| 
						 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə şəhərində 
						elmi tədqiqat müəssisələrinin fəaliyyətinin 
						gücləndirilməsi və regiondakı mövcud elmi-texniki 
						potensialdan geniş istifadə olunmaqla, fundamental və 
						tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, 
						eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası 
						və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli 
						şərait yaradılması məqsədilə   
						
						
						
						QƏRARA ALIRAM:  
						
						
						1. Azərbaycan Milli Elmlər Akademiyasının bu sərəncamın 
						2.1-ci bəndində nəzərdə tutulmuş qurumları əhatə edən 
						Gəncə Bölməsi təsis edilsin. 
						
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						
						
						2.1. Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bu 
						sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş bölmənin 
						tərkibinə daxil edilmək məqsədi ilə Humanitar 
						Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, 
						Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, 
						Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar 
						İnstitutunun və Aqrar Problemlər İnstitutunun 
						yaradılmasını təmin etsin; 
						
						
						2.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll 
						etsin. 
						
						
						
						İlham ƏLİYEV, 
						Azərbaycan Respublikasının Prezidenti 
						Bakı şəhəri, 19 dekabr 2012-ci il  |