Dirakın kvant mexanikasına dair kitabları onun 
						tələbələrinə oxuduğu mühazirə materiallarından təşkil 
						olunub. Bütövlükdə Dirakın 200-ə yaxın elmi işi işıq üzü 
						görüb. O, təklikdə işləməyə üstünlük verirdi və heç bir 
						məktəb yaratmamışdı.  Dirak haqqında yazırdılar ki, o, 
						hətta insan yaşamayan adada belə, işləmək qabiliyyətinə 
						malik olan  tək-tək alimlərdən biridir. Tədqiqatçılar 
						axtarıb tapmaq onun xarakterinə yad olsa da, o, hər 
						halda çoxsaylı namizədlik dissertasiyalarının rəhbəri 
						olmuşdu.  Elmi məqalə yazanda və ya mühazirə oxuyanda 
						Dirak özünün diqqətlə seçdiyi ifadələri dəyişməyə lüzum 
						görməzdi.  Əgər auditoriyadan kimsə ona qaranlıq qalan 
						hər hansı bəndin yenidən izah olunmasını xahiş edərdisə, 
						alim yenə də əvvəl söylədiyi fikirləri sözbəsöz təkrar 
						edərdi. Onun mühazirələrinin stili yüksək dərəcədə 
						heyranedici idi. Alim fikirlərini çox dəqiq ifadə 
						edirdi, tələbələrindən də dəqiqliyi tələb edirdi.  
						Tələbələrindən biri Dirakın aydın, qüsursuz 
						mühazirələrini Baxın musiqi əsərləri ilə müqayisə 
						etmişdi.   "Əgər siz düzgün yol seçmisinizsə, kəşf sizin 
						tərəfdən hər hansı səy olmadan özü sizi tapacaq", - deyə 
						Dirak tələbələrinə deyərdi.   
						
						
						Dirakın sadə görünən kəşfləri bir neçə il alimlərə 
						rahatlıq vermədi, bu kəşflər yeni axtarışlara stimul 
						verdi.  1925-1933-cü illər ərzində özünü XX əsrin ən 
						aparıcı fiziklərindən biri kimi göstərən Dirak elmin 
						simasını dəyişmiş, nəzəri  fizikanın sərhədlərini 
						genişləndirmişdir. 1970-ci ildə o, ABŞ-ın Florida 
						ştatındakı  Tallaxassi Universitetinə professor 
						vəzifəsinə dəvət olunmuşdu və ömrünün sonlarına kimi 
						burada çalışmışdır.  Onu Amerikanın Nyu-York, Mayami və 
						digər nüfuzlu universitetləri də işə dəvət edirdi. Lakin 
						o, bütün təkliflərdən imtina etmişdi. Səbəbi isə onda 
						idi ki, alim universitetə piyada getməyi xoşlayırdı.  
						İkinci Dünya müharibəsi illərində Dirak uranın qaz 
						sentrifuqası ilə zənginləşdirilməsi sahəsində çox mühüm 
						nəzəri və eksperimental tədqiqatlar aparıb. 1972-1982 
						-ci illər onun həyatında məhsuldar dövr olub. Son 12 
						ildə alim 60 elmi iş dərc etdirmişdir. Fiziki qanunların 
						gözəlliyi alim üçün bir norma idi. 1925-ci ildə Moskva 
						Dövlət Universitetinin tələbələri qarşısında çıxış 
						edərkən onlara tabaşirlə yazı lövhəsində belə bir 
						nəsihət yazmışdı: "Fiziki qanunlar riyazi olaraq gözəl 
						olmalıdır".     
						
						
						
						Şəxsi həyatı  
						
						
						Pol Dirakın yaradıcı həyatı onun çoxsaylı elmi 
						kəşflərində əksini tapıb. Dirak öz iş rejimini belə 
						təsvir edirdi: "Həftə ərzində problemlər üzərində 
						intensiv düşüncələr. Bazar günü isə istirahət, şəhər 
						ətrafında tənha gəzintilər".  Təbiət gözəllikləri Dirakı 
						məftun edirdi, o, xüsusən da dağları çox sevirdi.  
						Həyatda o, həmişə təvazökar olub, ola bilsin ki, məhz 
						buna görə onun haqqında az şeylər məlumdur. 1937-ci ildə 
						o, amerikalı nəzəri-fizik Cucin Pol Viqerin bacısı 
						Marqaret ilə evlənib. Onların iki qızı doğulub. Dirakın 
						görkəmli sovet fiziki, Nobel mükafatı laureatı Pyotr 
						Kapitsa ilə dostluğu 60 il davam edib. Onlar ötən əsrin 
						20-ci illərində Kembricdə tanış olmuşdular. Sovet rejimi 
						Kapitsaya Rusiyanı tərk edərək Londona qayıtmağı qadağan 
						edəndə Dirak dəfələrlə dostuna baş çəkmək üçün SSRİ-yə 
						gəlib. Həyatda olduqca qapalı, fikrini yığcam söyləyən, 
						utancaq xarakteri ilə seçilən Dirak Kapitsanın tam əksi 
						idi, lakin ona ruhən bağlı, ona qarşı çox diqqətcil idi. 
						Dirakı daha bir dostu, İqor Tamm (sovet fiziki, Nobel 
						mükafatı laureatı) ilə elmdən əlavə alpinist yürüşləri 
						bağlayırdı. Onlar 1936-cı ildə birlikdə Qafqazın və 
						Avropanın ən hündür zirvəsi olan Elbrusu fəth 
						etmişdilər.  
						
						
						Pol Dirak 1984-cü il oktyabrın 20-də 82 yaşında vəfat 
						edib. O, Tallaxassidə Rouzlond qəbiristanlığında dəfn 
						olunub. Bu, onun ailəsinin xahişi idi. O bu dünyanı tərk 
						etdiyi yerdə torpağa tapşırılmalı idi.   
						
						
						
						Hazırladı: Oruc MUSTAFAYEV  |