| 
						 
						
						 1998-ci 
						ildə Bakıda anadan olan Əli Məlikov  2007-ci ildə  
						R.Behbudov adına  2 nömrəli musiqi məktəbinin tar 
						ixtisası üzrə  I sinfinə qəbul olunub. İlk günlərdən 
						çalışqanlığı və  istedadı ilə  seçilib.  Çox keçməyib 
						ki,  məktəb, rayon, ümumşəhər tədbirlərində çıxış edib. 
						Müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət 
						Filarmoniyasında, R.Behbudov adına  Mahnı teatrında, 
						Kirxa konsert  zalında solo çıxışları maraqla 
						qarşılanıb. 2009-cu ildə  məktəbin Azərbaycan  Dövlət 
						Filarmoniyasında keçirdiyi konsertdə də   Əli əsl 
						bacarıq və istedad  nümayiş etdirib. 2010-cu ilin 
						mayında  M.Maqomayev adına Azərbaycan Dövlət 
						Filarmoniyasında Azərbaycan  Respublikasının xalq 
						artisti Teymur Göyçayevin rəhbərliyi ilə  keçirilən  
						ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan 
						konsertdə III sinif şagirdi  Əli Məlikov  Y.Bramsın 
						"Macar  rəqsi" əsərini məharətlə ifa edib.  Xalq çalğı 
						alətləri üzrə  II respublika müsabiqəsi qaliblərinin 
						yekun konsertində  o, uğurla çıxış edərək  I dərəcəli 
						diploma layiq görülüb. 2012-ci ilin aprelində  
						Beynəlxalq Muğam Mərkəzində  xalq artisti Bülbülün 115 
						illik yubileyinə həsr olunan festivalın yekun 
						konsertində  uğurla çıxış edən Əli diplom və medal 
						qazanaraq müəllimlərinə, valideynlərinə  böyük sevinc  
						bəxş edib. Qeyd edək ki, Əli Məlikov hazırda  Dövlət 
						Xalq Çalğı Alətləri Orkestrinin üzvüdür. O, Bakıdakı  7 
						nömrəli  tam  orta məktəbin  və R.Behbudov  adına  2 
						nömrəli Onbirillik  Musiqi Məktəbinin VIII sinif 
						şagirdidir. 
						
						
						Sevindirici haldır ki, Azərbaycan Respublikası 
						Prezidentinin 24  sentyabr 2012-ci il tarixli fərmanı  
						ilə Əli Məlikovun  adı Azərbaycanın gənc istedadlarının 
						"Qızıl kitabı"na yazılmaqla  o, Azərbaycan  Respublikası 
						Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb. 
						
						
						Bu münasibətlə  biz də yeniyetmə tarzəni  ürəkdən təbrik 
						edir, milli musiqimizin gələcəkdə inkişafına töhfələr 
						verəcəyinə əminliyimizi ifadə edirik.   
						
						
						Sifai SƏFƏROVA  |