| 
						 
						
						 Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də 
						Horadiz Şahmat Məktəbinin yenidənqurmadan sonra 
						açılışında iştirak etmişdir. 
						
						
						 Dövlətimizin başçısına məlumat verildi ki, ümumi sahəsi 
						500 kvadratmetr olan şahmat məktəbinin həyətində müasir 
						işıqlandırma sistemi qurulmuş, yaşıllıq zolağı 
						salınmışdır. Lazımi avadanlıq və havalandırma sistemi 
						ilə təchiz olunmuş məktəb binasının foyesində ümummilli 
						lider Heydər Əliyevin büstü ucaldılmışdır. Burada ulu 
						öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin 
						ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və 
						qayğını əks etdirən fotoguşə yaradılmışdır. 
						
						
						 Bildirildi ki, məktəbdə uşaqların və yeniyetmələrin 
						idmanın bu qədim növünün sirlərinə dərindən 
						yiyələnmələri üçün hər cür şərait vardır. Burada iki 
						sinif və müəllimlər otaqları, bir elektron sinif və 
						xidməti otaqlar fəaliyyət göstərir. Məktəbdə şahmatla 
						bağlı biliklərin əldə olunması və müasir yeniliklərin 
						qavranılması üçün ayrıca kompüter guşəsi də 
						yaradılmışdır. Bu da dərslərin kompüter vasitəsilə 
						keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə 
						öyrənilməsinə şərait yaradır.  
						
						
						
						AzərTAc  |